AZ

III dünya savaşı - Azərbaycan üçün “təhlükəsizlik yastığı” necə olmalı...

Azərbaycanın yerləşdiyi bölgə ətrafında situasiya getdikcə daha dramatik xarakter almaqdadır. Dünyada cərəyan edən mürəkkəb proseslər, qanlı toqquşmalar fonunda isə ölkəmiz sanki azsaylı təhlükəsizlik adalarından biri kimi qalmaqdadır. 

Bu da məntiqlidir. Müharibədən təzəcə çıxmış, ərazisini yenicə işğaldan azad etmiş və əsas diqqətini Qarabağda böyük quruculuq və qayıdışa yönəltmiş ölkənin daha bir müharibə nəyinə gərək? Ancaq əfsus ki, çox şey bizim iradəmizdən asılı deyil. 

Əlbəttə, Rusiya-Ukrayna, Yaxın Şərq (İsrail-İran) müharibələri, Afrikada gərginliklər və s. bütün bunların fonunda ərazi bütövlüyü və suverenliyi bərpa etmiş Azərbaycanın sabit, dayanıqlı inkişafı, təhlükəsizliyinin təmin olunması bəlli çevrələrin ürəyincə deyil. Onlardan biri də qonşu İrandır. Üstəlik, Qarabağ probleminin həlli ilə Azərbaycan öz təhlükəsizliyini daha da möhkəmlətmiş olub. 

Ancaq biz qlobal proseslərdən ayrı, avtonom yaşaya, mövcud ola bilmərik. Acı gerçəklik belədir ki, bəşəriyyət faktiki üçüncü dünya mərhələsinə girib. Hadisələr isə əsasən şimal vmüharibəsi ə cənub qonşularımızın iştirakı ilə baş verməkdədir. Əslində dünyanın bölünməsi prosesi gedir. 

Bundan əlavə, sirr deyil ki, Fransa başda olmaqla, bəzi xarici güclər Cənubi Qafqazı da qarışdırmaq, döyüş meydanına çevirmək planları üzərində işləyir. Bu yöndə Ermənistandan maşa kimi istifadə edilir. Ermənistandakı Avropa İttifaqı missiyasının, 5 aprel üçtərəfli Brüssel görüşünün bu xüsusda xoşməramlı olmadığı da məlumdur. 

Təsadüfi deyil ki, Azərbaycan, Türkiyə və Rusiya İrəvanın Qərblə bu təhlükəli “işbirliyi” və oyunlarına sərt reaksiya verib və xəbərdarlıq edib. O sırada Azərbaycan regionda həyata keçirilməsinə cəhd edilən bu kimi məkrli planlara qarşı qəti mövqe sərgiləyib. Çünki Bakının əsas hədəf-məramı regionda daimi sülh, sabitlik və çoxtərəfli əməkdaşlıqdır. Azərbaycan səmimi şəkildə bölgədə açar dövlət olaraq, sabitləşdirici faktor qismində çıxış edir.

Bəs bölgə və ətrafında getdikcə daha da qəlizləşən durumda Azərbaycan dövlətinin izləməli olduğu kurs necə olmalıdır? Erməni faktoru də nəzərə alınmaqla, bizi konkret hansı təhlükələr təhdid edir və onları dəf eləmək və ya onlardan uğurla yayınmaq üçün ənənəvi balans siyasəti kifayət edəcəkmi? Faktiki “iki od” arasında qalan Azərbaycan üçün ən etibarlı “təhlükəsizlik yastığı” nədir?

Elçin

Elçin Mirzəbəyli: “Rəsmi Bakının ”iki od" arasında qaldığını düşünmürəm"

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, ölkəmizin Cənubi Qafqaz və ətraf regionda baş verən proseslərə aydın münasibəti var və rəsmi Bakı ziddiyyətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, danışıqlar yolu ilə aradan qaldırılmasını zəruri hesab edir. Əgər söhbət İran-İsrail münasibətlərinin indiki səviyyəsindən və Fələstin məsələsindən gedirsə, bununla bağlı da Azərbaycanın yanaşması aydındır və BMT Baş Assambleyasının qəbul etdiyi qərarlara söykənir. Digər mühüm aspekt bölgəyə xarici güclərin müdaxiləsi və Ermənistanın Qərbin platsdarmına çevrilməsi istiqamətində edilən cəhdlərlə bağlıdır ki, indiki halda həm Azərbaycan, həm Türkiyə, həm də Rusiya bu məsələ ilə bağlı öz mövqelərini açıq və birmənalı şəkildə ifadə ediblər: “Hələlik İran yayındırcı bəyanatlarla kifayətlənməyə, Gürcüstan isə vaxt qazanmağa çalışır. Bütün hallarda, bölgənin iki mühüm geostrateji mövqeyə malik dövlətinin - Türkiyə və Rusiyanın regiondakı status-kvo ilə bağlı Azərbaycanla ortaq mövqeyə malik olmaları rəsmi Tehranın da heç bir perspektivi olmayan manevrlərinə öz təsirini göstərəcək. Mövcud reallıqlar çərçivəsində, xüsusilə də İsraillə yaşanan son insidentin göz önünə sərgilədiyi mənzərədən sonra İranın ənənəvi davranışlarında müəyyən korrektələr edə biləcəyi ehtimalı var.

Bütün bunları və ölkəmizin xarici siyasət kursunun kifayət qədər çevik olduğunu, milli maraqlara söykəndiyini nəzərə alsaq, Azərbaycanın “iki od” arasında qaldığını düşünmürəm. Zənnimcə, hazırda “iki od” yoxdur. “Bir od” və bir də özünü od kimi göstərməyə çalışan var".

Abutalıb

Abutalıb Səmədov: “Ölkəmiz daim bu məsələlərdə neytral mövqe tutub və dəfələrlə bəyan edib ki,”

“Alyans” Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov bildirdi ki, İranla İsrail arasında yaranmış gərginlik Azərbaycan üçün kifayət qədər təhlükəli bir vəziyyət yaradır. İsrail hələ ki İrana cavab verməyib: “Ancaq vermək ehtimalı çox yüksəkdir. Çünki əlinə belə bir bəhanə düşüb, İranın nüvə silahını əldə etmək üzrə olduğunu anlayırlar və nəyin bahasına olur-olsun onun qarşısını almaq istəyirlər. İranın İsrailə dronlarla, raketlərlə hücumu belə bir əsas verə bilər ki, İranın nüvə obyektlərinə aviasiya ilə hücum təşkil olunsun. Azərbaycan daim bu məsələlərdə neytral mövqe tutub və dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən İrana qarşı heç kim istifadə eləyə bilməz. Yəni belə bir təminat verilib. Baxmayaraq ki, İran bizi Zəngilan ərazisində tikilən İsrail heyvan fermasının guya kəşfiyyat mərkəzi olmasında günahlandırır. Ancaq Azərbaycan təminat verir ki, bizim ərazimizdən İrana qarşı hərbi məqsədlərdən heç kim istifadə eləyə bilməz. İkinci təminatımız təbiidir ki, Azərbaycanın hərbi gücünün artırılmasıdır. İranın atdığı ballistik və qanadlı raketlərin az qala hamısını İsrail hava hücumundan müdafiə sistemi sıradan çıxardı. Azərbaycan da belə təhlükəsiz hava hücumundan müdafiə sistemi qurmaq istiqamətində hərəkət edir, bu istiqamətdə İsraillə sıx əməkdaşlığımız var. Güman edirəm ki, bizim üçün ən güclü, ən etibarlı təhlükəsizlik yastığı apardığımız düzgün neytral siyasətdir. Azərbaycan heç bir dövlətin əlində alətə çevrilməyib, xarici müşahidəçilər adı ilə kəşfiyyatçıları öz ərazisində yerləşdirməyib, Rusiya sülhməramlılarının getməsi üçün də addımlarını atıb və sülhməramlılar müddət başa çatanda gedəcəklər. Bu baxımdan birinci bizim əsas güvənli təhlükəsizlik yastığımız yürütdüyümüz müstəqil siyasətdir. Biz neytral mövqe tuturuq. İkincisi, təbiidir ki, hərbi gücümüzün artırılmasıdır. Xüsusilə hava hücumundan müdafiə sisteminin gücləndirilməsidir və Türkiyə ilə əməkdşalığımızın gün-gündən inkişaf etməsidir ki, bu da bizim üçün son dərəcə mühüm əhəmiyyətə malik olan amildir”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla