AZ

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

Naxçıvan, 29 mart, AZƏRTAC

AMEA-nın Naxçıvan Bölməsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycanlılara qarşı soyqırım siyasəti: səbəbləri və nəticələri” adlı elmi konfrans keçirilib.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev ermənilərin tarixi torpaqlarımıza köçürülməsi ilə alovlanan “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək arzusundan, ərazi iddialarını həyata keçirmək üçün xalqımıza qarşı yürütdükləri soyqırımı və deportasiya siyasətindən danışıb. Bölmə sədri bildirib ki, 1918-ci il soyqırımı ərazisinə və səbəb olduğu insan itkisinə görə xalqımıza qarşı törədilmiş ən qanlı cinayətdir. Bədxahlar Azərbaycanın Bakı, Quba, Naxçıvan, Lənkəran və başqa bölgələrində törətdikləri qırğınlarla öz vəhşi xislətlərini sübut edib, təkcə qətliamlarla deyil, azərbaycanlıları öz yurd-yuvalarından didərgin salaraq arzularına çatmağa çalışıblar.

Akademik qeyd edib ki, 31 mart tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründə 2 dəfə qeyd olunub, cümhuriyyətin süqutundan sonra sovet hakimiyyəti tərəfindən təhrif edilərək unutdurulub. Yalnız Ulu Öndər Heydər Əliyev 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə bu soyqırımına hüquqi-siyasi qiymət verib. Fərmanın imzalanmasından sonra çoxlu sayda kitab və monoqrafiyalar işıq üzü görüb, Azərbaycan, Türkiyə və Rusiya arxivlərindən soyqırımı ilə bağlı toplanan materiallar külliyyatı nəşr olunub.

“XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətləri və onların mahiyyəti” mövzusunda məruzə edən bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov XIX əsrin sonlarında təşkilatlanmağa başlayan erməni terror qruplaşmalarının Anadoluda və Qafqazda həyata keçirdikləri qırğınlardan, soyqırımlarından təfsilatlı söhbət açıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “31 Mart soyqırımının bədii əksi” mövzusundakı məruzəsində azərbaycanlıları tarixi torpaqlarından çıxarmağa, sırf etnik mənsubiyyətinə görə yer üzündən silməyə çalışan ermənilərin bədii obrazının, törətdikləri cinayətlərin milli təfəkkürdə, ədəbiyyatda əksi məsələsini təhlil edib.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla