AZ

Maurisio Poçettino: “Bu, biabırçılıqdır, mən zarafat etmirəm”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 33-cü turunun “Everton”la ev oyununda baş vermiş hadisəyə münasibətini açıqlayıb.

Arena.az xəbər verir ki, turun qapanış matçı olan bu görüşdə baş vermiş bir hadisə hamını təəccübləndirib.

Belə ki, bu qarşılaşmanın 62-ci dəqiqəsində meydan sahibi olan komanda – “Çelsi” penalti qazanıb. Bu zaman 11 metrlik zərbəni vurmaq üstündə mübahisə düşüb. Əvvəlcə topa Noni Makude yaxınlaşıb. Lakin sonra Koul Palmer topu ondan alaraq zərbəni yerinə yetirmək istəyib. Buna isə Nikolas Cekson və Noni Makude etiraz ediblər. Cekson topu penaltini yerinə yetirmək istəyən Palmerdən almaq istəsə də, ingiltərəli futbolçu onu itələyib. Konor Qallaxer də bu məsələdə Koul Palmerin tərəfini tutub.

Yekunda topa Palmer yaxınlaşıb və zərbəni dəqiq yerinə yetirib. Bu görüşdə o, 4 qol vurub.

Matçdan sonra jurnalistlərə açıqlama verən “Çelsi”nin baş məşqçisi Maurisio Poçettino baş verənləri biabırçılıq adlandırıb:

“Koul Palmer penalti vuranımızdır. Belə hadisə bir daha olmayacaq. Özlərini uşaq kimi apardılar. Bu, biabırçılıqdır. Futbolçulara dedim ki, bu cür davranışı sonuncu dəfə qəbul edirəm. Mən zarafat etmirəm. Bir daha deyirəm, penalti vuranımız Koul Palmerdir”.

Yeri gəlmişkən, Poçettino bu mövsüm London klubunun futbolçularının çoxlu sayda zədə almasından narahat olduğunu da bildirib. Argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edirik:

“Təsəvvür edin, bütün bu zədələrlə Avropa yarışlarında oynasaydıq, nə baş verərdi! Aman tanrım! Daim hər oyunda səkkizdən on oyunçuya çatmayan komanda ilə. Daha çox oyunlar əlavə edilsəydi, bizim üçün çətin olacaqdı”, deyə “Poç” bildirib.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla