AZ

Mərkəzi Bank və özəl banklar hələ də bir-birinə əks prinsiplərlə işləyir...

Image

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 8,75 %-dən 8,5 %-ə endirilib.

Baş bank bəyan edir ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib: “Proqnozlaşdırılan inflyasiyanın hədəfdə qalmasını nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyən edilərkən onların banklararası pul bazarındakı faizlərə təsir miqyası da nəzərə alınıb”. Qeyd edək ki, undan əvvəl yanvarın 31-də Mərkəzi Bank uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 8 %-dən 7,75 %-ə endirilməsi barədə qərar qəbul edib. Martin sonunda bu göstərici bir qədər də azaldıldı. Lakin prosesin il ərzində davam edəcəyi gözlənilir. Hətta beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” 2024-cü ilin sonunadək Azərbaycanda uçot dərəcəsinin 6,5 %-ə enəcəyini proqnozlaşdırır. Iqtisadi nəzəriyyəyə əsasən, uçot dərəcəsi aşağı olarsa, bank kreditlərinin faizləri düşməlidir. Amma bir neçə rübdür davam edən bu proseslərin fonunda Azərbaycanda kredit faizləri azalmır. Fevralda Azərbaycandakı bankların təklif etdiyi kreditin məbləği 300 manatdan 150 min manatadək dəyişib. Kreditin illik faiz dərəcəsi 11-16 aralığında olub. Mərkəzi Bankın məlumatına görə, 2024-cü il fevralın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20.3 faiz artaraq 24 milyard 362.5 milyon manat təşkil edib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 22.2 faiz azalaraq 454.1 milyon manat olub ki, bu da ümumi kredit portfelinin 1.9 faizinə bərabərdir.Kredit faizlərinin aşağı düşməməsi ilə bağlı Mərkəzi Bank və başqa uyğun qurumlarla danışmaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Turana bildirib ki, kredit faizlərinin aşağı salınacağı ehtimalı yoxdur: "Biz bu məsələni dəfələrlə qaldırmışıq. Bizə cavab verilir ki, bank krediti faizləri depozit faizlərindən üstəgəl uçot dərəcəsindən, 2-3 faizlik bank gəlirlərindən və bank risklərindən formalaşır. Bunların hamısı üst-üstə gələndə təklif olunan kredit faizləri alınır. Yəni, pulun maya dəyəri ən azından 16-17 faizdir".  Deputatın sözlərinə görə, bazar iqtisadiyyatı olan digər normal ölkədəki kimi, Azərbaycanda da tələb-təklif qanunu mövcuddur: "Belə faizlə verilən kreditlərə tələb varsa, deməli, təklif də olacaq. Bu faizlərlə krediti çox az adam götürərsə, onda banklar faizlərini azaldacaq".

İqtisadçı Natiq Cəfərli isə  bildirib ki, ölkədə iqtisadi institutlar zəif olduğu üçün Mərkəzi Bankın və onun faiz dərəcəsinin iqtisadiyyatda ciddi rol almasında problemlər var: "Devalvasiyadan öncə Azərbaycanda uçot dərəcəsi 3 faiz civarında idi. Amma bank faizləri 15-20 faiz olub. Sonra Azərbaycanda uçot dərəcəsi ən yüksək həddə -15 faizə yaxın oldu, amma yenə də kredit faizlərinə bunun ciddi təsiri olmadı. Bu ondan irəli gəlir ki, ölkədə qiymətli kağızlar bazarı, maliyyə, kapital bazarı yoxdur". Onun fikrincə, bankların kredit faizlərinin yaranmasında uçot dərəcəsinin çox az təsiri var: "Yeganə təsiri odur ki, banklar Mərkəzi Bankdan qısa və ortamüddətli borc alarkən borcu uçot dərəcəsi faizinə uyğun alırlar. Amma borcun həcmi ümumi iqtisadiyyatın həcminə baxanda çox kiçikdir". N.Cəfərli “Azadlıq” radiosuna açıqlamasında kredit faizlərinə təsir edən iki əsas amili göstərir: "Onlardan biri depozit faizlərinin çox yüksək olmasıdır. Banklar bunun 10 faiz civarında olduğunu misal gətirib söyləyirlər ki, bu, bahadırsa, biz krediti da yüksək faizlə verməyə məcburuq. Depozit faizlərini də aşağı çəkə bilmirlər, çünki manatla depozitlərə maraq azalacaq, insanlar manat vəsaitlərini valyutaya çevirəcək. Bu, baş verəndə də valyuta bazarında gərginlik yaranır". İqtisadçının sözlərinə görə, əsas səbəb rəqabətsizlik mühitidir. O hesab edir ki, kredit faizlərinin düşməsi üçün iqtisadi institutlar güclənməlidir və ciddi rəqabət mühiti yaranmalıdır, xarici bankların ölkəyə buraxılması asanlaşmalıdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da qeyd edir ki, hələlik uçot dərəcəsinin kredit faizlərinə ciddi təsiri yoxdur: “Etiraf etmək lazımdır ki, bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Amma adətən digər ölkələrdə Mərkəzi Banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit faizlərində də enişlər müşahidə edilir. Azərbaycan Mərkəzi Bankının son dövrlər uçot faiz dərəcəsinin azaltmasına rəğmən əksinə depozit faizlərində artım müşahidə olunmaqdadır. Əvvəllər 5-6 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8-9,5 faiz arasında dəyişir. Depozit faizlərindəki artımlara “Bloomberg” platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. 15 milyard manatlıq M0 bankları daha aktiv kampaniyalara sövq edir. Bütün hallarda isə, Mərkəzi Bankın son qərarı kredit faizlərində ciddi dəyişikliyə səbəb olmayacaq”.

Ramil QULİYEV





Seçilən
47
Mənbələr
Şərh ()
Bağla