AZ

Azərbaycandakı gənc nəsil torpaqlarımızın işğaldan azad olunmasında əvəzedilməz rol oynadı

Görkəmli filosof, yazıçı, mütəfəkkir Jan-Jak Russo uşaqları “qocalığımız” adlandırıb. Onun sözlərinə görə, “düzgün tərbiyə – xoşbəxt qocalığımız, pis tərbiyə gələcək dərdimiz, göz yaşımız, digər insanlar, bütün ölkə qarşısında günahımızdır”.

Heç kimə sirr deyil ki, hər bir ölkənin, cəmiyyətin gələcəyini uşaqlar və gənclər müəyyənləşdirir, onların mövcudluğu demoqrafiyanın taleyini həll edir. Amma məsələ təkcə dünyaya uşaq gətirməklə bitmir. Valideynin övlad sahibi olması böyük məsuliyyətdir. Çünki ailədə uşağın və gəncin düzgün tərbiyəsi fiziki və mənəvi cəhətdən kamil şəxsiyyətin təşəkkülünün təməlini qoyur. Ailə dəyərlərinin daşıyıcısı olan uşaq məktəbdə davam etdirilən təhsil və təlim vasitəsilə daha da güclü insana çevrilir. Valideyn və məktəb uşağın müstəqil şəxsiyyət kimi yetişməsi naminə onu bütün stresslərdən qorumaqla yanaşı, həm də cəmiyyətin labirintlərində çaş-baş qalmaması üçün sərbəst şəkildə həyata hazırlamalıdır.

Çox təəssüf ki, sovet imperiyası və ermənilər tərəfindən xalqımıza qarşı Qarabağ münaqişəsinin başlanması azəraycanlı uşaqların erməni faşizmi ilə üz-üzə qalmasına səbəb oldu. Məmləkətimizin başının üstünü alan fəlakət zamanı uşaq və gənclər ailə üzvləri ilə birlikdə qətlə yetirildilər, ağır işgəncələrə məruz qaldılar, əsir götürüldülər. Valideynlərini deportasiya, soyqırım, müharibə zamanı itirən, təhsildən geri qalan uşaqların sayı çoxaldı.

Deputatların

Sovet rejiminin Bakıda törətdiyi qanlı 20 Yanvar faciəsi zamanı həlak olanların arasında uşaq və gənclərin olması xalqımızın genofonduna vurulan ağır zərbələrdən biri idi. 

Erməni faşistlərinin törətdiyi Xocalı soyqırımı nəticəsində 63 uşaq qətlə yetirildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76 uşaq yaralandı. Əsir götürülən 26 uşağın taleyi bu günədək məlum deyil. Bu, hələ bir hərbi cinayətin statistikasıdır…

Azərbaycan dövlətinin qətiyyəti sayəsində uşaqlarımızın və gənclərimizin erməni faşizminin qurbanı olmasına 2023-ci ilin sentyabrında tamamilə son qoyuldu. Hazırda vaxtilə erməni faşizmi nəticəsində etnik təmizləməyə məruz qalan Azərbaycan vətəndaşlarının indi azad olunmuş Qarabağa geri dönməsi, yenidən salınan şəhər və kəndlərdəki evlərdən azərbaycanlı uşaqların və gənclərin səsinin gəlməsi, uşaq bağçalarının, məktəblərin fəaliyyət göstərməsi  qürurverici, misilsiz tarixi hadisədir.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycandakı gənc nəsil müstəqilliyin əldə olunmasında, torpaqlarımızın işğaldan qurtulmasında öz möhtəşəm rolunu oynadı. Dövlət müstəqilliyinin bərqərar olunmasından uşaqlarımızın və gənclərimizin həyatında yeni mərhələnin başladığı şəksizdir. İndi uşaq və gənclərimizin səsi dünyanın müxtəlif ölkələrində keçirilən olimpiadalardan, intellektual, texnoloji yarışlardan, beynəlxalq idman turnirlərindən və mədəniyyət festivallarından, müsabiqələrindən eşidilir.  

Azərbaycan gənclərinin ABŞ, Kanada, Almaniya və başqa ölkələrin nüfuzlu universitetlərində təhsil alması, NASA, Pentaqon, İT mərkəzi hesab olunan Silikon Vadisində, dünyanın müxtəlif ölkələrindəki ən iri şirkətlərdə çalışması artıq xoş ənənəyə çevrilib.

Gənc

Amma, təbii ki, uşaqların və gənclərin tərbiyəsində və təhsilində problemlər də mövcuddur. Bəzi valideynlərin məsuliyyətsizliyi və pedaqoqların biganəliyi hansısa uşağın dərsdən geri qalması ilə nəticələnirsə, bunun zərbəsi öncə uşağa, sonra ailəyə və cəmiyyətə dəyir. Bu məqamda cahilliklə və savadsızlıqla fədakarcasına mübarizə aparan maarifpərvər şəxsiyyətlərimizin sıralaramızda azalmasının xəyal qırıqlığını yaşayırıq.

Belə anlarda düşünürsən ki, əgər vaxtilə maarifpərvər yazıçı Süleyman Sani Axundov bazarda anasının bişirdiyi çörəkləri satan Cəfər Cabbarlını realnı məktəbinə cəlb etməsəydi, Azərbaycan necə istedadlı və böyük ədibindən məhrum qalardı?!

Bunu biz demirik, mütəxəssislər deyirlər: əgər insanlar övladlarının saatlarla kompüter və telefon arxasında oturmasına, onların sadəcə oyunlar oynamasına biganəlik göstərirlərsə, bunun əzabını ömür boyu çəkəcəklər. Çünki uşaqları vaxtında, lakin zorakılıq göstərmədən fiziki əməyə həvəsləndirməyən, mənəvi cəhətdən zənginləşdirməyən, mərhəmət, xeyirxahlıq kimi dəyərləri aşılamayan valideyn mükəmməl insan yetişdirə bilməz.

Xarici ölkələrdə uşaqların və gənclərin əməyə alışdırılması təcrübəsi var. Məsələn, bir neçə il öncə Britaniyanın baş naziri Con Meycorun məktəbli övladının yay tətili dövründə çalışmasını ingilislər fəxrlə dilə gətirirdilər. Və yaxud Kanadada ailələrin övladları ilə birlikdə hansısa fermaları gəzməsi, oradan meyvələr toplaması uşaqların erkən yaşlarından zəhmətə alışdırılmasına xidmət edir. Bundan başqa, uşaqların, gənclərin açıq havada olması, təbiətlə nəfəs alması onları fiziki cəhətdən möhkəmləndirir.

Ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin (İDEA) təsisçisi və sədri Leyla Əliyevanın rəhbərliyi ilə paytaxtın müxtəlif yerlərində “Bizim həyət” layihəsinin gerçəkləşdirilməsi də uşaq və gənclərin asudə vaxtlarını açıq havada keçirməsinə hədəflənib. Bu layihə sayəsində uşaqlar öz həyətlərindən çıxmadan, ödənişsiz şəkildə müxtəlif idman qurğularında məşq edir, atraksionlarda əylənir, şahmat, basketbol və futbol oynaya bilirlər. Bu, uşaqların sosiallaşmasına, həmyaşıdları ilə ünsiyyətlərinin artırılmasına, bir-birlərinə, ətraf mühitə, yaşıllığa həssas münasibət göstərmələrinə, pis vərdişlərdən uzaq durmalarına gətirib çıxarır. Ən əsası, valideynlər onlar üçün quraşdırılmış çoxsaylı skamyalarda əyləşərək övladlarına nəzarət edə bilirlər.

Məktəblilərin hərtərəfli bilik və savada malik olması ilə yanaşı, musiqi, şahmat, rəsm, rəqs və müxtəlif idman növləti ilə məşğul olması onları mənəvi və fiziki baxımdan daha da zənginləşdirən amillərdir. Odur ki, “sağlam bədəndə sağlam ruh olar” devizi həm valideynlərin, həm də müəllimlərin devizinə çevrilməlidir.

Xatirə SADİQ,

KONKRET.az

Medianın

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusuna uyğun olaraq dərc edilir.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla