AZ

Dünyanın ən təhlükəsiz ölkələrindən biri -Azərbaycan 

Son illər dünyanın müxtəlif bölgələrində çox təhlükəli proseslər (qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri, ksenofobiya, terror aktları) baş verir. Qlobal inkişaf proseslərində fəal iştirak edən və prosesə dəyərli töhfələr verən müstəqil Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşamaqdadır. Bu mənada demək olar ki, ölkəmiz  daxili risklərin hamısını aradan qaldırmış və  xarici risklərdən isə özümüzü qoruya bilmişidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində demişdir: ”Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”. Şübhəsiz, son illər bir sıra mühüm görüşlərin  Bakıda keçirilməsi ölkəmizə, onun başçısına olan etimad və inamın bariz nümunəsidir.

Bu fakt bəzi ölkələrin mətbuat orqanlarının da diqqət mərkəzindədir. Yəni, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müəyyən etdiyi bu kurs dünya dövlətləri, həmçinin mötəbər qurumlar tərəfindən də müsbət qiymətləndirilir. Məsələn, baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında "Dünyanın ən təhlükəsiz ölkələri hansılardır?" sərlövhəli məqalə dərc edilib. Tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə Qlobal Terrorizm İndeksinə (QTİ) görə Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi 141 ölkə arasında 18-ci yerdə qərarlaşdığı göstərilib. Bildirilib ki, QTİ dünya əhalisinin 99,7 faizinin məruz qaldığı terrorun təsirini təhlil edən hərtərəfli araşdırmadır. Burada terror hadisələrinin və ölüm hallarının sayı, terrorla mübarizə, terrorla bağlı aparılan araşdırmaların effektivliyi və bir çox digər göstəricilər nəzərə alınır.

Məqalədə, həmçinin Azərbaycanın, eyni zamanda, cinayətkarlığın yayılma miqyasına görə dünyanın ən təhlükəsiz 20 ölkəsi siyahısına daxil edildiyi faktı diqqətə çatdırılıb. Qeyd olunub ki, sözügedən siyahı ölkələr və şəhərlər üzrə dünyanın ən böyük statistik məlumat bazasına malik “Numbea” resursu tərəfindən tərtib edilib. Belə ki, sorğuda sakinlərdən gecə saatlarında şəhərdə tək gəzə bilib-bilmədikləri, polisin işindən razı olub-olmadıqları, son 12 ayda hücuma və ya soyğuna məruz qalıb-qalmadıqları soruşulub.
Müəllif Azərbaycanı sinaqoqların qapılarının gün ərzində açıq qaldığı nadir ölkələrdən biri kimi xarakterizə edərək Ermənistanla münaqişəli vəziyyətə rəğmən Bakının mərkəzində erməni kilsəsinin mühafizə olunduğuna diqqət çəkib və Prezident İlham Əliyevin “Bu gün Azərbaycan təhlükəsizlik adasıdır” ifadəsinin gerçəklik olduğunu vurğulayıb.

Bəli, dünyanın ayrı-ayrı ölkələrindəki qarşıdurmalara, gərginliklərə, silahlı münaqişələrə rəğmən bu gün Azərbaycan bütün beynəlxalq aləmdə sabitlik və inkişaf məkanı, mədəniyyətlərin dialoqu meydanı, tolerantlıq, multikulturalizm kimi dəyərləri aktuallaşdıran ölkə kimi qəbul olunur.
Şübhəsiz, bütün bunları Azərbaycanın uğurlu daxili və xarici siyasətinin beynəlxalq səviyyədə təsdiqi kimi dəyərləndirmək olar. Bütün bunlar  bir daha sübut edir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət daxili sabitliyi, regional təhlükəsizliyi yüksək səviyyədə təmin edib. Bunu həm də regionda ya¬ranmış vəziyyəti öz xeyrinə dəyiş¬mək istəyən, bölgənin yenidən münaqişə ocağına çevrilməsinə ça¬lışan bəzi dairələrin təxribat və kəş¬fiyyat-pozuculuq fəaliyyətini, casus şəbəkəsi yaradaraq ölkəmizin milli təhlükəsizliyinin zərərinə hesablan¬mış müxtəlif planlar həyata keçir¬mək istəyənlərin cəhdlərini vaxtında ifşa edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tarixi uğuru da adlandırmaq olar. Bu məqamda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin “Dövlətin təhlükəsizliyi naminə” sərlövhəli məqaləsinidəki bu fikirləri xatırlamaq yerinə düşərdi: “Ötən 2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidmətində müxtəlif istiqamətləri əhatə edən sahələr üzrə əldə olunan bir sıra uğurlu nəticələrə xüsusi toxunmaq istərdim. Beləliklə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ümumilikdə 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılmış, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olmuşdur”. O həmçinin bildirmişdir ki, nüfuzlu beynəlxalq təşkilatların, aparıcı institutların və beyin mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının daim istinad mənbəyi kimi çıxış edən “Global Terrorism Index” hesabatlarının tərtibçiləri də ölkəmizin təhlükəsizliyin təmin olunması istiqamətində uğurlu fəaliyyətinə nəzər yetirmiş və cari ilin mart ayında dərc olunmuş “Global Terrorism Index 2024” hesabatında Azərbaycan terror təhlükəsinə görə dövlətlərin reytinq cədvəlində ən təhlükəsiz ölkələr sırasında qərarlaşmış və respublikamızın terrorizmlə mübarizədə əhəmiyyətli nəticələrə nail olduğu nümayiş etdirilmişdir. Şübhəsiz, DTX ölkənin təhlükəsizliyinə yönələn bu kimi təhdidləri dəf etmək üçün bütün qüvvə və vasitələrini səfərbər edərək belə hallarla mübarizəsini bundan sonra da inamla davam etdirəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla