AZ

“Üçtərəfli bəyanatda erməni çıxdısa, səbəb azaldısa sülhməramlı da çıxmalıdır, ya qalmalıdır yoxdur” - Politoloq

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin deyib ki, “erməni əhalisi Qarabağı tərk etdikdən sonra Rusiya sülhməramlılarının bölgədə olma səbəbləri azalıb”. Onun sözlərinə görə, “əslində, Qarabağda erməni əhalisi olmadığından sual yaranır ki, bizim sülhməramlılarımızın orada nə işi var: Bu gün Qarabağda sülhməramlıların olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərlə bağlıdır”.

Politoloq Şəbnəm Həsənova Herbiand.az-a bildirib ki, 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edərkən üçtərəfli bəyanatın müddəalarını açıqlamadan öncə bildirdi ki, “Bu gün Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Bundan sonra və indiyə qədər də icra edilən məsələlərin hüquqi baxımdan istinad nöqtəsi məhz bu sənəddir:

“Əlavə olaraq həm də 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata əsasən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bu da Ermənistan və Azərbaycan olmaqla hər iki tərəf üçün də müsbət addım idi. Yəni, proseslərin normal məcrada gedişatı üçün hüquqi baza mövcuddur, lakin onu pozmaq üçün Ermənistandan alət, Nikol Paşinyandan da kukla kimi istifadə olunur. Proseslər davam edir, səbəbin azalması sülhməramlıların tam çıxması demək qəti deyil. Azalma kimi hətta çoxalma da subyektiv fikir ola bilər. Bu isə hər kəs üçün məqbul sayılan obyektiv dəyərləndirmə və ən əsası mütləq hüquqi istinad deyil”.

Politoloq qeyd edib ki, sülhməramlılarla bağlı məsələ heç bir ikitərəfli sənəddə deyil, məhz üçtərəfli bəyanatda ehtiva olunub:

“Hüquqi baxımdan düzgün ifadə odur ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın dördüncü bəndinə görə “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”. Elə Qərbin də yapışdığı yerlərdən biri sonuncu “tərəf” ifadəsidir ki, məhz bununla Ermənistandan istifadə edərək prosesləri korlamaq istəyirlər. Qarabağdakı erməniləri “gedin”, “çıxmalısınız” deyə heç kim məcbur etmədi. Azərbaycanın bu istiqamətdə mövqeyi tam aydın idi. Onların çıxması təlimatı hardan verildi bu da bir o qədər aydındır. Yəni, üçtərəfli bəyanatda o yoxdur ki, erməni çıxdısa, səbəb azaldısa, ya da nəsə oldusa sülhməramlı da çıxmalıdır, ya qalmalıdır. Sülhməramlıların gedişini təmin edən məsələ üçtərəfli bəyanatda aydın göstərilir. Əlavə olaraq atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasının məqsədi də var ki, bu da münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması ilə bağlıdır”.

Şəbnəm Həsənovanın sözlərinə görə, bir məsələ də var ki, ən dəqiq formada bunu da vurğulasaq “Qarabağda sülhməramlıların olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərlə bağlıdır” ifadəsi də hüquqi baxımdan korrekt deyil:

“Rusiya ilə Azərbaycan arasındakı münasibətlər iki dövlət arasında illərlə mövcud olan sənədlər, əlaqələr və 22 fevral 2022-ci il tarixində imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə tənzimlənir.  Gələk Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin fikirlərinə və bunun niyə məhz ona dedizdirildiyinə. Lakin ilk öncə onun ermənipərəst mövqeyə malik olmasını, eyni zamanda sözügedən şəxsin 44 günlük müharibədə məğlubiyyətə görə dəfələrlə Ermənistan hakimiyyətini ittiham edərək Nikol Paşinyanı israrla istefaya çağırmasını, buna görə də onun Ermənistana girişi qadağan olunduğunu faktını da nəzərdə saxlayaq. Qərbpərəst Nikol Paşinyan prosesləri korladığından və gedişata diktə ilə zərər verdiyindən onu “yola salmaq”, yerinə “normal” birini gətirmək istəyirlər ki, bu cür şəxslər vasitəsilə belə ifadələrin səsləndirilməsinin səbəbi də məhz budur. Ermənistan və 2018-ci ildə hakimiyyətə küçədən gətirdikləri Paşinyan vasitəsilə regionu yenidən qan gölünə çevirmək istəyirlər. Bu istiqamətdə də günlərdir səsləndirdiyimiz fikirlər bəllidir. Regional aktorları, onların maraqlarını nəzərə almadan destruktiv addımlar, hətta fikirlərin özü belə müsbət heç nə qazandırmayacaqsa, ən xırda mənfi meyil belə ilk öncə Ermənistan üçün ən yumşaq formada desək ürəkaçan olmayacaq”.

Politoloq sonda vurğulayıb ki, Azərbaycan xarici siyasətinin prioritet istiqaməti olan Qarabağ məsələsini həll edərək ərazi bütövlüyü və suverenliyini təmin edib, indi qarşıda yeni inkişaf strategiyası dayanır, yeni üfüqlər açılıb:

“Bunu dövlət başçımız da bildirib. Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıtması təmin olunmalıdır. Sülh müqaviləsi imzalanandan sonra erməni əhalisinin Qarabağda, qərbi azərbaycanlıların da öz yurdlarında yaşaması ilə iki xalqın reinteqrasiyası təmin oluna bilər. Çoxəsrlik ədavəti nəzərə alaraq burada da uzun müddət nəzarət mexanizmi, etimad quruculuğu kimi məsələlər olmalıdır. Yəni, proseslərin başında və ya sonunda deyil, ortasındayıq”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
136
40
Mənbələr
Şərh ()
Bağla