AZ

Bakıda çempionluq məşqi, Qəbələdə vida mərasimi

Adil Şükürov düz deyir. “Qarabağ”ın sona 8 tur qalmış çempion olması ayıbdır. Amma bu ayıb ağdamlıların yox, rəqiblərinindir.

Elə biri həmin “Kəpəz”in… Gəncəlilər cəmi 27 xal toplayıb, “Qarabağ” isə 26 xal fərqi ilə çempion oldu, aranın bir az da açılacağı şübhə doğurmur. “Qəbələ”nin cəmi 16 xalı var, Qurban Qurbanovun yetirmələri 70-ə çatır. Hələ çempionun iki əsas izləyicisinin birlkdə vurduğu qoldan daha çox fərqləndiyini demirik.

Misli Premyer Liqasının cari mövsümü bir aktyorun tamaşası oldu. “Qarabağ” baş rolda ikən digərləri epizodik rol ifaşısı idi, hamı kiçik parçasını oynayır. Məsələn, dünən “Qarabağ” çempionluq məşqi etdi, 6 müxtəlif formalı qol vurdu, “Kəpəz” isə son saniyələrdə təsəll qolu ilə kifayətləndi.

Şükürov hamıya, o cümlədən öz komandasına əsəbləşibsə, haqqı var. Gəncədə Mikayıl Nərmanoğlu Elxan Məmmədovla birləşib talançılıq edəndə, stadion dərdi ilə didərgin düşəndə “Qarabağ” illərlə meyvəsini dərəcəyi sistem yaradırdı. O biri komandaların da hərəsinin öz dərdi var – biri milyonları havaya sovurur; bir özünə baza tikmək əvəzinə hər il bir bazanın pulunu icarələrə xərcləyir; biri klubdaxili qovğalarla gün keçirir; digər biri transferlərdən pul qırmaqla məşğuldur.

Amma Adil bəyin rəqibi qoruyaraq oynamaq barədə dedikləri ikibaşlıdır. Aydınlıq gətirsə, yaxşı olar. Və əgər öz yetirmələri də “Qarabağ”a qarşı mərhəmətli davranıbsa, bunun günahı elə baş məşqçinin özündədir. Deməli, rəqibə qarşı komandasını motivasiya edə bilməyib. Bəlkə də “komandalar “Qarabağ”dan qorxduqları üçün ehtiyatlı oynayır” desəydi, anlaşılan olardı.

İstənilən halda, “Qarabağ” 11-ci çempionluğunu rəsmiləşdirdi. Əzici üstünlüklə keçən mövsümdə məşq xarakterli daha 8 oyun və ölkə kubokunda mübarizə var. Rəqiblərin daha “Qarabağ”ı qorumasına da ehtiyac yoxdur, hamı öz başını saxlasa, daha yaxşı olar. Necə ki, 3-cü dövrənin açılış matçında “Qəbələ” bunu bacarmadı. “Neftçi” ilə oyunda qələbə növbəti matçlarda uğur qazanmaq üçün ümid verə bilərdi, lakin bölgə təmsilçisi bunu bacarmadı, I Liqaya layiq komanda olduğunu növbəti dəfə göstərdi.

“Neftçi” 2-ci pillə üçün mübarizə aparacağını göstərdi. Düzdür, komanda favoritə layiq futbol sərgiləmir. Bakılılar autsayderlə görüşdə də əcəl təri tökdü. Amma ən önəmlisi vacib olan 3 xalı qazanmaqdır və “Neftçi” bunu bacardı. Ən yaxın qonşusu ilə 11 xallıq fərqi azalda bilməyən “qırmızı-qaralar”ı di yalnız möcüzə xilas edə bilər.

Və Adil Şükürov bu komandalardan “Qarabağ”a qarşı aqressiv oyun, barışmaz mübarizə gözləyir. Özünü qorumağı bacarmayanlar görəsən, “Qarabağ”ı niyə qorusun ki?..

FƏRİD

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla