AZ

"Kənar qüvvələr" Ermənistana girir: İran niyə susur?

Ermənistanın Avropa Birliyi və ABŞ-la hərbi pakt bağlamağa hazırlaşmasına dair informasiyalar fonunda İranın susqunluğu suallar yaradır. Tehran 44 günlük müharibədən sonra “regiona kənar qüvvələrin gətirilməsinə qarşı olduğunu” hər fürsətdə dilə gətirir və buna görə Azərbaycanı ittiham edirdi. Hərçənd, Tehran Bakını ittiham etdiyi vaxt İrəvan onların nəzərdə tutduğu “kənar qüvvələri” – AB müşahidəçilərini, Fransa jandarmalarını İranın sərhədlərinə yerləşdirdi. Aprelin 5-də Brüsseldə keçiriləcək Paşinyan-Leyen-Blinken görüşündən sonra bu prosesin daha da genişlənəcəyi gözləntisi var.

Düz məntiq Ermənistan üzərindən tətbiq edilən planın İrana qarşı olduğunu göstərir və bu, Tehranın niyə susduğu haqda müəyyən versiyaları önə çıxarır.

Birincisi, İran Ermənistan üzərindən bölgəyə daxil olmaq və Rusiyanın mövqelərinə zərbə endirmək planında Qərblə gizli əməkdaşlıq içindədir: Tehranın Zəngəzur dəhlizi layihəsinə qarşı Qərblə eyni mövqe sərgiləməsi fonunda belə şübhələr artır;

İkincisi, İran Qərbin Rusiyanı Ermənistandan çıxarmaq planını Cənubi Qafqazda öz mövqelərinin möhkəmlənməsi üçün fürsət olaraq görür: Ermənistan mediası yazırdı ki, Mger Qriqoryana “kənar qüvvələrin bölgəyə gətirilməsinə qarşı olduqlarını” deyən İbrahim Rəisi qeyd edib ki, “Ermənistanın təhlükəsizliyinin təmin edilməsi ehtiyacını İran üzərinə götürə bilər”; İranın Ermənistana Zəngəzur bölgəsində hərbi baza yaratmaqla bağlı təklif verdiyinə dair məlumatlar bu kontekstdə yada düşür;

Üçüncüsü, İran bölgədə Ermənistanın “yeganə qoruyucusu” kimi Qərbdən dəstək əldə etmək niyyətindədir: Tehranın İrəvanı israrla “müdafiə etməsi”, Ermənistan sərhədini “qırmızı xətti” elan etməsinin səbəbləri arasında bu hədəf əvvəldən olub və bununla,

- Qərbə “İran olmasa, Ermənistan bölgədə təklənəcək” mesajı verir;

- Ermənistanın “təhlükəsizliyini” düşündüyünü göstərməklə Qərbdəki erməni diasporu/lobbisinin dəstəyini əldə etməyə çalışır;

- Qərbin daim aktual olan “İrana hərbi müdaxilə” ssenarisinin təxirə salınmasına, bu ssenaridə cəbhənin genişlənməsinin qarşısını almağa çalışır.

İran Ermənistan-AB-ABŞ formatı qarşısında susmağa davam edərsə, bu versiyaların reallığı ehtimalı daha da artacaq.

Seçilən
126
50
Mənbələr
Şərh ()
Bağla