AZ

“Möhtərəm cənab Prezidentimiz dəmir yumruğunu işə salacaq” - Ramin Musayev İK-nın yeni tərkibindən narazıdı

AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürən şəxslərin adları açıqlandı.

Bəribaşdan deyək ki, yeni tərkib birmənalı qarşılanmadı. Bəs bu seçim ölkə futbolunun gələcəyi adına nə vəd edir? Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayevə tribuna verməyi lazım bildik:

“Vallah, o namizədləri kimin irəli sürdüyünü bilmirəm. Amma onu bilirəm ki, artıq bunun sonu gəlir. Müsbət məqam heç gözlənilmir, gözləməyək də. Vaqif Sadıqov, İsgəndər Cavadov futbolda böyük əməyi, zəhməti olan insanlardı. Onlar futboldan uzaqlaşdırılır, amma futboldan heç bir anlayışı olmayan insanlar gəlib namizəd olur. Bunu başa düşmürəm. Nə deyim… Allah yardımçıları olsun. Rövşən Nəcəf hələ gəncdi, yəqin ki, “Neftçi”də ediyi səhvləri burda təkrarlamaz. İcraiyyə Komitəsində futbol adamı olmasa da, ən azı futboldan anlayışı olan şəxs olmalıydı. Belə hesab edirəm ki, yenə də Avropaya meyilli insanları ora dəvət ediblər. Başa düşmürəm ki, Avropanın bizim futbola nə aidiyyatı var? Hakimlərin vaxtilə Peşəkar Futbol Liqasına qeyri-rəsmi də olsa, tabeçiliyi var idi. Hakimlərimizin o vaxtkı durumuna da baxın, indiki durumuna da. Hər şey göz qabağındadı. 10 ilə yaxın qurduğumuz həmin sistemi dağıdıb getdi. Almaniyadan gələn şəxs qazandığını qazandı, pulunu da götürdü, çıxıb getdi. Olan Azərbaycan futboluna oldu. İndi də milliyə bir yerli məşqçini təyin edə bilmirlər. Onda belə çıxır ki, Azərbaycanda yerli məşqçi yoxdu. Niyə yoxdu? Yetərincə var! İndi deyəcəm, başlayacaqlar ki, nə oldu, yenə də Tərlan, Tərlan. Ay qardaş, axı Tərlan Əhmədov hansı komandaya gedirsə, nəticə verir. Yoxsa yalandan gətirirsiz əcnəbi mütəxəssisləri, milyonlarla pul qazanır, çıxıb gedir. Biz isə heç nə qazanmırıq, əksinə, itirə-itirə gedirik. Yerli məşqçi olmalıdı ki, yerli futbolçuları tanısın. Bu gün premyer-liqada olan məşqçilərə fikir verin. Komandası uduzandan sonra görün yerli məşqçilər hansı hala düşür, əcnəbi məşqçilər hansı hala. Yerli məşqçidə ən azı vicdan olur. Düşünür ki, küçəyə çıxsam, deyəcəklər ki, niyə uduzdun? Əcnəbi məşqçiyə kim yaxın gələ bilər ki? Müqaviləsini imzalayır, pulunu alır, sonra da çıxıb gedir. Qayıdaq verdiyiz suala. Siyahıyla tanış oldum. Orda Ülvi Mansurovu gördüm. Vallah, 20 il futbolda olmuşam, mənim o adamla bağlı bilgim yoxdu. Sonra maraqlandım ki, Eldar Mansurovun oğludu. Eldar müəllimə böyük hörmətim var, böyük bəstəkardı, öz sahəsində kifayət qədər tanınmış sənətkardı. Amma Ülvi Mansurov haqda heç bir məlumatım yoxdu. Bu adam futbolda çalışıbmı? Onu kimlər dəvət edib? Nə bilim…Allah sonunu xeyir eləsin. Siyahıda olanlardan Zaur Axundov bir az ümidlərimi artırır. Bu adam futbolda çalışıb, AZAL komandasında əziyyəti olub. Səməd Qurbanov vaxtında futbolda can qoyub, əməyi böyükdü. Amma “Neftçi”də nə iş görüb? Bir də Qurban Qurbanov... Tək əldən səs çıxmaz. Bir onu bilirəm ki, inşallah, bir gün möhtərəm cənab Prezidentimiz dəmir yumruğunu işə salacaq. Allah o gündən bizi gözləsin”.

KAMAL SƏFƏR
Seçilən
63
Mənbələr
Şərh ()
Bağla