AZ

Xarici dillərə artan tələbat : “Artıq öz dilimiz kölgədə qalır”

11-ci buraxılış imtahanında iştirak edib, yüksək bal toplamış abituriyentlərin bəzilərinin imtahan nəticələrinə nəzər saldıqda görürük ki, əksəriyyətinin xarici dil üzrə topladıqları ballar, ana dilində toplanılan baldan çoxdur.

 

Maraqlıdır, bəs, görəsən, bunun əsasında hansı amil dayanır? Ana dilinin tədrisində  boşluqlar var, yoxsa suallar çətindir?

 

Mövzu ilə bağlı elm və təhsil eksperti Rizvan Fikrətoğlu AzEdu.az-a danışıb.

 

Ekspert bildirib ki, test imtahanında Azərbaycan dili fənni ilə xarici dildən salınmış test tapşırıqlarına yanaşma eyni deyil:

 

“Buraxılış imtahanlarında, ümumilikdə, ən az nəticə riyaziyyat fənnindən olur. Bir sıra hallarda isə abituriyentlər Azərbaycan dilindən daha çox xarici dildən (əsasən ingilis dilindən) yaxşı nəticə göstərirlər. Gənclərin xarici dil üzrə bilik və bacarıqlarının formalaşması müsbət haldır. Yaxşı olardı ki, xarici dil qarşısında doğma Azərbaycan dilimiz öz statusunu zəiflətməsin. Abituriyentlərin xarici dildən yaxşı nəticə göstərmələrinin bir sıra səbəbləri var. Əksər valideynlər xarici dil öyrənsin deyə, övladlarını hələ azyaşlı olanda hazırlığa göndərirlər.

 

Nəzərə alsaq ki, Azərbaycan dilinin qrammatikası ilə şifahi nitq, yəni danışıq dili arasında fərqlər çoxdur və bu hal test imtahanında xüsusilə nəzərə çarpır. Lakin ingilis dilində bu, belə deyil. Müəyyən qədər söz bazası olan, testin şərtini başa düşən abituriyent verilən tapşırığı yerinə yetirə bilir. Həmçinin Azərbaycan dilindən test imtahanlarında istifadə edilən mətnlər bir sıra hallarda qəliz, mürəkkəb olur. Xarici dildə isə belə deyil. Eləcə də Azərbaycan dili dərslikləri siniflər üzrə bərbaddır, informativ deyil, qüsurludur, bəzən yaş kateqoriyasına uyğunlaşmır. Dil qaydasına uyğun tapşırıqlar az olur. Şagirdlərə cümlə-cümlə verilən bilik, imtahanda kitab-kitab istənilir”.

 

“Biz o qədər xarici dil aludəçisi olmuşuq ki, öz dilimizi unuduruq sanki”, -deyə müsahibimiz vurğulayıb:

 

“Baxın, hər 100 nəfərdən, ən azı 90-nı sosial şəbəkədə status yazarkən, öz dilimizdə nə qədər səhvlər buraxır. Amma xarici dildə o qədər səhvlər etmir. Öz dilimizin kölgədə qalması mənfi haldır.

 

Elm və təhsil naziri Emin Əmrullayevin dediyi kimi, Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır. Haqlı və yerində deyilmiş ifadədir. 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmürsə, 17 yaşdan aşağı şagirdlərin, görəsən, neçə faizi oxuduğunu başa düşür?”

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla