AZ

"Kəpəz"in hücumçusu: Çempionatdakı oyunlarımın sayı daha çox ola bilərdi

Əslində bu rəqəm daha çox ola bilərdi. Amma yenə də normaldır, inanıram ki, matçların sayı daha da çox olacaq.

Bunu "Report"a açıqlamasında Azərbaycan çempionatlarında 200-cü oyununu keçirən "Kəpəz"in futbolçusu Amil Yunanov deyib.

31 yaşlı hücumçu matçların sayı ilə bağlı qarşısına hansısa hədəf qoymadığını bildirib: "Amma say nə qədər çox olsa, o qədər yaxşıdır".

Forvard Gəncə təmsilçisinin cari mövsümdəki çıxışından söz açıb: "Tam olmasa da, hədəfə çatmağımıza az qalıb. Qış fasiləsindən sonra komandamız daha yaxşı oynadı, çoxlu qollar vururuq. Əsas odur ki, hücum futbolu sərgiləyirik. Növbəti 6 görüşdə də bunun davamını gətirmək niyyətindəyik".

İlin əvvəlində "Səbail"dən bölgə klubuna icarəyə verilən Yunanov öz çıxışı barədə də danışıb: "Bütün oyunlarda meydanda olmuşam. Oynadıqca futbolçuda inam yaranır. Nəzərə almaq lazımdır ki, qışda komandaya qoşulmaq, uyğulaşmaq bir az çətindir".

Hər iki klubla mövsümün sonunda müqavilə müddəti başa çatacaq oyunçu hələlik danışıqların olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Amil Yunanov Azərbaycan çempionatlarında keçirdiyi 200 oyunda 52 qol vurub.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla