AZ

Vicdanını erməni dramına satan informasiya alverçisi

“Kor atı minib köndələn çapan” Solovyov düşünmür ki, bir gün o at büdrəyəcək

Rusiyalı teleaparıcı Vladimir Solovyovun “Crocus Sity Hall” konsert zalında törədilmiş dəhşətli terror aktı ilə bağlı çərənlədikləri, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü informasiya təxribatından başqa heç nə deyil. Bu adamın ermənilərlə sıx münasibəti məlumdur. Ona görə də bizə yapışdırmağa çalışdığı damğa qalmayıb. Azərbaycana olan nifrət onun gözlərini necə tutubsa hər pis işin içində yalnız bizi tapmağa cəhd edir. Səbəbi də odur ki, mütəmadi olaraq mədəsi İrəvan konyakı, cibi Ermənistan dramı ilə dolu olur. Bunları ona ətrafında vurnuxan erməni maqnatları ötürürlər. Məsələn, Simonyan, Qabrielyan və qeyriləri…Əqidəsini və insanlığını itirmiş Solovyov isə bəhs etdiyimiz hadisənin şərhində ziyankar ənənəsinə yenə də davam edir. Əlində heç bir fakt və dəlil olmadan Azərbaycanı hədəfə alır. Nəzərə almır ki, Azərbaycan və Rusiya dövlətləri hazırda müttəfiqdirlər. Bu, eyni zamanda Rusiya Prezidentinin sözünə və imzasına sayğısızlıq və hörmətsizlik deməkdir.

“Crocus Sity Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı ətrafında yaranmış gərgin vəziyyət hadisə ilə bağlı yayılmış informasiyalara həssas yanaşılmasını aktuallaşdırır. Ancaq Rusiyada bu həssaslığı hər kəs ciddi şəkildə düşünmür. Dediyimiz kimi, teleaparıcı Vladimir Solovyov belələrindən biridir. Məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri bu şəxsin ölkəmizə qarşı ənənəvi düşmən münasibətinin göstəricidir. Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır. Nəzərə almır ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti olmur. Üstəlik, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib. Vicdanını erməni dramına satan bu informasiya alverçisi heç olmasa ermənilərə satdığı xəbərin düzgün olub-olmadığını da araşdırmır. Uydurduğu variantları İncil ayəsi kimi öz din qardaşlarına baha qiymətə sataraq onlara kələk gəlir. Yoxsa hadisənin iştirakçısı, Azərbaycanın Xalq artisti Emin Ağalarovun orada eşitdiklərindən və şəxsən gördüklərindən bir “əsas” yaradıb sicilləmə düzəldə bilərdi. Xalq artisti bildirmişdi ki, zalda bir neçə nəfərin erməni dilində kobud söyüşlərini eşidib.

Lakin Solovyovun “Crocus Sity Hall”da törədilmiş təxrtibata etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı etmədiyi bir cinayətdə günahlandırmaq, Rusiyada etnik münaqişəni alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir. Eynilə erməni gedişləridir ki, təkrar edir.

Bu şəxsin hansı dairələrin “sifarişlərini” yerinə yetirdiyi məlumdur. Onun erməni əsillilər - rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyi”ni təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bu bədnam “trio” hələ 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək istəmişdi. Solovyovun “Crocus Sity Hall” olayı ilə bağlı eyhamları eyni yarıtmaz dəst-xəttin davamıdır. Hiss olunur ki, başlıca məqsədi Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir. Şübhə yoxdur ki, Solovyovun “Crocus Sity Hall” terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır.

Faktlar göstərir ki, Solovyov gözünün içinə kimi yalan danışır. Ancaq bizim əlimizdə hallandırılacaq faktlar var. Məlumdur ki, “Crocus Sity Hall”da terror aktının baş verən gün-22 martda, gecə saatlarında  Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) bir neçə əməkdaşı xüsusi reys ilə İrəvana gedib. Bu barədə tarixçi alim Zaur Əliyev məlumat yayıb. O bildirib ki, Rusiya FTX-nın əməkdaşları terror aktının hazırlanması, silahla təmin edilməsi və terrorçuların Moskvada yerləşməsinə şərait yaradan və 26 nəfər terrorçu içərisində olan 6 ermənini hazırlayan şəxslərə qarşı əməliyyat keçiriblər.

Alimin faktın sübutu kimi Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin yaydığı məlumatı göstərib. Qeyd edək ki, Zaur Əliyev “Crocus Sity Hall”da baş verən teraktda erməni izinin olması barədə ilk dəqiqələrdən ehtimal irəli sürüb və bunun sübutları olduğunu bildirib. Ancaq bunu qabartmaq tamahkar jurnalistə sərf etmir. Qısaca desək, Solovyovun “münəccimliyi” bu dəfə də başına dəyib.

Yəqin ki, Rusiya hakimiyyətindəkilər bir gün böhtançı jurnalistin axmaq söz-söhbətindən, iki dövlət arasında düşmənçiliyi körükləyən təhrikçi hərəkətlərindən bezəcək və onun dərsini əməlli-başlı verəcək. Ancaq hələlik “kor atı minib köndələn çapan” Solovyov  düşünmür ki, bir gün o at büdrəyəcək və onu üzü üstə yerə çırpacaqdır. Gözləsin, onun da zamanı gələcəkdir.

Vəli İlyasov, “İki sahil”

Seçilən
114
50
Mənbələr
Şərh ()
Bağla