AZ

Türkiyə Kubokunda yarımfinal və final matçlarının tarixi açıqlandı

Futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün yarımfinal və final matçlarının keçiriləcəyi tarixlər müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Kubokunun yarımfinalında “Beşiktaş” “Ankaragücü” ilə, “Trabzonspor” isə “Fatih Karagümrük”lə qarşılaşacaq. Artıq bu matçların tarixləri bəllidir. Ev-səfər prinsipi ilə keçiriləcək yarımfinal görüşlərindən sonra finala yüksələcək komandalar müəyyənləşəcəklər.

Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, yarımfinalın ilk oyunları 23-24 apreldə keçiriləcək. Cavab görüşlərinin mayın 8-də və 9-da keçirilməsi nəzərdə tutulub. Yarımfinalın qalibləri mayın 23-də final görüşündə üz-üzə gələcəklər.

“Ankaragücü” yarımfinal mərhələsinin ilk oyununda “Beşiktaş”ı qəbul edəcək. Aprelin 23-də keçiriləcək bu qarşılaşmaya saat 20:30-da start veriləcək.

“Trabzonspor”un “Fatih Karagümrük”ü qəbul edəcəyi ilk matç aprelin 24-də oynanılacaq. Bu oyuna da saat 20:30-da start veriləcək.

Xatırladaq ki, Türkiyə Kuboku 1962-ci ildən bu yana təşkil olunur. Yarışın ilk çempionu “Qalatasaray”, sonuncu qalib “Fənərbaxça”dır.

Türkiyə Kubokunda ən çox çempion klub 18 kubokla “Qalatasaray”dır. Ardınca onu 10 kubokla “Beşiktaş”, 9 kubokla “Trabzonspor” və 7 kubokla “Fənərbaxça” izləyir.

Bahar Rüstəmzadə

Seçilən
37
39
Mənbələr
Şərh ()
Bağla