AZ

“Real”ın qisas almağa gücü çatacaqmı? - YENİLƏNİR

1/4 finalın ilk oyunlarında qapılara 18 qol vuruldu.

Amma heç bir komanda 1 top fərqindən artıq üstünlük yaxalaya bilmədi. Bu da o deməkdi ki, intriqanın məhv olduğu cüt yoxdu. Bütün duellərdə bütün suallara məhz cavab görüşlərində aydınlıq gələcək.

Mbappe 2021-dəki uğurunu təkrarlamağa çalışacaq

“Barselona” Parisdə inanılmaz geridönüş etsə də, aydın məsələdi ki, evdə asan olmayacaq. “Barsa”da bu dəfə ilk oyundakı qələbə qolunun müəllifi Kristensenlə kapitan Serxi Roberto oynamayacaq. PSJ-də isə əksinə, ilk görüşdə cəzalı olan Hakimi dönəcək. Mbappe də sözünü deməyə çalışacaq. İlk matçda zəif oyuna görə tənqidlərə məruz qalan fransalı superulduzun “Barsa”ya qarşı son səfər oyununda, yəni 2021-ci ildə het-trik etdiyini unutmayaq. Son 13 rəsmi oyunda uduzmayan (10 qələbə, 3 heç-heçə) “blauqrana” 2019-dan bəri ilk dəfə ÇL-də yarımfinala yüksələ bilər. Kataloniya nəhəngi indiyə qədər 39 dəfə avrokubokların pley-offuna səfər qələbəsi ilə başlayıb və bunların 37-də mərhələni adlayıb. Hər iki uğursuzluq ötən əsrin 80-ci illərinə təsadüf edib. PSJ-nin statistikası isə bu komanda üçün yaxşı heç nə vəd etmir. Paris nəhəngi indiyə qədər avrokubokların pley-offuna 7 dəfə evdə uduzmaqla başlayıb və bunların hamısında mübarizəni dayandırıb. PSJ “kambək” bir yana, bütün cavab oyunlarında da uduzub!

Allenin ötən həftə Madriddə vurduğu qol, sözsüz, “Borussiya”nı cavab matçı ərəfəsində ümidləndirir. “Arılar” ÇL-in 1/4 finalında 5 oyunluq məğlubiyyət seriyasına son qoymağavə 2013-dən bəri ilk dəfə yarımfinala yüksəlməyə çalışacaq. “Atletiko”nun İspaniyadan kənarda bundesliqa klublarına qarşı keçirdiyi son 9 oyunun 8-də uduzması diqqəti çəkir. Bundan başqa, Simeonenin komandası ÇL-in pley-offunda səfərdə keçirdiyi son 14 oyunun 9-da uduzub (3 qələbə). Amma digər tərəfdən, “Atletiko” pley-offa ev qələbəsi ilə başladığı son 21 halın 20-də mərhələni adlayıb. Bu müddətdəki yeganə istisna 2018/19-da ÇL-in 1/8 finalında “Yuventus”a qarşı məşhur dueldə yaşanıb (evdə 2:0, səfərdə 0:3).

“Bavariya” yenə 1/4 finalda “ilişəcək”?

“Mançester Siti” ötən həftə minimum hədəfə çataraq Madriddə uduzmadı. “Real” hər nə qədər bu turnirin kralı sayılsa da, bu dəqiqə üçün klub futbolunun və ÇL-in kralı məhz “Siti”di. Qvardiolanın komandası cavab oyunu ərəfəsində cütün aşkar favoritidi və rəqəmlər də “şəhərlilər”in xeyrinədi. “Siti” ÇL-də evdəki son 30 oyunda uduzmayıb (28 qələbə, 2 heç-heçə). Komanda, ümumiyyətlə, doğma “Etihad”da artıq ilyarımdı, daha dəqiq desək, 41 rəsmi oyundu məğlub olmur! Seriya sabah da davam etsə, “Siti” 1919-21-ci illərdə qeydə alınan şəxsi rekordunu təkrarlayacaq. Rəqiblər üçün daha bir qorxuducu fakt odu ki, “şəhərlilər” bu mövsüm ÇL-də keçirdiyi 9 oyunun hər birində ən azı 3 qol vurub və hazırda bu turnirdə 17 oyunluq məğlubiyyətsiz seriyaya malikdi. Və nəhayət, “Siti”nin indiyə qədər avrokubokların pley-offuna səfər heç-heçəsi ilə başladığı 9 halın hamısında cavab oyunlarında qalib gəldiyini bildirək! Sonuncu belə hal ötən mövsümün yarımfinalında məhz elə “Real”la dueldə yaşanmışdı (səfərdə 1:1, evdə 4:0). Madrid nəhəngi indiyə qədər “Etihad”da keçirdiyi 5 oyunun hamısında qələbəyə həsrət qalıb (2 heç-heçə, 3 məğlubiyyət). Komanda həm bu seriyaya son qoymağa, həm də ötən mövsümdəki acınacaqlı məğlubiyyətin qisasını almağa çalışacaq. “Real” bu turnirdə 1/4 finalda sonuncu dəfə 20 il öncə - 2003/04-də “Monako” ilə dueldə mübarizəni dayandırıb. “Kral klubu” indiyə qədər abrokubokların pley-offuna 11 dəfə ev heç-heçəsi ilə başlayıb. Bunların hamısı ÇL-ə təsadüf edib və komanda yalnız 2 dəfə mərhələni adlayıb. Özü də hər iki halda rəqib Mançesterin digər təmsilçisi, yəni “Yunayted” olub (1999/00, 1/4 final, evdə 0:0, səfərdə 3:2 və 2012/13, 1/8 final, evdə 1:1, səfərdə 2:1).

“Arsenal”ın bu heyətinin ÇL təcrübəsi o qədər də zəngin deyil. Bəlkə də bu üzdən komanda “Bavariya”ya qarşı ilk görüşdə favorit statusunun yaratdığı ağırlığın öhdəsindən gələ bilmədi. Üstəlik londonlular üçün iki cəbhədə oynamaq asan deyil. Amma bundesliqadakı hegemonluğu başa çatan “Bavariya”nın çox qeyri-sabit mövsüm keçirdiyini nəzərə alsaq, Münhendə hər şey baş verə bilər. Artetanın istedadlı komandasını siyahıdan silmək hələ çox tezdi. “Bavariya”nın son dönəmlərdə qəribə 1/4 final fobiyası yaranıb. Komanda son 3 mövsümdə mübarizəni məhz bu mərhələdə dayandırıb. “Rekordmayster” turnirin bu mərhələsində mübarizəni ən çox (13 dəfə) dayandıran komanda statusundadı. “Bavariya” 25 dəfə pley-offa səfər heç-heçəsi ilə başlayıb və bunların yalnız 3-də cavab matçından sonra istəyinə çata bilməyib. Maraqlıdı ki, bu 3 halın 2-də rəqib İngiltərə təmsilçisi “Liverpul” olub (2018/19 və 1980/81-də). “Arsenal”ın mərhələ adlamaq şansı 50 faizdi. Çünki komanda indiyə qədər avrokubokların pley-offuna 8 dəfə ev heç-heçəsi ilə start verib və bunların tən yarısında, yəni 4-də mərhələni adlayıb.

1/4 final, cavab oyunları
16 aprel
Barselona – PSJ

Cəzalı: Kristensen, Roberto/yoxdu
Hakim: İştvan Kovaç (Rumıniya)
İlk oyun – 3:2

Borussiya D – Atletiko
Cəzalı: yoxdu/Lino
Hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:2

17 aprel
Mançester Siti – Real

Cəzalı: yoxdu/Çuameni
Hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 3:3

Bavariya – Arsenal
Cəzalı: Devis/yoxdu
Hakim: Danni Makkeli (Niderland)
İlk oyun – 2:2

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla