AZ

İsrail İrana cavab zərbəsi vursa, regionu nə gözləyir? - Politoloq açıqladı

Xəbər verdiyimiz kimi, İran aprelin 13-dən 14-nə keçən gecə İsrailə PUA və raketlərlə hücum edib. İran Silahlı Qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və \"yer-yer” sinfinə aid olan 110 raket atıb. Tehran bəyan edib ki, bu, aprelin 1-də ölkənin Dəməşqdəki (Suriya) konsulluğuna edilən hücuma cavabdır.

Digər tərəfdən, İsrail İranın hücumuna qarşı cavab tədbiri hazırlayır. Bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Hərbi Hava Qüvvələrinin Nevatim bazasına səfəri zamanı deyib. \"Biz gələcək addımları nəzərdən keçiririk. Pilotsuz uçuş aparatları və qanadlı raketlərlə hücuma cavab verilməlidir\", - Halevi deyib.

Bundan əvvəl \"The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb ki, İsrail tezliklə İranın İsrailin hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər.

Bəs İsrail İrana cavab zərbəsi vurarsa, regionu hansı təhlükələr gözləyir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İsrail-İran arasında qarşıdurma genişmiqyaslı müharibəyə gətirib çıxara bilər:

 

\"İran və İsrail arasında baş verən toqquşma tərəflər arasında yeni müharibənin başlanmasını özündə ehtiva edir. Amma İran konkret olaraq İsraillə hərbi toqquşmada maraqlı deyil. İsraildə isə İrana qarşı hərbi əməliyyatların keçirilməsi ilə bağlı çox ciddi fikir ayrılıqları var. Amerika Birləşmiş Ştatları, ümumilikdə Qərb bunun əleyhinədir, amma İsrailin baş naziri Benyamin Netenyahu İrana qarşı lokal hərbi əməliyyatlar keçirməyi planlaşdırır. Düşünürəm ki, ABŞ-də prezident seçkiləri öncəsi belə bir əməliyyatlar reallaşa bilməz. Bundan sonra İran İsrailə qarşı əməliyyatlarını genişləndirəcək. İsrail-İran arasında qarşıdurma genişmiqyaslı müharibəyə gətirib çıxara bilər”. 

Politoloqun sözlərinə görə, bu müharibə baş verərsə, region üçün təhlükə də qaçılmaz olacaq:

\"Bu da sözsüz ki, region ölkələr üçün bir təhdiddir. Həm Azərbaycan üçün, həm Türkiyə üçün təhlükəlidir. Türkiyə istər-istəməz bu münaqişənin tərəfi də ola bilər. Ümumilikdə götürsək, İsrail-İran müharibəsi region üçün birbaşa problemlər yaradacaq. Regionda iqtisadi, hümanitar təhlükəsizlik problemləri yarana bilər”.

Ayşən Mirzəyeva
Seçilən
29
32
Mənbələr
Şərh ()
Bağla