AZ

Rusiya narahatdır...

Çünki Qərb Ermənistanı Rusiyadan qoparır

Qərbin Ermənistanı Rusiyadan uzaqlaşdırmaq cəhdləri rəsmi Moskva tərəfindən ciddi narahatlıqla qarşılanır. Çünki məqsəd Rusiyanı Cənubi Qafqazdan  sıxışdırıb çıxarmaq və Ermənistanın vasitəsilə regionda yerləşməkdir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bu məqama toxunub.

Brüssel görüşü Rusiyada narahatlıq doğurur

O bildirib ki, Ermənistan, Avropa İttifaqı və ABŞ arasında yüksək səviyyəli görüş Rusiyada narahatlıq doğurur: “Çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti yalnız Rusiyaya qarşı olmaqdır. Bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur, çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbi özünün son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha da yerləşməsinə, orada yeni ayırıcı xətləri yaratmaq, ölkələri anti-Rusiya gündəminə riayət etməyə məcbur etməyə, Moskva ilə çoxəsrlik əlaqələrini pozmağa, fəaliyyətdə olan regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini yerindən oynatmağa yönəlib. Rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamaması böyük sualdır. Axı Ermənistanı bütün dünyanın gözü qarşısında kollektiv Qərbin fövqəladə dərəcədə təhlükəli planlarının reallaşması üçün alətə çevirirlər. Hansı ki, bu, erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir”.

Fransa Cənubi Qafqazın təhlükəsizliyini təmin edə bilməz

Zaxarova hesab edir ki, Fransanın Cənubi Qafqazın təhlükəsizliyini təmin etməyə qadir olduğunu düşünmək sadəlövhlükdür. Onun sözlərinə görə, əgər Fransanın belə imkanları olsaydı, bu dövlət onu Parisin müqaviləli öhdəlikləri olduğu ölkələrə münasibətdə tətbiq edərdi: “Biz bu haqda dəfələrlə demişik. Onlar (Fransa-red.) onilliklərlə həmin ölkələrdə olublar, həmin ölkələrə öz müstəmləkələri kimi baxıblar, hətta postmüstəmləkə dövründə belə...yeni müstəmləkəçilik dövründə belə öz maraqlarını saxlamışdılar. Fransa Afrika qitəsində bunu etməyə borclu idi, ona görə ki, bunu etmək üçün pul alırdı. Fransanın orada mövcudluğu üçün səxavətlə pul ödənilirdi. Bu ölkələrdəki Fransa missiyası uğursuz oldu. Ona görə yox ki, buna səbəb siyasi uyğunsuzluq oldu. Ona görə ki, Fransa öz müttəfiqləri və tərəfdaşları olan bu ölkələrin ən böhranlı anlarında tək qoydu. Onlar da Fransa mövcudiyyətinə əvəz axtarmağa başladılar”.

Rusiya XİN nümayəndəsi deyib ki, Cənubi Qafqazın gələcəyi Paris üçün yalnız alətdir: “Bu sadəcə öz rifahını dəstəkləmək və Rusiya ilə hibrid müharibə və Afrika qitəsindəki uğursuzluğu fonunda bir vasitədir. Cənubi Qafqaz regionunda Fransanın mövcudluğu region dövlətlərini izləmək, onlar haqqında kəşfiyyat xarakterli məlumatları toplamaq, ölkələrimiz arasında əldə olunan sülh razılaşmalarının reallaşmasına imkan verməmək cəhdidir”.

Rusiyanın anklavlarla bağlı mövqeyi...

M.Zaxarova həmçinin deyib ki, Rusiyanın anklavlarla bağlı Azərbaycan və Ermənistan arasındakı məsələdə mövqeyi məlumdur. Onun sözlərinə görə, Rusiyanın bu mövzuda mövqeyi yaxşı məlumdur və ardıcıldır: “Biz tərəfləri bu mövzuda maksimal dərəcədə təmkinli olmağa, aqressiv ritorikadan çəkinməyə çağırırıq. Bütün ərazi mübahisələri, qarşılıqlı iddialar istisnasız olaraq siyasi-diplomatik müstəvidə və yalnız siyasi-diplomatik metodlarla həll olunmalıdır. Belə məsələləri, o cümlədən anklavların mübadiləsini Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyalar çərçivəsində həll etmək lazımdır. Biz öz tərəfimizdən bu işə Rusiyada nadir kartoqrafik materialların mövcudluğunu nəzərə alaraq maksimal dərəcədə yardım etməyə hazırıq”.

Zaxarova əlavə edib ki, analoji prinsiplər Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasına da tətbiq oluna bilər: “Mən diqqətinizə çatdırıram ki, biz Zəngəzur dəhlizi terminindən istifadə etmirik. Biz Azərbaycanın qərb rayonları ilə Naxçıvanla Ermənistanın Syunik (Zəngəzur) vilayəti vasitəsi ilə əlaqələndirən marşrutdan danışırıq”. Rusiya XİN sözçüsü Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması ilə məşğul olan Üçtərəfli İşçi Qrupun fəaliyyətini də bərpa etməyə çağırıb.

“Azərbaycan təkzib edib”

Erməni mediasının guya Azərbaycanın Ukraynaya silah tədarük etməsi iddialarına gəlincə, Zaxarova xatırladıb ki, Azərbaycan tərəfi Ukraynaya silah tədarükü barədə məlumatı rəsmi şəkildə təkzib edib. O qeyd edib ki, Ukraynaya potensial silah tədarükü ilə bağlı bütün məlumatlar Rusiyanın müvafiq qurumları tərəfindən diqqətlə yoxlanılır və həmin ölkələrlə müzakirə olunur. “Diqqətinizə çatdırım ki, Azərbaycan tərəfi sözügedən məlumatı rəsmən təkzib edib. Bir daha xatırladıram ki, biz həm də bu məsələ ilə bağlı sıx şəkildə əlaqə saxlayırıq”, -deyə Zaxarova bildirib.

Nardar BAYRAMLI

Seçilən
26
50
Mənbələr
Şərh ()
Bağla