AZ

Braziliya VAR-sız oyunlarda iştirak etməyəcək

Srağagün “Santyaqo Bernabeu”da İspaniya ilə Braziliya arasında çox maraqlı və məhsuldar bir yoldaşlıq oyunu baş tutdu.

"Football-plus.az" Xəbər verir ki, hadisələr və penaltilər ilə zəngin qarşılaşmada İspaniya əvvəlcə 2:0, sonra 3:2 önə keçsə də, beşqat dünya çempionları məğlubiyyətdən qurtulmağı bacardılar (3:3). Madriddə “Real”ın hazırki futbolçusu Rodriqo ilə gələcək futbolçusu Endrikin İspaniyaya qol vurması diqqəti çəkdi. “Real”ın Braziliyada oynayan daha bir önəmli üzvü Vinisius isə qol vurmasa da, meydana kapitan sarğısı ilə çıxdı. Yeri gəlmişkən, Endrik yığmada ilk iki qolu 49 dəqiqəyə vurmaqla Braziliyanın yeni rekordçusuna çevrildi. Əvvəlki rekord ilk 2 qolu 64 dəqiqəyə vuran Peleyə məxsus idi. Ronaldoya isə 2 qol vurmaq üçün 529 dəqiqə meydanda keçirmək lazım gəlmişdi. Xatırladaq ki, 17 yaşlı Endrik İngiltərə ilə yoldaşlıq oyununda ikinci hissədə meydana çıxaraq qələbə qolunun müəllifi olmuşdu. Emosional və gərgin anlara səbəb olan oyunda Vinisiusun əks düşərgədə yer olan “Real”dakı komanda yoldaşı Xoselu, eləcə də “Real”ın sabiq üzvü Alvaro Morata ilə mübahisə yaşaması da gözdən qaçmadı.

Bu arada Braziliya düşərgəsinin oyunun 35 yaşlı portuqaliyalı hakimi Antonio Nobrenin idarəçiliyindən narazı qaldığı məlum olub. Braziliyalıların fikrincə, onların əleyhinə təyin olunan və Rodrinin qola çevridiyi hər iki penalti şübhəlidi. Maraqlıdı ki, Braziliya özü də əsas vaxta əlavə olunan 6-cı dəqiqədə hesabı məhz penalti ilə bərabərləşdirdi. “Pentakampeonlar”ı narazı salan əsas məqam belə oyunda VAR sistemindən istifadə edilməməsidi. Braziliya Futbol Konfederasiyasının (BFK) prezidenti Ednaldo Rodriges matçın ardından bildirib ki, Braziliya bundan sonra VAR sisteminin istfadə edilmədiyi qarşılaşmada yer almayacaq! Bu, həm rəsmi, həm də yoldaşlıq oyunlarına aiddi. Artıq BFK bu tələbini FİFA rəsmilərinə də çatdırıb. Rodriges əlavə edib ki, VAR-dan Braziliyada ilk 4 liqanın hamısında, qadınların və hətta gənclərin turnirlərində istifadə olunduğu halda, bu qədər inkişaf etmiş Avropada vacib yoldaşlıq matçlarında istifadə olunmaması qəribədi. Həqiqətən də Braziliya dünyada VAR-dan ən çox istifadə edən ölkələrdən biri, bəlkə də birincisidi.

Seçilən
48
50
Mənbələr
Şərh ()
Bağla