AZ

Bələdiyyəyə ayrılan pulları mənimsəyən şirkət rəhbəri azadlığa buraxıldı

Ali Məhkəmədə mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Ağabala Quliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, şikayət təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Belə ki, məhkumun Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin olunmuş 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 3 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib. Ağabala Quliyev cəzaçəkmə müəssisəsindən azad olunub.

 

İttihama görə, Ağabala Quliyev Biləcəri Lokomotiv deposunda mühəndis vəzifəsində işləyib, eyni zamanda MMC-lərdən birinin direktoru olub. O, Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirən vəzifəli şəxs kimi, 4 oktyabr 2018-ci il tarixdən 2 dekabr 2020-ci il tarixədək Biləcəri bələdiyyəsinin sədri vəzifəsində işləmiş və öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib.

 

Belə ki, Nazirlər Kabinetinin 17 fevral 2020-ci il tarixli yerli büdcələrə (bələdiyyələrə) verilən subvensiyanın bölgüsünün təsdiq edilməsi barədə sərəncamına əsasən Biləcəri bələdiyyəsinə dövlət büdcəsi hesabına bələdiyyə bazarının və iaşə kompleksinin tikintisi üçün ayrılmış və onlara etibar olunmuş 250 000 manat məbləğində pul vəsaitini bələdiyyə sədri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edib. O, həmin şəxslər bazarın tikintisi üçün mal və materialların alınması görüntüsü yaratmaqla pul vəsaitinin bələdiyyənin hesabından özünün direktoru olduğu şirkətə, habelə yaxınlarının adına olan şirkətlərin bank hesablarına köçürülüb. Beləliklə, Ağabala Quliyev 171 649,89 manat məbləğində pul vəsaitini mənimsəyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti qismən təmin edib, Ağabala Quliyevin cəzası 5 il 6 aya endirilib.

 

Kamal Məmmədov

Tarix: 16 Aprel 2024, 08:35   
Seçilən
64
Mənbələr
Şərh ()
Bağla