AZ

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini söyləyib. Bildirib ki, bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhali – qadın, uşaq, qoca yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib.

Akademik Gövhər Baxşəliyeva qeyd edib ki, tarixin hələ tam açılmamış səhifələrindən olan bu soyqırımı hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. 1918-ci ildə ermənilər insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Akademik ermənilərin təkcə indiki Azərbaycan Respublikasının ərazisində deyil, həmçinin Cənubi Azərbaycanda kütləvi qırğınlar törətdiklərini qeyd edib. Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun əməkdaşlarının Şimali və Cənubi Azərbaycanda ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarına həsr olunmuş və tarixi həqiqətləri üzə çıxaran kitablarından söz açıb.

Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva 1918-ci ildə bolşevik adı altında quldur erməni dəstələrinin Qubada törətdikləri soyqırımından danışaraq, həmin hadisələrin dəhşətli nəticələrini əks etdirən faktları diqqətə çatdırıb. Həmin hadisələr zamanı Quba qəzasında 167 kəndin tamamilə dağıdıldığını bildirən Mehriban Əliyeva bunlardan 40-dan çoxunun bərpa edilmədiyini qeyd edib. 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edildiyini xatırladan direktor müavini 2009-cu il dekabrın 30-da Prezident İlham Əliyevin soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzaladığını qeyd edərək, 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kompleksin açılışını etdiyini bildirib.

Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi dosent Sübhan Talıblı çar Rusiyası və bir sıra dövlətlərin hərtərəfli dəstəyilə tarixi Azərbaycan torpaqlarında xristianlaşma siyasətinə uyğun olaraq məskunlaşdırılan ermənilərin ərazilərimizdə zaman-zaman təcavüz, soyğunçuluq, qarət, etnik təmizləmə, kütləvi qırğınlar, soyqırımı həyata keçirdiklərini, xarici ölkələrin siyasətinə uyğun fəaliyyət göstərdiklərini bildirib. Sübhan Talıblı Neftçalada törədilən soyqırımından danışıb. Erməni-daşnak quldur dəstələrinin 1918-ci ilin iyun ayında Bakıdan 2 zirehli, 4 nəqliyyat gəmisi ilə Xəzər dənizi vasitəsilə Kür çayının mənsəbinə gəlib çatdıqlarını, gəmilərin Kür çayına keçdiyini və erməni-daşnak quldurlarının çayın ətrafında olan kəndlərə hücum edərək əhalinin mal-mülklərini qarət etdiklərini, insanları vəhşicəsinə qətlə yetirdiklərini qeyd edib. Çıxışda Neftçalanın Bankə, Seyidlər, Uzunbabalı, Tatarməhəll, Xıllı, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngən, Kür Qaraqaşlı kəndlərində həyata keçirilən qarət, soyğunçuluq və soyqırımından bəhs edilib.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri Fransanın erməniləri Cənubi Azərbaycanda soyqırımı törətməkdə himayə etməsindən danışıb. Bildirib ki, Fransa həm missioner fəaliyyəti çərçivəsində, həm də Birinci Dünya müharibəsi illərində və ondan sonra erməniləri müxtəlif formalarda azərbaycanlılara qarşı soyqırımı törətməkdə himayə edib. Fransa hələ 1807-ci ildən missionerlərini Urmiyaya göndərib və onların vasitəsilə dağınıq şəkildə yaşayan erməniləri yerli əhaliyə qarşı təşkilatlandırmağa başlayıb. Fransa daha sonra maliyyə yardımı ayıraraq erməni və aysorları silahlı dəstələr şəklində təşkilatlandırıb və öz zabitləri ilə onlara hərbi təlim verib, azərbaycanlılara qarşı soyqırımı törətməkdə yardım edib.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla