AZ

Azərbaycan-Çin münasibətləri hər iki ölkənin maraqlarına cavab verirŞƏRH

Azərbaycan-Çin

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycanla Çin arasında münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına cavab verir. Eyni zamanda, qlobal dünyanın çağırışları da əlaqələrin dərinləşdirilməsini zərurətə çevirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ramın Məmmədov deyib.

O qeyd edib ki, qlobal gücə çevrilən Çinin artan iqtisadi qüdrəti dünyada həlledici söz sahibi olmasını şərtləndirən əsas amillərdən biridir.

Azərbaycan-Çin münasibətlərini bir neçə vacib kontekstdə nəzərdən keçirməyin mümkün olduğunu söyləyən deputat əlavə edib: “Birinci məqam ondan ibarətdir ki, iki ölkənin geosiyasi maraqları üst-üstə düşür. Çin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Çin heç vaxt bu mövzu ilə bağlı Azərbaycanın BMT-də irəli sürdüyü təkliflərə qarşı çıxmayıb. Hələ 2008-ci ildə BMT Baş Məclisi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair qəbul olunan qətnamədə Çin Azərbaycanın lehinə səs vermişdi. 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə də Çin ədalətli mövqe tutub. Biz də “Vahid Çin” prinsiplərini müdafiə etdiyimizi dəfələrlə rəsmi səviyyədə bildirmişik”.

R.Məmmədov qeyd edib ki, Azərbaycanla Çin arasında münasibətlərin inkişafını şərtləndirən digər mühüm məqam dünyada “yaşıl enerji” keçidinin sürətləndirilməsi ilə bağlıdır. Deputat vurğulayıb ki, bərpaolunan enerji texnologiyalarının tətbiqi məqsədilə Azərbaycan Çin şirkətləri ilə əməkdaşlığı inkişaf etdirir: “Bir çox beyin mərkəzlərinin qiymətləndirmələrinə görə, bir neçə il sonra Çin dünya üzrə bərpaolunan enerji potensialının təxminən 43 faizini təmin etmək iqtidarında olacaq. Hesab edirəm ki, bunun nə qədər ciddi bir göstərici olduğunu izah etməyə ehtiyac yoxdur. Azərbaycan “yaşıl enerji”yə keçidi özünün əsas hədəfləri sırasında görür. Bu baxımdan, Çinlə əməkdaşlığın bu sahədə də genişləndirilməsi istiqamətində addımlar atılır”.

Üçüncü mühüm məqamın nəqliyyat-logistika məsələlərini əhatə etdiyini deyən deputat xatırladıb: “Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsinə qoşulmağa hazır olduğunu elan edən ilk ölkələrdən biridir. Müasir dünya tarixində ən iddialı iqtisadi proqramlardan biri kimi qəbul edilən bu təşəbbüs beynəlxalq iqtisadi münasibətlər sistemində çox böyük dəyişikliklər yarada bilər. “Bir kəmər, bir yol” təşəbbüsünün beynəlxalq səviyyədə yüklərin daşınmasında və milli gəlirlərin həcmində ciddi artıma, regional inkişafa təkan verəcəyi proqnozlaşdırılır. Azərbaycan və Çin arasında bir neçə il öncə “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Biz Çindən Avropaya ən qısa yolu - Orta Dəhlizi gücləndirən böyük bir strateji inkişaf kursu həyata keçiririk. Zəngəzur dəhlizinin yaradılması isə Orta Dəhlizin inkişafına səbəb ola bilər”.

R.Məmmədov vurğulayıb ki, iki ölkənin üst-üstə düşən ortaq maraqları iqtisadiyyatın bütün sahələrində uğurla inkişaf edən əməkdaşlıq modeli qurmağa imkan verir.

Seçilən
52
50
Mənbələr
Şərh ()
Bağla