AZ

Ərdoğan martın 30-da açıqlayacaqdı – Anlaşma son anda ləğv edilib

Rusiya və Ukraynanın Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün Türkiyə ilə iki ay danışıqlar apardığı və razılığa gəlindiyi, amma Kiyevin bu müqaviləni imzalamadan son anda masadan qalxdığı üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Röyter” agentliyi məlumat yayıb.

Rəsmilərin sözlərinə görə, sənədin mətni hazırlanmışdı və bu, martın 30-da Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanmalı idi, amma Ukrayna müqavilədən çıxanda hər şey uğursuzluğa düçar olub.

“Ukrayna son anda qəfil geri çəkildi və sövdələşmə pozuldu”, - rəsmilərdən biri agentliyə deyib.

Ankara, Kiyev və Moskva iddiaya şərh verməkdən imtina edib. Ukraynanın niyə geri çəkilməsi ilə bağlı izahat yoxdur, “Röyter”ə danışan mənbələr də Kiyevin qərarına nəyin səbəb olduğunu bilmədiklərini söyləyiblər.

Prezident Vladimir Zelenski fevralda açıqlamışdı ki, ABŞ-nin yeni hərbi yardımı olmasa, Ukrayna Qara dənizin qərb sahillərini əhatə edən gəmi dəhlizini müdafiə edə bilməyəcək.

“Röyter”in gündəmə gətirdiyi razılaşmanın mətnində Türkiyənin vasitəçilik səyləri çərçivəsində Ukrayna və Rusiya ilə Qara dənizdə ticarət gəmilərinin sərbəst və təhlükəsiz üzməsini təmin etmək üçün razılığa gəlindiyi qeyd olunub.

Həmçinin müqavilə layihəsində vurğulanıb: “Bu zəmanətlər hərbi yük daşıyan hərbi və mülki gəmilərə şamil edilmir”.

BMT baş katibinin sözçüsü Stefan Düjarrik “Röyter”in xəbərini təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla