AZ

"Fransa terror törətmək planlarını işə sala bilər" - ŞƏRH EDİLDİ

“Rusiya paytaxtında baş verən terror hadisəsinin məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürsə də, Rusiya rəsmiləri və istintaq komitəsi bununla razılaşmaq istəmir. İzlərin açıq şəkildə Ukrayna, xüsusilə də Ukrayna üzərindən Fransaya gedib çıxdığını iddia edirlər. Təəccüblü deyil ki, Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini, keçmiş prezident Dmitri Medvedev də açıq şəkildə Moskva terrorunun arxasında Fransa və hazırki Makron hakimiyyətinin dayandığını bəyan edib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

O bildirib ki, burada müəyyən inandırıcı elementlər mövcuddur: “Çünki hazırki Fransa dünyanın müxtəlif bölgələrində, xüsusilə də Afrikada ciddi şəkildə mövqe itkilərinə məruz qalmaqdadır. Fransanın itirdiyi mövqelərə daha çox Rusiyanın daxil olma perspektivləri formalaşıb. Bu gün Afrikada Qərb geniş şəkildə Rusiya və Çinə məğlub olur. Hesab edirəm ki, bunun əvəzini çıxmaq üçün Fransa terror törətmək planlarını işə sala bilər.

Çox təəssüf ki, Fransa tarixində ən zəif və Fransa dövlətini gözdən salan hakimiyyət kimi yadda qalan Makron və onun komandası özlərinin “çılğın”, bir çox hallarda beynəlxalq prinsiplərə ziddiyyət təşkil edən planlarını reallaşdırmaq üçün qanunazidd addımları da məqbul hesab ediblər. Biz bunu Cənubi Qafqazda gedən proseslərdə Fransanın sərgilədiyi ədalətsiz davranışlarda da davamlı şəkildə görürük. Hətta bu gün də Fransa Ermənistanı qətllərə, müharibəyə sövq edən dövlət rolunda çıxış edir. Buna görə də Fransa haqqındakı məlumatlar həqiqətdən çox da uzaq görünmür. Lakin istənilən halda istintaqın nəticələri həqiqətləri gün üzünə çıxaracaq və terror hadisəsinin arxasında kimin dayandığını göstərəcək”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla