AZ

Fuad Hüseynəliyev: Qazaxıstan Azərbaycanla Ermənistan arasında bitərəf vasitəçi rolunda çıxış edə bilər

Qazaxıstan Azərbaycanla Ermənistan arasında bitərəf vasitəçi rolunda çıxış etməyə hazır ölkədir.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev ARB24 TV-nin efirində çıxışı zamanı deyib.

O qeyd edib ki, Qazaxıstan Mərkəzi Asiyada çox önəmli coğrafi mövqedə yerləşir və Çin, ABŞ, Avropa, həmçinin Rusiya ilə kifayət qədər balanslı siyasət yürüdür.

Agentlik direktoru söyləyib ki, Astana həmçinin Orta Dəhliz layihəsində də çox önəmli rola sahibdir. F.Hüseynəliyevin fikrincə, məhz Qazaxıstan kimi Cənubi Qafqazda sülhün bərqərar olunmasının tərəfdarı qismində çıxış edəcək ölkələrin sayı azdır:

“Bunlardan biri Gürcüstan, digəri isə qeyd etdiyimiz kimi, Qazaxıstandır, hansı ki bu dövlətlərin Cənubi Qafqazda başqa heç bir maraqları yoxdur. Onlar burada sülhün bərqərar edilməsinin və eləcə də nəqliyyat-kommunikasiya xətlərinin açılmasının tərəfdarlarıdır. Bu, Qazaxıstan üçün həm də çox sərfəlidir, çünki bu ölkənin Gürcüstanda kifayət qədər investisiyaları mövcuddur. Eyni zamanda, Orta Dəhlizin işlək vəziyyətə gətirilməsi, o cümlədən, Ermənistanın da daxil ola biləcəyi daha geniş nəqliyyat alternativlərinin yaradılmasında böyük rolu ola bilər”.

Onun sözlərinə görə, bütün bunlara Cənubi Qafqazda sülhün bərqərar edilməsi ilə nail oluna bilər. F.Hüseynəliyev hesab edir ki, bu baxımdan, Astananın sırf sülh prosesində ciddi maraqları olduğunu demək mümkündür.

Agentlik direktoru vurğulayıb ki, Mərkəzi Asiya regionunun böyük bir dövləti kimi sülhdə maraqlı olmaq və sözügedən proseslərə qoşulmaq istəyi Qazaxıstanın öz iradəsidir. Təbii ki, bu addımları şərtləndirən siyasi ambisiyaları da var.

“Lakin hesab edirəm ki, rəsmi Astana sırf Azərbaycanın təklif etdiyi bir formatda tərəfsiz vasitəçilik etməyə razılıq verib. Yəni Azərbaycan və Ermənistan nümayəndələrinin söhbət edərək ortaq məxrəcə gəlmələri üçün öz vasitəçiliyini təklif edib. Bu addım əlbəttə, Azərbaycanın istəyinə uyğundur. Çünki istər Rusiya, istər Avropa Birliyi, istərsə də ABŞ-nin maraqları onlara sülh prosesində obyektiv vasitəçi olmağa mane olur”, - o diqqətə çatdırıb.

Ermənistan baş naziri Nikol Paşinyanın Qazaxıstan Prezidenti ilə görüşü çərçivəsində çıxışı zamanı dolayısı ilə delimitasiya, demarkasiya barədə fikirlərini şərh edən F.Hüseynəliyev bildirib ki, burada hələ də Ermənistanın işğalı altında olan Azərbaycana məxsus 8 kənddən söhbət gedir:

“Paşinyan bundan öncəki açıqlamalarında bildirib ki, 4 kənd mütləq Azərbaycana təhvil veriləcək, lakin yerdə qalan digər 4 kəndin məsələsi hələ müzakirə edilməlidir və sair. Hazırda 4 kəndin qaytarılması fikri belə, Ermənistanda ciddi narahatlıqlara səbəb olub. Yəni ermənilər Azərbaycana məxsus olan torpaqları qaytarmaq istəmirlər. Digər tərəfdən, delimitasiya, demarkasiya prosesi aparılmadan Ermənistanın ərazilərinin nə qədər olacağı da məlum deyil. 1991-ci il Almatı bəyannaməsinə əsaslanan Paşinyan bilməlidir ki, iki keçmiş sovet respublikası arasında heç vaxt dəqiq xəritələr və sərhədlər olmayıb. Bu baxımdan, sözügedən məsələnin müəyyənləşməsi sırf delimitasiya və demarkasiya prosesindən sonra mümkün ola bilər”.

Agentlik direktorunun fikrincə, bütün bunların fonunda müzakirəyə açıq olan bir sıra məsələlər də mövcuddur. Onun sözlərinə görə, bəhs edilən 8 kəndə gələcəkdə Azərbaycanın çıxışının hansı şəkildə olacağı da müzakirə predmetidir.

F.Hüseynəliyev qeyd edib ki, burada sadəcə, kəndlərdən söhbət getmir, eyni zamanda, həmin kəndlərə yaxın ərazilərin Azərbaycana verilməsi də gündəmə gələ bilər:

“Məsələn, xəritədə baxarkən, kəndlər arasında 300-500 metrlik çox cüzi məsafənin olduğunu gördüyümüz ərazilər var ki, onlar Azərbaycan kəndlərinə daha yaxın yerləşir. Bir sözlə, danışıqlar prosesində gediş-gəlişin, həmçinin hansısa iqtisadi fəaliyyətin təmin olunması üçün lazım olan həmin kiçik ərazilər də Azərbaycana verilə bilər. Sözsüz ki, bu məsələlərin tam həllinin tapılması üçün əvvəla, sülh müqaviləsi, daha sonra isə delimitasiya, demarkasiya işləri aparılmalıdır”.

Seçilən
168
43
Mənbələr
Şərh ()
Bağla