AZ

ABŞ və Aİ Bakıya qarşı hansı təlimatlar hazırlayır?

STM rəsmisi: “Paşinyanla görüşdə hərbi-siyasi və təhlükəsizliyə dair sənədin imzalanması mümkündür”

Aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayn ilə görüşü keçiriləcək. 

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller gözlənilən görüşün məqsədləri haqqında suala cavabda belə deyib: “Ermənistan və Azərbaycan hökumətləri ilə bağlı məqsədlərimiz tərəfləri mövcud fikir ayrılıqlarını aradan qaldırmağa və möhkəm və etibarlı sülh sazişinin əldə edilməsi üzərində işləməyə təşviq etməkdən ibarətdir”.

Bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan görüşün Brüsseldə keçiriləcəyini və orada Ermənistanın inkişafı və sabitliyinin möhkəmləndirilməsi məqsədilə üçtərəfli əməkdaşlığın yollarının müzakirə ediləcəyini bildirib.

Rəsmi Bakı Avropa İttifaqı və ABŞ-ın Ermənistana hərbi yardım göstərməyi planlaşdırdığını hesab edir və qarşıda duran görüşlə bağlı narazılığını bildirib. Xüsusən Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Azərbaycan-Ermənistan sərhədində Aİ-nin Monitorinq Missiyasının yerləşdirilməsindən narazılığını ifadə edib. “Bu missiya anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur”, - deyə mətbuat katibi qeyd edib.

O, həmçinin Fransanın Ermənistanı öldürücü və hücum tipli silah növləri daxil olmaqla, hərbi texnika ilə təchiz etmək planlarının “narahatlıq doğurduğunu” bildirib. "Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır", - deyə Hacızadə qeyd edib.

Sonda o, Brüsseldə keçiriləcək görüşün Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-ın Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada biləcəyini qeyd edib və bu halda, Aİ və ABŞ-ın Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklərini vurğulayıb. 

Bəs ABŞ və Avropa İttifaqı Bakıya qarşı Ermənistana hansı təlimatlar verəcək? Azərbaycan-Ermənistan sülh sazişini bəhanə edib əslində Vaşinqton və Brüssel Ermənistanın anti-Rusiya ritorikasına dəstəyini nümayiş etdirmək istəyir?

ednews.net/uploads/news/40339/ilyas_huseynov.jpg

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, siyasi şərhçi İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, aprelin 5-də Brüsseldə keçiriləcək görüş ciddi suallar yaradır. Bu görüşdə, bəzi ehtimallara görə, hərbi-siyasi və təhlükəsizlik mövzusunda Ermənistanla tərəflər arasında Paktın imzalanması da gündəmdədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın iştirakı olmadan, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı olmadan regional təhlükəsizlik məsələləri müzakirə olunur: “Biz bunu Avropa Siyasi Birliyinin Qranadada keçirilən zirvə görüşündə də gördük. Yəni Azərbaycanın iştirakı olmadan müəyyən məsələlər müzakirəyə çıxarılırdı. Sanki bu prosesi davam etdirirlər. Amma yeni fazada. Çünki NATO-nun baş katibi Yens Stoltenberq bu yaxınlarda Cənubi Qafqazın hər üç ölkəsinə səfər elədi. Azərbaycandan səfəri başladı, Gürcüstan və Ermənistanla davam elədi. Bu səfərin əsl mahiyyətini biz görürük. Çünki NATO-nun baş katibinin səfərindən sonra indi haqqında söhbət etdiyimiz Brüssel görüşü meydana çıxdı. Baxmayaraq, ilkin fikirlər bundan ibarətdir ki, bu görüş və müzakirə olunan mövzular üçüncü tərəfə qarşı yönəlməyib, lakin biz anlayırıq ki, Ermənistanın silahlandırılması, müdafiəsi məsələsi müzakirə olunursa, bu, bizim milli maraqlarımıza qarşıdır. Çünki 30 il ərzində Ermənistan Azərbaycan ərazilərini işğal edib, bölgədə genosid, ekosid həyata keçirib və bu gün də sülhdən yayınır, işğalçılıq niyyətlərindən əl çəkmir. Bu gün sanki ABŞ və Avropa  regionda sülh əleyhinə fəaliyyətlə məşğuldur. Yeni geosiyasi reallıqları qəbul etmək, sülh müqaviləsini imzalamağı təşviq etmək əvəzinə Ermənistanın silahlandırılması üçün təşəbbüslər irəli sürülür. Həmçinin Fransa və Hindistanın Ermənistana verdiyi silahlardan sonra biz görürük ki, artıq daha güclü müstəvidə bir fəaliyyət təmin olunmaqdadır. Avropa İttifaqının mülki missiyasının tərkibinin genişləndirilməsi və bu missiyanı daha da inkişaf etdirmək məqsədləri gizlədilmir. Bu proses həm də Rusiyanın maraqlarına qarşı prosesdir. Lakin regionun məsələləri regionda həll edilməlidir tezisini irəli sürən 3+3 formatının tərəflərinin susqunluğu anlaşılan deyil. Rusiya və İran bu məsələdə qəti fikir ifadə etməlidir”.

Ekspert qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi, eləcə də Yaxın Şərqdə gedən müharibə Rusiya və İranı həmin müharibələrə diqqəti ayırmağa məcbur edir. Amma şübhəsiz ki, Cənubi Qafqaz barədə ən fundamental məsələlərə dair onların da qəti etirazı və fikir bildirməsi mühüm əhəmiyyət kəsb edir. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
44
50
Mənbələr
Şərh ()
Bağla