AZ

Qadınların səsi niyə incədir?

Ümumdünya Səs Günüdür...

Öz səsimiz, ailə üzvlərimizin və tanışlarımızın səsi hər kəsə aid olan fərdi xüsusiyyətlərdən biridir. Hətta insan səsi o qədər özünəməxsusdur ki, görmədiyimiz halda telefona cavab verərkən həmin insanı səsindən tanıya bilirik. Bizə bəxş edilən bu nemətlə ünsiyyət qururuq, sevinc, kədər kimi hisslərimizi və fikirlərimizi ifadə edirik. İnsan səsi müxtəlif tonlarına görə bu günə qədər düzəldilmiş musiqi alətlərindən milyon dəfələrlə üstün quruluşa və funksiyaya malikdir. Musiqi alətləri zaman keçdikcə köhnəlir, xarab olur, qulluğa ehtiyacı olur, ancaq səsimiz xarab olmadan, köhnəlmədən, özü-özünə qulluq edərək ömrümüz boyu bizə xidmət edir.

Bir səsin yaranması zamanı ən az 11 xarakterik nöqtə təsirlidir. Bunlar nəfəs ilə başlayan və içində səs teli, qırtlaq, boğaz, dil, diş, dodaq ünsürləridir. Bu 11 xüsusiyyət səsin yaranmasına təsir edir. Səsin yaranmasında beynin göndərdiyi siqnallar təsirli olduğu üçün insanın daxilindəki vəziyyət, gözlərdən və qulaqlardan gələn siqnallar da effektlidir.

Maraqlısı budur ki, eyni səs tonuna sahib iki insanın olması mümkünsüzdür. Bəlkə də müəyyən təhsillə bənzər səslərin çıxarılması mümkün ola bilər, ancaq insanlar eyni səs tonuna malik ola bilməzlər. Qadınların səslərinin kişilərlə müqayisədə daha incə bir xüsusiyyətə sahib olmasının səbəbi səs tellərinin quruluşu ilə əlaqəlidir. Qadınlara aid səs tellərinin uzun olması, onların səsinin daha incə olmasına səbəbdir. Kişilərin səs tellərinin qısa olması isə qalın quruluşa sahib olmalarına şərait yaradır.

Səslə bağlı maraqlı faktlar...

BBC-nin Elmi proqramı “The Curious Cases of Rutherford & Fry” insan səsi ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı maraqlı faktlar əldə edilib:

Anadangəlmə aksent...

Araşdırmaya görə, körpələr valideynlərinin aksentini hələ ana bətnində olarkən mənimsəməyə başlayırlar. Tədqiqatçılar Fransa və Almaniyada yeni doğulan körpələri müşahidə edərək müəyyən ediblər ki, körpələrin ağlaması səsi onların ana dilinin vəznini təkrarlayır. Bu xüsusiyyət əsasında körpələri onların ağlama səsinə uyğun olaraq ölkələrinə müvafiq ayırmaq mümkündür.

Boğazdakı səs aparatının içərisində baş verənlər...

Səsin əmələgəlmə prosesi döş qəfəsindən başlayır - nəfəs aldığımız havanı boğazımızdakı səs aparatına göndərdiyiniz zaman səs əmələ gəlir. Səs tellərindən hava axını keçəndə həmin tellər titrəməyə başlayır, nəticədə, cingiltili bir səs yaranır. Bundan sonra çənə, dil və damağın yumşaq hissəsi hərəkətə gəlməklə səs formalaşır.

Səs niyə qalınlaşır?

Oğlanlarda yeniyetmə yaşlarında səs yoğunlaşır - çünki kişilərdə boğazın səs telləri həmin dövrdə aşağı enir, boğazlarında xirtdək əmələ gəlir. Səs telləri ilə ağız arasında məsafə uzanır və nəticədə kişilərin səsi daha yoğun çıxır.

Səs “yellənməyə” başlayır...

İnsan yaşa dolduqca, onun əzələləri, səs telləri boşalır, nəticədə, yaşlı insan danışanda səs aparatından hava kənara sızır və danışıq səsinə nəfəs səsi də qarışır. Eyni zamanda uzun cümlələrlə də danışmaq mümkün olmur, çünki, nəfəs çatmır. Yaşlaşanda əzələlər boşaldığından, səs yenidən nazilə bilir.

Səs uzun zaman gənc qalır...

Araşdırma zamanı insan səsinin bədəndən daha yavaş sürətlə yaşlaşdığı müəyyən edilib.

Səsin gümrah çıxmasını necə təmin etməli?

Yaşa dolduqca bədənimiz kimi, səsimizin də tellərini sağlam saxlamaq üçün vaxtaşırı məşq etdirməliyik. Məsələn, xora yazılmaq ola bilər. Həm səsiniz qaydasında olacaq, həm də əylənəcəksiz, insanlarla ünsiyyətdə olacaqsınız.

Qeyd edək ki, bu gün Ümumdünya Səs Günüdür. Səs gününün qeyd olunması 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb. 2002-ci ildən Amerika Baş və Boyun Cərrahiyyəsi Akademiyasının təşəbbüsü ilə hər il aprelin 16-sı Ümumdünya Səs Günü kimi qeyd olunur. Həmin günün əsas məqsədi ictimaiyyəti səsin insan həyatındakı rolu və əhəmiyyəti, səsdə yarana biləcək problemlər haqqında informasiya verməkdən ibarətdir.

Yeganə BAYRAMOVA

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla