Milan “İnter”inin baş məşqçisi Simone İnzaqi İtaliya klubunun düşərgəsindəki gələcəyi ilə bağlı fikirlərini paylaşıb.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Gələn il qalacağammı? Hisslərimi deyə bilərəm: “İnter” bu üç il ərzində mənə çox şey verdi. Biz böyüdük və uzun bir yol qət etdik. Çox oyunlar keçirmişik və çoxlu kuboklar qazanmışıq. İlin sonunda biz oturub danışacağıq: bu yolu birlikdə davam etdirmək üçün heç bir fəsad olmayacaq”, deyə İnzaqi bildirib.
“İnter”ə uğurla rəhbərlik edən Simone İnzaqi “neradzurri”nin sükanı arxasına 2021-ci ilin iyununda keçib. İtalyan mütəxəssisin Milan təmsilçisi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
İnzaqinin “İnter”ə rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 152 oyun, 101 qələbə, 26 heç-heçə, 25 məğlubiyyət. “Neradzurri”nin top fərqi isə 301:129 nisbətindədir.
İtalyan mütəxəssis “İnter”ə 2 dəfə İtaliya Kubokunu, 3 dəfə isə İtaliya Super Kubokunu qazandırıb. Ötən mövsüm isə Simone İnzaqinin “İnter”i Çempionlar Liqasının finalında oyun zəkası və fəaliyyəti baxımından üstün olduğu bir mübarizədə Xosep Qvardiolanın “Mançester Siti”sinə 0:1 hesabı məğlub olaraq, gümüş medalla kifayətlənib.
Hazırda “İnter” 32 oyundan 83 xalla İtaliya A Seriyasının yarış cədvəlinin lideridir.