AZ

Qərbin “məxməri inqilablar” SSENARİSİ: Cənubi Qafqazda bu ölkə yeni qarşıdurma dalğası yaşanır – AÇIQLAMA

“Bütün postsovet məkanında yerləşən məmləkətlərə bağlı “məxməri inqilablar”ın ssenarisi həmişə gündəmdədir. Baxmayaraq ki, həmin inqilabların bəziləri ya iflasa uğradı, ya da nəticə verdi, lakin gözləntiləri doğrultmadı. Amma buna baxmayaraq, Qərb institutları bu cəhdlərdən yenə də əl çəkmirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Siyasi təhlilçi “Xarici agentlər haqqında” qanun layihəsinin ötən gün Gürcüstan parlamenti tərəfindən qəbul edilməsindən sonra paytaxt Tbilisidə baş verən etiraz aksiyalarına, habelə Qərb institutlarının Gürcüstana müdaxiləsindən söz açıb.

T. Abbasova görə, Gürcüstanın bəlası ondadır ki, ölkə prezidenti Salome Zurabişvili birbaşa Qərbin təlimatları ilə fəaliyyət göstərən bir siyasətçidir.
“Doğrudur, Gürcüstan parlament respublikasıdır, prezidentin sözü ikinci dərəcəlidir və Baş nazirin – hökumət rəhbərinin fikirləri həmişə ön xətdə gedir, lakin bütün bunlara baxmayaraq, Gürcüstanda bir cərəyanın mövcudluğu görünür: prezidentlə Nazirlər Kabineti arasında çox ciddi ixtilaflar var ki, bunlar da Şərq-Qərb seçimi üzərində özünü əks etdirir. Bunlar təsadüfi deyil, çünki Salome Zurabişvili bundan əvvəl Fransa Xarici İşlər Nazirliyində xüsusi bir bölmənin rəhbəri vəzifəsində çalışıb. Eləcə də o, özünün fəaliyyətindən, kredosundan və konsepsiyasından gizli bir kontent düzəltmir. Əksinə, prezident açıq-aşkar şəkildə bildirir ki, Gürcüstan birmənalı şəkildə Qərbə doğru inteqrasiya etməlidir, Avropa İttifaqı (Aİ) tərəfindən verilən müvəqqəti statusun üzərində çalışmalıdır ki, Aİ-yə üzv olsun. Ən əsası isə Zurabişvili düşünür ki, maksimal dərəcədə Rusiya və Rusiyameylli ölkələrdən uzaqlaşmaq lazımdır”, – T.Abbasov bildirib.

Politoloq diqqətə çatdırıb ki, gərək gürcü cəmiyyəti burada öz sözünü və rəyini bildirsin.
“Sirr deyil ki, milyona yaxın gürcü Rusiyada işləyir və dolayı yollarla ölkəsinə vəsaitlər göndərir. Yəni kiminsə istəyi ilə hər hansı ölkə ilə münasibətləri qırmaq, digər tərəfdən, “Xarici agentlərlə haqqında” qanunun qəbul edilməsində Rusiyanın, yaxud Şərq qütbünün üzünü görmək, buna qarşı amansız müharibə elan etmək və s. amillər yolverilməzdir. Sual oluna bilər ki, haqqında danışılan qanunverici aktın qəbul edilməsi nə ilə bağlıdır? Bu, faktiki olaraq Qərb institutlarının Gürcüstanın daxili işlərinə qarışmasının qarşısını almaq niyyəti ilə gündəmə gəlib”, – deyə o əlavə edib.

Mütəxəssis aydınlaşdırıb ki, burada Şərqlə Qərbin mübarizəsi gedir ki, qərblilər burada xüsusilə amansızcasına davranırlar:

“Onlar birmənalı şəkildə göstərirlər ki, istədiyi ölkələrdə hakim dairələr rotasiya və seçki yolu ilə dəyişilsin, o cümlədən onlara “baş üstə” deyənlərin sayı artsın. Amma Gürcüstan cəmiyyəti faktiki olaraq Rusiya və digər MDB ölkələri ilə itirdiyi əlaqələrin acısını yaşayırlar. Onlar həm torpaq itkisinə yol verdilər, digər tərəfdən, 2008-ci il müharibəsi gürcü xalqına heç lazım deyildi. Hansı ki, bu müharibə xaricdən gələn direktivlər yolu ilə reallığa çevrildi”.

Tarixə ekskurs edən analitik xatırladıb ki, hazırda həbsdə yatan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2004-cü ildə Qərbin siyasəti həyata keçirərək Gürcüstanda hakimiyyətdə gəldi və guya korrupsiyanın qarşısını aldı.

“Lakin sonralar bəlli oldu ki, onun dövründə işləyən nazirlər xaricdə hesablar açıblar və onların ölkədən çıxardığı külli miqdarda vəsaitlər orada yer alıb. Bu siyahıya Saakaşvilinin ailəsini də daxil etmək olar. Qısacası, baş verənlərin hamısı siyasi oyunbazlığın tərkib hissəsidir ki, indi də Gürcüstan uğrunda mübarizə gedir. Çünki Qərbə Cənubi Qafqazda Azərbaycan yox, Ermənistanla Gürcüstan lazımdır. Ona görə ki, onlar Orta Dəhlizin keçməsi ilə bağlı Azərbaycanın təklif etdiyi variantı birmənalı inkar edirlər və deyirlər ki, bu dəhliz Qara dəniz yolu ilə Gürcüstanın vasitəsilə keçməlidir ki, Ermənistanı da buraya cəlb etsinlər”, – deyə o bildirib.

T.Abbasov vurğulayıb ki, Qərbin müdaxilələri heç bir vaxt heç bir regiona, dövlətə xalqa müsbət nələrsə gətirməyəcək:

“Qərb çaxnaşma və qarşıdurma yaradır ki, öz siyasətini yeritsin. Bu baxımdan, Gürcüstan yeni qarşıdurma dalğasını yaşayır və bu, gürcü xalqına lazımsız olan bir cərəyandır. Çünki bunun heç bir müsbət keyfiyyəti özünü əks etdirmir, sadəcə, Qərbpərəstlərin ağzına bir “tikə” atırlar ki, onlar küçəyə çıxıb kursun dəyişilməsinin tərəfdarı olmasını dilə gətirsinlər. Bilmirəm, bu, gürcü xalqının istəyini və daxili aləmini nə dərəcə əks etdirir, ancaq alternativ mövqe olan qruplar da Gürcüstanda mövcuddurlar ki, onlar dünən öz sözlərini dedilər”.

Rafi Müslümov

Seçilən
187
23
Mənbələr
Şərh ()
Bağla