AZ

Qədr gecəsinin sonsuz FƏZİLƏTİ: ““Qurani-Kərim”in nazil olduğu və bəşəri işlərin…”

“Rəvayət və ayələrdən belə aydın olur ki, bəndələrin il boyu bütün taleləri həmin gecədə müəyyən olunduğu üçün Qədr gecəsi belə adlanır”.

Bu fikirləri mübarək Ramazan ayında Qədr gecələrinin xüsusi önəmi və diqqət edilməsi məqamlar haqda danışan Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, “Hacı Cavad” məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gecə ilin ən fəzilətli gecəsi sayılır:

“Qədr gecəsi ilin böyük və mühüm gecələrindəndir ki, onu qələmlər, dillər təsvir edə bilmir, ağıl isə bu gecənin fəzilətləri qarşısında məəttəl qalır, onu anlamaqda aciz olur. Qədr gecəsi müsəlmanlar üçün qiymətli və fəzilətli, “Quran”ın nazil olduğu və bəşəri işlərin təqdir gecəsidir. Rəvayətə görə, həmin gecənin ibadəti səksən ildən artıqdır və başqa gecələrlə müqayisə oluna bilməz.

Qədr gecəsində oyaq qalmaq və ibadi əməllərlə məşğul olmaq, “Quran” oxumaq, dua etmək, tövbə və istiğfar diləmək, sədəqə vermək çox yaxşı olar. Qədr gecəsinin fəzilətlərini dini mənbələr belə təsvir edir: “Quran”ın nazil olması ilə şərəfli bir gecədir. Uca Allah buyurur: “Biz “Quran”ı Qədr gecəsində nazil etdik”. Allahın Peyğəmbəri (s) isə bu gecəni tərifləyərkən belə buyurdu: “Ramazan ayların, Qədr gecəsi isə gecələrin ağasıdır”.

“Qədr” sözü üçün ölçü və kəmiyyət, böyük və əzəmətli, sıxlıq, qiymətli və bahalı kimi bir çox mənalar qeyd edilib. “Qədr” ölçü və miqdar deməkdir. “Qurani-Kərim”də buyurulur ki, “Allah hər şey üçün bir ölçü təyin edib”. Rəvayət və ayələrdən belə aydın olur ki, bəndələrin il boyu bütün taleləri həmin gecədə müəyyən olunduğu üçün Qədr gecəsi belə adlanır. Qədr böyük və əzəmətli gecə deməkdir. “Qurani-Kərim”də Qədr Allahın izzəti və əzəməti kimi xatırlanır: “Onlar Allahın böyüklüyünü bilməli, qiymətləndirməlidirlər”.

Qədr həm də darlıq deməkdir. “Varlı-karlı olan öz varına görə versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin”. Qədr eyni zamanda, dəyərli və qiymətli deməkdir; Bu gecəni dirildən izzət və məqam sahibi olar. “Qədr” sözdə bir şeyi ölçmək, müəyyən etmək, xüsusi sayda və xüsusi şəkildə yerləşdirmək mənasındadır. Bu həm də məqbul və hikmətin tələblərinə uyğun olaraq tənzimləmək, müəyyən qədər təyin etmək, yaradılış, hökm və mühakimə məsələlərini müəyyən etmək və idarə etmək mənasına da gəlir”.

İsmayıl Bakuvi

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla