AZ

Magistraturada ixtisas üzrə yerdəyişmə: “Qarışıqlığa səbəb olur”

Tələbələrin köçürülməsi ilə bağlı edilmiş son dəyişikliyə əsasən magistratura pilləsində təhsil alan tələbələr yalnız öz ixtisasları üzrə yerdəyişmə edə biləcəklər. Ancaq bundan fərqli olaraq bakalavr tələbələri uyğun ixtisas qrupu üzrə yerdəyişmə edirlər.

 

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) mövzu ilə bağlı AzEdu.az-a danışıb.

 

Təhsil eksperti bildirib ki, magistraturada ixtisaslar üzrə keçid imkanlarını çoxaltmaq qarışıqlığa səbəb ola bilər:

 

“Bakalavr pilləsinə qəbul müəyyən ixtisas qrupları üzrə aparılır, ancaq magistratura pilləsində bu proses qruplar yox, proqramlar üzrə keçirilir. Bakalavr pilləsində təhsil alan tələbələr təhsillərini davam etdirmək istəyirlərsə, o halda onların öz ixtisasları və bunun paralelində bir neçə proqram seçim etmək imkanları var. Məsələn, MBA kimi tanınan 56-cı proqramını (biznesin idarə edilməsi) bakalavr ixtisasından asılı olmayaraq hər kəs seçə bilər. Bundan əlavə pedaqoji yönümlü ixtisasları seçmək imkanı yaradan 27 və 42-ci proqramlar da mövcuddur. 42-ci proqramda əsasən sosial iş, gənclərlə iş ixtisasları üzrə bir çox bakalavr təhsil ala bilir.

 

Düşünürəm ki, magistratura pilləsində bakalavrda olduğu kimi konkret ixtisas qrupları üzrə ixtisasları çeşidləmək daha da çətinlik yarada bilər. Mövcud proqramlar hazırda buna daha uyğundur. Ümumiyyətlə magistratura doktorantura pilləsinə yüksəlmək, eləcə də elmi tədqiqat istiqamətində uğur əldə etmək üçün pillə rolunu oynayır. Bu nöqteyi-nəzərdən ixtisaslar üzrə keçid imkanlarını bir qədər çoxaltmaq qarışıqlığa səbəb ola bilər.

 

Qeyd edim ki, magistratura pilləsi üzrə yalnız öz ixtisası üzrə köçürülməyə o halda icazə verilir ki, tələbənin magistratura pilləsində topladığı bal, keçid balından daha yüksək olsun. Əgər ixtisasın keçid balı 55-dirsə, o halda 56 və yuxarı balla 1-ci kursdan köçürülmə etmək mümkündür. Digər hallarda isə köçürülməyə icazə verilmir”.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla