AZ

“Füzuli sənətkarlığı” kitabının Almaniyada nəşri: Dahi şairin 530 yubileyinə önəmli töhfə

Füzulişünaslığın və Mir Cəlal yaradıcılığının tədqiqində yeni mərhələ

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi ilə imzaladığı Sərəncamda deyilir:

“Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun (..) ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir.”

Görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayev Füzulinin yaşayıb-yaratdığı dövrdən təxminən 4 əsr sonra, təxminin 1920-ci illərin sonlarında Füzuli yaradıcılığı haqqında ilk elmi tədqiqatlara başlamışdı. Mir Cəlal öz tədqiqatında Füzuli yaradıcılığının ayrı-ayrı məsələləri və motivlərinin araşdırılması ilə yanaşı, ədəbiyyatşünaslıqda ilk dəfə onun ümumi ədəbi panoramasını elmi cəhətdən təqdim etməyə nail olmuşdu.

Mir Cəlal gəldiyi elmi nəticələri 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” və onun genişləndirilmiş bazasında “Füzuli sənətkarlığı“ kitabını nəşr etdirmişdi.

Mir Cəlal Paşayev bununla Azərbaycanda Füzulişünaslığın əsasını qoymuşdu.

Bu monoqrafiya Almaniyanın Erqon-Nomos nəşriyyatının Bibliotheca Academica - Şərqşünaslıq sahəsində seçilmiş nəşrlər sırasında 2023-ci ilin yayında alman dilində çap edilib. Hazırda "Füzuli sənətkarlığı" kitabının alman dilindəki nəşrinin yayılma coğrafiyası genişlənir.

Kitabın tərcüməçisi şərqşünas alim Dr. Mixael Raynhard Hessin Azərbaycan, türk, ərəb və fars dillərini, eləcə də klassik Azərbaycan ədəbiyyatını bilməsi ona Füzuli və Mir Cəlal yaradıcılığını peşəkarlıqla tərcümə etməyə imkan verib. Bu fundamental monoqrafiya sayəsində Mir Cəlal Paşayevin tədqiqatları yeni coğrafi məkan fəth etmiş olub, Avropanın şərqşünaslıq və türkologiya tədqiqat mərkəzlərinə yeni yol açılıb.

Xatırladaq ki, kitabın Avstriyada və Bakıda Milli Kitabxana və Bakı Dövlət Universitetində təqdimatları keçirilib.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla