AZ

Azərbaycanda insan hüquqlarının qorunması beynəlxalq tələblərə uyğunlaşdırılır

Azərbaycan dövlətinin ali məqsədi vətəndaşlarının insan hüquq və azadlıqlarının təmin edilməsidir. 


Sfera.az xatırladır ki, dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bu istiqamətdə çox böyük işlər görülüb, qanunvericilik aktları müasir tələblərə uyğunlaşdırılıb. 
İnsan hüquq və azadlıqların qorunması istiqamətində atılan ən mühüm addım isə 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi və qanunvericilik aktlarının Avropa standartlarına uyğunlaşdırılması oldu. 


Konstitusiyada olan tələblərin həyata keçirilməsi üçün 1998-ci il fevralın 22-də Azərbaycan Prezidenti “İnsan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzaladı. Prezidentin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə insan hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı təsdiq edildi. 
Qeyd olunan Dövlət Proqramı əsasında 2002-ci ildə Ombudsman təsisatı yaradıldı. Ölkəmizin hüquq sistemində aparılan islahatlar sırasında qanunvericiliyin Avropa İnsan Hüquqları Konvensiyasında və digər beynəlxalq sənədlərdə nəzərdə tutulan beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə atılan addımlar mühüm yer tutur. Müxtəlif qanunların və məcəllələrin qəbulu Azərbaycan qanunvericilik bazasının möhkəmləndirilməsinə böyük dəstək verdi. 1993-cü ildə ölüm hökmünün icrasına moratorium elan edilib, 1998-ci il fevralın 10-da isə Azərbaycanda ölüm hökmü ləğv olunub. 


İnsan hüquqlarına hörmətin qorunması istiqamətində atılan əsas addımlardan biri İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi oldu. Müxtəlif dövlət orqanlarının, o cümlədən Xarici İşlər Nazirliyinin təklifləri əsasında hazırlanan Milli Fəaliyyət Planı Prezident İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edildi. Prezident 2011-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına dair Milli Fəaliyyət Proqramı”nı təsdiq edib. 


Fəaliyyət Proqramında normativ-hüquqi bazanın təkmilləşdirilməsi (o cümlədən insan hüquq və əsas azadlıqlarının qanun layihələrinin hazırlanmasında əsas meyar kimi müəyyən edilməsi yolu ilə), dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın artırılması, təlim, tədqiqat və maarifləndirmə kimi məsələlər nəzərdə tutulur. 


Azərbaycan insan hüquqları sahəsində müxtəlif beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, bu məqsədlə bir sıra beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Onların arasında BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqının müxtəlif təşkilatları ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlıq ilkin olaraq 1998-ci ildə imzalanan və 2000-ci ilə qədər əməkdaşlığı nəzərdə tutan “Azərbaycanda insan hüquqlarının müdafiəsi və təşviqi üçün potensialın və infrastrukturun gücləndirilməsi” adlı texniki əməkdaşlıq sənədinə əsaslanır. Məsələnin əhəmiyyətini nəzərə alaraq, 2001-ci ilin dekabrında Azərbaycan Hökuməti ilə Ofis arasında yeni Layihə sənədi imzalanıb. Layihə çərçivəsində insan hüquqları sahəsində müxtəlif tədbirlər (seminarlar, təlimlər, təcrübə mübadiləsi, materialların nəşri və s.) təşkil edilib. 


Konstitusiyanın 148-ci maddəsinə əsasən, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycanın qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edir. Konstitusiyanın 151-ci maddəsinə əsasən, bir tərəfdən Azərbaycanın normativ hüquqi aktları (Konstitusiya və referendumla qəbul edilmiş aktlar istisna olmaqla) ilə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında mümkün ziddiyyət yarandıqda, beynəlxalq müqavilələrin normaları tətbiq edilir. 


Qeyd edək ki, müasir dünyada insan hüquqlarının qorunması humanitarlaşma siyasətində əsas yeri tutur. Azərbaycan Prezidentinin 2007-ci ildə imzaladığı Sərəncam ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilir. Həmin Sərəncamın imzalanmasından artıq 17 il keçir.


Bu il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 76 ili tamam olur. 1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilib. 1950-ci ildən başlayaraq hər il dekabr ayının 10-da bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur. Avropada əsas insan hüquq və azadlıqlarının qorunması üçün Azərbaycanın da qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyası mövcuddur. Avropada bu konvensiyaya əsaslanan və eyni zamanda, real işləmə mexanizminə malik əsas insan hüquq və azadlıqlarını qoruyan Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir.


Beləliklə, Azərbaycan dövləti qanunvericilik sistemini inkişaf etdirməklə, eyni zamanda beynəlxalq əməkdaşlıq platformasına qoşulmaqla insan hüquq və azadlıqlarının qorunması üçün çox böyük nailiyyətlə əldə edə bilib. İnsan hüquq və azadlıqların qorunması elə bir prinsipdir ki, o, daim qanunvericiliyin təkmilləşdirilməsini, yeni tələblərə uyğunlaşdırılmasını tələb edir. `


Altay


Mövzu: insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması


Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


 

 

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla