AZ

Cənubi Qafqaz təhlükə qarşısında...

Region dövlətləri niyə səssizdirlər?

Qərbin Cənubi Qafqazla bağlı məkrli planları səngimək bilmir. 30 ilə yaxın bölgədə siyasi sabitliyin formalaşmasına, hərbi dincliyin yaranmasına mane olan qüvvələr yenidən iş başındadır. 2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirlərindən sonra öz planlarında “bəzi dəyişikliklər” edən bu güclərin nəticə etibarı ilə hədəfləri bəllidir - Ermənistanın əli ilə bölgəni yeni münaqişəyə cəlb etmək. Bunun üçün isə yeni planlar cızılır, yeni “əməkdaşlıqlar” formalaşdırılır.

Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan ABŞ-Aİ-Ermənistan müştərək görüşü də bu planların növbəti “raundu” kimi xarakterizə oluna bilər. Bəlli olduğu kimi, görüşdə məqsəd xüsusi qeyd olunmasa da, faktiki olaraq hərbi paktdan gedir - ABŞ və Aİ Ermənistanın əli ilə regiona təsir imkanlarını leqallaşdırmaq niyyətindədir. Bu isə Azərbaycanla yanaşı, ümumilikdə region ölkələrinin maraqları ilə uzlaşmır.

Bəli, burada söhbət artıq yeni formatlı hərbi demarşdan gedir. Ermənistan ilə “müttəfiqlik” etmək istəyən qüvvələrin niyyəti bəllidir - onlara heç bir hərbi-siyasi mahiyyəti olmayan Ermənsitan gərəkli belə deyil. Sadəcə olaraq, Ermənistandan istifadə edərək geostrateji əhəmiyyətə malik regiona nüfuz etmək daha rahat olacaq.

Hərbi pakt”ın hədəfləri...

Bu isə yalnız Azərbaycanın deyil, ümumilikdə regionətrafı dövlətlərin də milli maraqları ilə səsləşmir. Yaranma ehtimalından bəhs edilən bu “birlik” Qərb arzularının daşıyıcısı kimi meydana çıxır. Bəs axı, regionda İran, Rusiya, Türkiyə, Gürcüstan kimi dövlətlər nəzərə alınmır - demək ki, Ermənistanın “müttəfiqlik sərhədləri” də bu ideya əsasında cızılır. Yəni, yaranma ehtimalı ortada olan bu birlik həm Rusiya, həm Türkiyə, həm Gürcüstan, həm də İran üçün potensial təhlükə mənbəyidir. Ən aktual səbəblər isə:

- Bu hal regionun ticari maraqlarının, yeni rəqəmsal daşımacılıq imkanlarının hədəfə alınmasıdır;

- Müstəqil xarici siyasət kursu yürüdən dövlətlərə qarşı siyasi sabotajdır;

- Şərq-Qərb tranziti üzrə formalaşdırılan yeni iqtisadi münasibətlərin rentabelliyinin düşürülməsi cəhdidir;

- Ticari aortanın işinə mane olmaq üçün atılan addımlardır.

Beləliklə, ABŞ və Aİ-nin planı ilə ortaya çıxacaq bu “hərbi pakt” bütün region üçün təhdid yaradır.

Təhlükə İrana yaxınlaşmaqdadır...

Təhdidin dərəcəsi ortadadır - bu baxımdan, Azərbaycanla yanaşı digər bölgə dövlətləri də Ermənistanın belə bir birlik üzərindən fərqli xarici maraqları bölgəyə daşımasına qarşı bütün imkanlarını səfərbər etməlidir. Məsələn, belə birliyin regiona gəlişi İranın maraqlarını açıq şəkildə zərbə altına qoyur. Təsadüfi deyil ki, regiona yönəlik təhdidlərlə bağlı bir müddət öncə İran tərəfi öz narahatlığını dilə gətirmişdi. İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə erməni həmkarı Suren Papikyan arasındakı görüşdə Aştiani açıq şəkildə bildirmişdi ki, bölgəyə kənar dövlətlərin hərbi birləşmələrini cəlb etmək əks təsir göstərə bilər. M. R. Aştiani vurğulamışdı ki, regionu kənar dövlətlərin geosiyasi rəqabət meydanına çevirmək bölgənin bütün dövlətlərinin maraqlarına ziddir. Göründüyü kimi, İran özü də etiraf edir ki, Ermənistanın “əməkdaşlıq” pərdəsi altında ABŞ və ya Aİ-nin hərbi gücünü bölgəyə yerləşdirməsi Tehranın planlarına uyğun deyil. Bəli, İran bu məsələdə xüsusilə ehtiyatlı davranmalıdır. Perspektivdə həmin bölgəyə yerləşdirilən qüvvələrin məhz rəsmi Tehran üçün rəqiblərinin cızdığı yeni planlar olma ehtimalı da formalaşa bilər. Bu gün İrana qarşı aktiv sanksiyalar və embarqolar tətbiq edən Aİ, ABŞ, kollektiv Qərb onsuz da “mülki missiya” adı altında onun sərhədlərinin kənarında kəşfiyyat işləri aparır. Yeni dönəmdə Ermənistanın “hərbi pakt” üzərindən ABŞ və Aİ-ni leqal şəkildə öz sərhədləri daxilinə buraxması isə Tehrana qarşı hərbi planların aktiv fazaya qədəm qoymasını belə mümkün edə bilər. Burada ən diqqətçəkən məqam isə İranın maraqlarının təhlükə qarşısında olduğu bir məqamda İranın Ermənistandakı səfirinin Fransa səfiri ilə birgə Qərbi və Paşinyan rejimini tərənnüm etməklə məşğul olmasıdır. Axı qeyri-region dövlətlərinin regiona müdaxiləsi İran üçün həmişə “qırmızı xətt” sayılıb. Necə olur ki, İranın səfiri özünü Qərbin maraqlarının ifadəçisi kimi aparır. Bu, həm də İranın maraqlarına xəyanət deyilmi?

Rusiya niyə susur?

Bu məsələnin reallaşması eyni zamanda, Rusiyanın regiondakı maraqlarını təhdid altına salır. Proseslər sonda Ermənistandakı Rusiya hərbi bazasının çıxarılması ilə nəticələnə bilər, Moskva isə baş verənlərə hələ də ciddi reaksiya göstərmir. Axı, 32 ildən sonra Ermənistanın Rusiya sərhədçilərinin “Zvartnots” aeroportundan çıxarılması üçün Moskvaya rəsmi məktub göndərməsi də məhz bu planın tərkib hissəsidir. Hətta ermənipərəstliyi ilə tanınan Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bu məsələ ilə bağlı bildirmişdi ki, Ermənistan hökuməti Rusiya ilə münasibətləri açıq-aşkar kəsir. “Düşünürəm ki, məsələ “Zvartnots”la məhdudlaşmayacaq. İndi nə deyirlərsə desinlər, yavaş-yavaş bizim xəbərdarlıq etdiyimizi, yəni KTMT-dən çıxmağı həyata keçirirlər, sonra da Gümrüdən 102-ci bazanın çıxması məsələsini qaldıracaqlar”.

Beləliklə, Ermənistanın bölgə üçün ümumi təhlükə yaradacaq addımlarına yox deməyin vaxtı gəlib çatıb. Çünki rəsmi İrəvanın məsuliyyətsiz davranışları qarşıdakı dövrdə bölgəni fərqli maraqların poliqonuna çevirə bilər...

S.İSMAYILZADƏ

Seçilən
45
50
Mənbələr
Şərh ()
Bağla