AZ

Avtomobillərin girişi qadağan olunanbu küçədə vəziyyət necədir? - Kafe sahibi deyir ki... - FOTO

17 mart tarixindən etibarən qəbul olunmuş qərara əsasən, həftəsonları Xaqani bağının yaxınlığındakı bəzi küçələrə avtomobillərin girişi məhdudlaşdırılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanmış layihəyə görə, Zərifə Əliyeva (Rəsul Rza küçəsiylə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələri yalnız piyadaların istifadəsinə verilib. Bu küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləriylə əraziyə daxil olmaları üçün isə nömrətanıma sistemi tətbiq edilib. Belə ki, “AzParking” mobil tətbiqində fərqlənmə talonu olan sakinlər xidmətdən yararlanırlar.  
Avtosfer.az xəbər verir ki, Tərlan Əliyarbəyov küçəsində yerləşən kafelərdən birinin sahibi tətbiq olunmuş bu qərarla bağlı məmnunluğunu ifadə edib. Sahibkarın sözlərinə görə, əraziyə avtomobillərin girişi məhdudlaşdırılandan sonra kafeyə gələn müştərilərin sayında artım müşahidə olunur. Həmçinin fotoşəkillərdən göründüyü kimi, piyadalar təhlükəsiz və rahatlıqla küçələrdən istifadə edirlər.
Qeyd edək ki, avtomobillərin girişinə məhdudiyyət qoyulan küçələr xüsusi tranzit əhəmiyyət daşımır. Sürücülər bu küçələrdən adətən parklanma üçün istifadə edirlər. Nəticədə avtomobillərlə zəbt olunan bu küçələr piyadaların və turistlərin rahat hərəkətinə maneə törədirdi. Təbii ki, Bakının mərkəzi olduğundan bu ərazilərdə daim insan sıxlığı müşahidə olunur. Xüsusilə həftəsonları piyadaların sayı dəfələrlə artır. AYNA tərəfindən irəli sürülmüş bu təşəbbüs isə insanlar üçün təhlükəsiz istirahət zonasının yaradılmasına səbəb olub.

Nərmin

FOTO QALEREYA
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla