AZ

Qazaxıstanlı politoloq: Cənubi Qafqaz regionunun əhəmiyyəti artır

Qazaxıstanlı

Bakı, 16 aprel, AZƏRTAC

Cənubi Qafqaz regionunun əhəmiyyəti getdikcə artır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıya və İrəvana səfərləri də bu regionun yaxşı perspektivləri kontekstində həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Kazinform informasiya agentliyinə müsahibəsində Qazaxıstanın Maqsut Narikbayev Universitetinin MIND analitik mərkəzinin xarici siyasət və beynəlxalq tədqiqatlar proqramının rəhbəri Miras Jiyenbayev söyləyib.

Jiyenbayevin sözlərinə görə, Prezident Kasım-Jomart Tokayev və digər dövlət rəsmilərinin Cənubi Qafqaz ölkələrinə səfərlərinin hazırkı dinamikası Qazaxıstanın bu regionla münasibətlərində yeni səviyyəyə keçidini əks etdirir. Çətin geosiyasi şəraitdə rəsmi Astananın xarici siyasəti çevik çoxtərəflilik formatlarını inkişaf etdirməyə davam edir.

Ekspertin fikrincə, Cənubi Qafqazla əlaqələr Qazaxıstanın nəqliyyat-logistika potensialını inkişaf etdirmək ambisiyasında mühüm əhəmiyyət kəsb edir. O vurğulayıb: “Bu gün bizim unikal geostrateji mövqeyimiz qlobal ticarət sistemində kontinental qarşılıqlı əlaqəni təmin etməyə imkan verir. Cənubi Qafqaz dövlətləri bizim nəqliyyat-logistika potensialımızın reallaşdırılmasında mühüm strateji tərəfdaşlardır. Prezident Tokayev regionlarımızda yeni nəqliyyat-logistika dəhlizlərinin və ticarət marşrutlarının yaradılmasında birgə səylərin mühüm perspektivlərini vurğulayır”.

Politoloq hesab edir ki, Qazaxıstan Cənubi Qafqaz dövlətləri arasında bir-biri ilə və Mərkəzi Asiya regionu ilə dialoq və əməkdaşlıq üçün yeni imkanlar yaratmaqla regionlararası münasibətlərin və dinc birgə inkişafın yeni formulunun konturlarını formalaşdırır. Bu kontekstdə Astana və Bakı Avrasiya məkanında böyük layihə olacaq nəqliyyat-logistika dəhlizinin yaradılması üzərində iş aparır.

 

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla