AZ

Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?

Polşanın baş naziri Avropanın müharibə astanasında olduğunu, Ukraynanın məğlub olacağı təqdirdə regionda heç kimin özünü təhlükəsiz hiss etməyəcəyini bildirib. Bəzi Avropa dövlətləri də bu qənaəti bölüşməkdədir.

 

Maraqlıdır, Ukraynadakı müharibə, yaxud onun mümkün nəticələri Cənubi Qafqaz üçün də hər hansı risk təşkil edirmi? Bu müharibəyə bizdən uzaqda və bizə aidiyyatı olmayan bir məsələ kimi baxmalıyıq, yoxsa biz də bəzi ssenarilərə hazır olmalıyıq?

 

Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva baş verənlərə görə əsas məsuliyyətin elə  Avropanın özünün üzərinə düşdüyünü vurğulayıb:

 

“Avropanın müharibə astanasına gəlib çıxmasında əsas günahkar indiki məqamda elə Qərbin özüdür. Çünki Ukraynanı plazdarma çevirən, Kiyevi Kremlə qarşı silahlandıran "qoca qitədir".

 

Avropa Rusiyanın damarına basmaqla özünü çətin duruma sürüklədi. Bu baxımdan, Qərbin yeni müharibə astanasında olması təbii qanunauyğunluqdur.

 

Biz Rusiya ilə müttəfiq ölkəyik. Amma bu müttəfiqlik sənədi hələ də parlamentlər tərəfindən ratifikasiya olunmayıb.

 

Avropada başlayacaq savaş Cənubi Qafqaz üçün təhlükəli ola bilər. Ancaq bu təhlükə tendensiyası Azərbaycan üçün keçərli deyil. Çünki rəsmi Bakı uzun illərdir müstəqil xarici siyasət yürüdür. Bir sıra hallarda Qərblə və Rusiya arasında üz-üzə gəldiyimiz "qara nöqtələr" də elə müstəqil xarici siyasət yürütməyimizlə bağlıdır. Bundan başqa, Qərbin Cənubi Qafqazda Gürcüstan və Ermənistan kimi tərəfdaşları var.

 

Avropada başlayacaq hər hansı bir müharibə daha çox bu iki qonşu ölkəni narahat etməlidir, bizi yox. Bakı indiki durumda Ankara ilə birgə addımlar atır və qarşılıqlı maraqlar çərçivəsində öz xarici siyasət kursunu müəyyənləşdirirlər. Ona görə də, Avropada başlayacaq savaşın Azərbaycan üçün hər hansı ciddi təhlükə yaradacağını düşünmürəm. Sərhədlərimizin bağlı olduğu indiki durumda heç miqrasiya axınına da tuş gəlməyəcəyik. Qərb isə baş verəcək hər hansı bir savaş fonunda bizim təbii sərvətlərimizdən asılı vəziyyətə düşəcək”.

 

Seymur ƏLİYEV

Seçilən
51
40
Mənbələr
Şərh ()
Bağla