AZ

Valideynlər övladının təhsili üçün ayda nə qədər pul ayırmalıdır?

Valideynlər övladları üçün həmişə əllərindən gələnin daha artığını etməyə çalışırlar. Övladlarının cəmiyyətdə status qazanması, yaxşı təhsil alması üçün öz maddiyyatının, vaxtının daha çoxunu xərcləyirlər. Hətta bəzi valideynlər qazandığı pulların demək olar ki, yarıdan çoxunu övladının təhsili üçün xərcləyir, öz yaşayış xərcini minimuma endirir. Bu tip valideynlərə kənardan iradlar da olur ki, düz etmirsən, özünü düşünməlisən və s. Fərqli yanaşmalar var, bəs əslində valideynlər övladlarının təhsili üçün nə qədər vəsait ayırmalıdırlar?

Bu barədə Valyuta.az-a danışan təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, insanın yaşaması üçün lazım olan əsas ehtiyaclarını qarşıladıqdan sonra təhsil və karyera barəsində düşünmək olar:

“İnsanın birinci ehtiyacı yemək, içmək və buna bənzər ehtiyaclardır. Bunlar qarşılandıqdan sonra ikinci - təhlükəsizlik ehtiyacları gəlir. İnsan təhlükəsiz məkan istəyir. Üçüncü ehtiyac da sosiallaşmaqdır. Bundan sonrakılar müəyyən sahədə mütəxəssis olmaq və s. kimi ehtiyaclardır. Yəni valideynlər ilk üç ehtiyacı qarşılamadan dördüncünü qarşılamağa çalışdığı zaman həm özü, həm də övladı bundan zərər çəkir”. 

Bəs valideynlər nə etməlidirlər?

Ekspert bildirir ki, valideynlər övladlarını sevməli, qayğı göstərməli, onların yanında olmalı, onlarla birgə vaxt keçirməlidirlər. Bunu edə bilmək üçün də valideynin özünə də vaxt qalmalıdır:

“Biz vaxtımızı verib pul qazanırıq, daha çox qazanmaq üçün isə özümüzə ayıra biləcəyimiz bütün vaxtı xərcləyirik. Valideyn bütün vaxtını pul qazanıb uşağının təhsilinə xərcləmək haqqında düşünəndə, özünə ayıracaq vaxtı qalmır. Özünə ayıracaq vaxtı olmayan insan xoşbəxt ola bilmir. Ancaq pul qazanıb problem həll etmək insanı yorur. Ata və ana davamlı olaraq çalışırsa, nəfəs almağa vaxtı yoxdursa, o zaman övladını xoşbəxt edə bilməyəcək. Övladına davamlı olaraq təsir edəcək, “Mən səni hazırlıqlara göndərmişəm, kursa göndərmişəm oxu, oxu, oxu və s. kimi hallar yaşanacaq”. Həmin uşaq oxumağa nifrət edəcək və uşağın xoşbəxt olmaq üçün vaxtı olmayacaq”.

Q.Məhərrəmovun fikrincə, valideynlər əvvəlcə öz emosional, psixoloji rifahını düşünməlidirlər:

“Təyyarələrdə həmişə qeyd olunur ki, oksigen azalarsa, təzyiq artarsa, oksigen maskalarını birinci özünüzə sonra isə övladlarınıza taxın. Bunu ona görə qeyd etmirlər ki, övladınız sizdən dəyərsizdir. Bu, o deməkdir ki, övladınıza kömək edə bilməniz üçün sizin oksigen maskanız olmalıdır. Yəni, bir insanın övladını yetişdirə bilməsi üçün onun xoşbəxt və sağlam olması lazımdır. Bunun üçün isə maddiyatını özünə də xərcləməlidir. İnsan özünə yaşamaq haqqı tanımırsa, zaman və maddiyyat cəhətdən özünə sərf etmirsə, bu zaman o insan xoşbəxt ola bilməyəcək və ətraflarındaki insanları da xoşbəxt edə bilməyəcək”.
Ümumiyyətlə, valideyn bunları etdikdən sonra övladına nə qədər maddi xərc çəkməlidir?

“Bu, hər ailə üçün fərqlidir, amma valideynlərin özünü çox şeydən məhrum edib, övladına xərcləməsi düzgün deyil. Valideyn maddi vəziyyətinə baxmalı, nə qədər imkanı çatırsa, o qədər övladının təhsilinə dəstək olmalıdır. Maddi qazancını tamamilə övladlarının təhsil haqqına ödəmək ağıllı qərar deyil. Hətta, burada qədirbilməzlik ola bilər. Valideyn özü də narahat ola və depressiv hallar yaşaya bilər. Bunun yerinə valideynlər əlindən gəldiyi qədər dəstək olmalı və övladına bildirməlidir ki, bizim imkanımız buna yetir, sən də özünə düşən öhdəlikləri yerinə yetir, universitet oxumaq istəyirsənsə oxu, təqaüdə müraciət elə və s. 
Yəni, insanlar özünü həyatdan məhrum edib, övladına həyat verməyə çalışmamalıdır. Unutmaq olmaz ki, özünüzü həyatdan məhrum etsəniz, ətrafınızdakılara həyat verə bilməzsiniz” – deyə təhsil mütəxəssisi əlavə edib.

Əvəz Həsənov

Seçilən
36
50
Mənbələr
Şərh ()
Bağla