AZ

"Ziddiyyətli hadisələr kontekstində Azərbaycan sabitlik, təhlükəsizlik adasıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Hazırda tarixin çox mürəkkəb mərhələsindən keçməkdəyik". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, dünyada baş verən qarşılıqlı ziddiyyətlər kontekstində geostrateji qarşıdurmalar daha da artır, daha da təhlükəli vəziyyət alır: "Əgər bir tərəfdən sivilizasiyaların qarşıdurması ilə izah edilirsə, başqa bir tərəfdən yeni dünya nizamının formalaşdırılması ilə əlaqələndirilir. Ancaq səbəb nə olur-olsun, hazırkı tarixi mərhələ beynəlxalq münasibətlər sisteminin ən mürəkkəb mərhələlərindən biri kimi səciyyələndirilir. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz coğrafiyası da dünyanın strateji baxımdan kəsişmə nöqtələrindən biridir. Daim Cənubi Qafqaz uğrunda mübarizələr gedib. Ancaq bu mürəkkəb regionda sabitliyin bu gün əldə olunması heç şübhəsiz ki, Azərbaycan və onun həyata keçirdiyi siyasətlə bağlıdır.

2020-ci ildən, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıq regionumuzu heç vaxt ummadığı qədər sülhə yaxınlaşdırıb. Bu da Azərbaycanın siyasəti ilə bağlıdır. Çünki müharibədən dərhal sonra Azərbaycan Prezidenti qeyd etdi ki, biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik. Bu əslində sonrakı mərhələdə regionda sülh axtarışlarını şərtləndirən əsas fikirlərdən birinə çevrildi. Azərbaycan elan etdiyi bu prinsiplərə yenə də sadiqdir. Məsələ ondadır ki, regiona müdaxilə edən, sülh istəməyən digər güc mərkəzləri bunun üçün əllərindən gələni edirlər. Cənubi Qafqazı və bütövlükdə postsovet məkanını Suriyalaşdırmağa cəhd göstərirlər. Belə olan halda Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanın üzərinə daha böyük tarixi məsuliyyət düşür. Azərbaycan bu çağırışın öhdəsindən layiqincə gəlməyi bacarır. Regionumuzda sülhün olması üçün hər şeydən əvvəl ölkəmizdə sülh olmalıdır. Bu gün mövcud sabit iqtisadiyyatımız, maliyyə imkanlarımız və ictimai həmrəylik Azərbaycan xalqının əldə etdiyi tarixi zəfər, sülhün əsasında dayanan başlıca prinsiplər kimi çıxış edir. Diqqət etsək, görəcəyik ki, Şərqi Avropada amansız müharibə gedir. Ukrayna-Rusiya arasında gedən müharibə cəmi 3 günə bitəcəyi proqnozlaşdırılsa da, 2 ildən çoxdur ki, davam edir. Yaxın Şərqdə İsraillə Hizbullah arasında gedən müharibə artıq 6 aydan çoxdur davam edir. Ancaq Azərbaycan 100 illik problemi 44 gün müharibə apararaq həll etməyi bacardı. Bu, Azərbaycan dövlətinin qüdrətinin göstəricisi hesab olunmalıdır.

Eyni zamanda müharibələrdən sonra bütün hallarda klassik sindromlar baş verir. İqtisadi göstəricilər aşağı düşür, milli valyutanın inflyasiyası baş verir, hətta bəzən devalvasiyaya qədər gedib çata bilir, ərzaq qıtlığı baş verir və sair. Ancaq bunların heç biri Azərbaycanda baş vermir. Çünki Azərbaycanın həyata keçirdiyi dərin strateji siyasət sayəsində Azərbaycan bunların hamısından yayınmağı bacarır. Ona görə də Azərbaycan Prezidenti deyir ki, bu baş verən mürəkkəb və ziddiyyətli hadisələr kontekstində Azərbaycan sabitlik, təhlükəsizlik adasıdır".

Onun sözlərinə görə, məsələ ondadır ki, hazırda Cənubi Qafqazı, əldə etdiyimiz sabitliyi təhdid edən çoxsaylı xarici və daxili faktorlar var: "Azərbaycan Prezidenti Milli Məclisdə, andiçmə mərasimində çıxışı zamanı qeyd etdi ki, bizim təhlükəsizliyimizi təhdid edən həm də ideoloji risklər var. Hazırda ideoloji risklər və informasiya təhlükəsizliyi riskləri təhlükəsizliyimizi təhdid edən əsas komponentlərdən birinə çevrilib. Çünki durmadan Azərbaycanın əldə etdiyi tarixi zəfəri qəbul etmək istəməyən güc mərkəzləri Azərbaycana qarşı həm siyasi, diplomatik, həm də ideoloji müharibə vasitələrindən istifadə edirlər. Bir tərəfdən Ermənistanı silahlandırırlar, başqa tərəfdən kollektiv Qərb Avropa İttifaqının timsalında Ermənistana xüsusi missiya göndərir, onun coğrafiyasını genişləndirir. Bir gün əvvəl Kanada bu prosesə qoşuldu. Eyni zamanda digər başqa informasiya müharibələri vasitəsiləri ilə internet resursları üzərindən Azərbaycanda daxili sabitliyi pozmaq üçün Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Belə olan halda, əlbəttə ki, Azərbaycanın bütün vətəndaşları bu prosesə, ölkəmizdə sabitliyin qorunmasına, təhlükəsizliyinin təmin olunmasına müxtəlif vasitələrlə, səviyyədə dəstək verməlidirlər.

İdeoloji təhdidlərin bir qismi də İrandan gəlir. Bir qismi Avropadan universal dəyərlərin manipulyasiyası vasitəsilə Azərbaycana daxil olursa, bir qismi də dini inancımızın istismar olunması yolu ilə İrandan daxil olur. İranda nə baş verirsə, hansı dövlətlə münasibətləri necə olur-olsun, mütləq Azərbaycanı ittiham edir. Sonuncu İran konsulluğunun İsraildə vurulmasından sonra inkişaf edən dramatik hadisələr kontekstində də İrandakı bəzi insanlar, siyasətçilər Azərbaycanı ittiham etdilər, hədəf göstərdilər. Amma nədənsə başqa məsələlərdə bu qədər həssas olan İran, Avropa Birliyinin Ermənistana yerləşməsinə etiraz etmir. Halbuki, İran həmişə bu mövqedən çıxış edir ki, regionumuza qeyri-regional aktorlar daxil olmasın. Bu cür təhlükələr var ki, Azərbaycan bunların da öhdəsindən ustalıqla gəlməyi bacarır, ölkəmizdə sabitlik və təhlükəsizliyi təmin etməyi bacarır.

Azərbaycan hazırkı tarixi mərhələdə də dünyada baş verən qütbləşmə siyasəti kontekstində ölkəmizin beynəlxalq münasibətlərdə gələcək yerini və rolunu təmin edən mühüm qərarlar qəbul etməkdədir. Eyni zamanda bütün bunlar Azərbaycanın təhlükəsizliyi və Azərbaycan xalqının rifahı üçün mühüm perspektivlər yaratmaqdadır".

Müəllif: Söylü Ağazadə
Seçilən
124
50
Mənbələr
Şərh ()
Bağla