AZ

Samir Əliyevin komandası ümid vermədi - REPORTAJ

Ulduz futbolçular sarıdan korluq çəkməyən İngiltərənin U-21-i Bakıya əsas heyətlə gəlmişdi.

“Liverpul”, “Mançester Siti”, “Çelsi” kimi klubların şərəfini qoruyan futbolçular ilk “11-lik”də yer almışdı.

Oyun gözlənilən kimi başladı. Qonaqlar ilk dəqiqələrdən irəli atılıb, qol vurmağa cəhd göstərirdi. 20-ci dəqiqədə Filocinin ötürməsindən sonra Madueke millimizə həyəcanlı anlar yaşatdı. Lakin onun zərbəsi dəqiq olmadı. Yığmamızın buna cavabı gecikmədi. Emil Səfərovun cinah asmasını Cəfərov başla qapıya yönəltdi. Camalın zərbəsində azca dəqiqlik çatmadı. Əvəzində britaniyalılar qol istəyinə çatdı. Filocinin növbəti ötürməsini “Liverpul”un gənc ulduzu Elliott qolla tamamladı. Çox keçmədən Filocin daha bir məhsuldar ötürmə verdi. Bu dəfə onun ötürməsini “Çelsi”nin forvardı Madueke qapıya göndərdi. Hissənin sonlarında bizimkilər “dişini göstərməyi” bacardı. Qurban Səfərovun ötürməsini Cəfərov qapasa da, dəqiq ola bilmədi.

İkinci hissəyə millimiz yaxşı başladı. 50-ci dəqiqədə Cəfərovun uzaqdan zərbəsini qapıçı çətinliklə küncə çıxardı. Qarşılığında 52-ci dəqiqədə qonaqlar fərqi artırmağı bacardı. Künc zərbəsindən sonra Filocinə toxunan top qapıdan keçdi. 66-cı dəqiqədə Elliott dublunu rəsmiləşdirdi. O, Rocersin ötürməsini qolla tamamladı. Yığmamız isə vurulan qollardan birinin əvəzini çıxa bildi. Samir Abdullayevin zərbəsindən sonra qapıçıdan dönən topu Nəsirli qapıdan keçirdi. Lakin sevincimiz çox çəkmədi. 2 dəqiqə sonra Qrey oyunda son nöqtəni qoydu – 5:1.

İkinci oyun da yığmamız üçün çox önəmli idi. Gənclər həm İngiltərədən alınan acı məğlubiyyətin şokundan ayıldığını göstərməli, həm də turnir cədvəlinin sonuncu pilləsindən qurtulmağa çalışmalıydı. Təbii ki, Ukrayna İngiltərə deyil. Özü də Ukrayna ilə İspaniyada keçirilən ilk oyunda da minimal fərqlə uduzmuşduq – 0:1. Amma ümidlər boy atmadı...

Matç qonaqların üstünlüyü şəraitində başladı. 7-ci dəqiqədə Smolyakovun cərimə zərbəsindən qapıya vurduğu topu Ramazanov küncə çıxardı. Ardından ukraynalılar daha bir dəfə qola yaxın oldu. Lakin Voloşinin zərbəsi qeyri-dəqiq alındı. 17-ci dəqiqədə millimiz azərbaycansayağı künc zərbəsini boşa verdi. Sonda Emil Səfərovun zərbə endirməsinə müdafiəçilər mane oldu. Hücumun davamında Cəfərovun zərbəsini qapıçı dəf etdi. 21-ci dəqiqədə Səfərovun baxımlı ötürməsindən sonra Axundzadə cərimə meydançasına daxil oldu. Hücumçu qapıya zərbə endirsə də, dəqiq ola bilmədi. Əvəzində qonaqlar hesabı açdı. Krupskinin ötürməsini Yatsık qolla tamamladı. 32-ci dəqiqə Nəriman matçdakı ən real qol vəziyyətimizdən yararlana bilmədi. Təkbətək zamanı topu qolkiperin üstünə vurdu. Daha doğrusu, texniki səhvə yol verdi, topu qapıçının başı üzərindən atmaq əvəzinə gücə hesablanan zərbə vurdu. Hissənin sonlarında qonaqlar yenidən fəallığı artırdı. Bataqovun zərbəsini Ramazanov dəf etdi. Çox keçmədən Krasnopir də qapıya zərbə endirmək şansı qazandı. Bu dəfə də Amin inamlı oynadı. Amma qonaqlar 2-ci qolu da vurdu. Oçeretko iki müdafiəçini aldadaraq, qapını dəqiq nişan aldı – 0:2.

İkinci yarı nisbətən sönük keçdi. İlk təhlükəli epizod qolla nəticələndi. 56-cı dəqiqədə Rubçinski müdafiəçilərin və qapıçının səhvindən yararlanıb, adını tabloya yazdırdı – 0:3. 63-cü dəqiqədə Cəlal Hüseynov künc zərbəsindən gələn topu başla qapıya yönəltmək istəsə də, bunu bacarmadı. Əvəzində ukraynalılar hesab arasındakı fərqi artırmağa yaxın oldu. Lakin Voloşinin qüvvətli zərbəsi dəqiq olmadı. Matçın sonlarında tərəflər arasında mübarizə əsasən meydanın mərkəzində getdi.

Ölkəmizin U-21-i sonuncu pillədən yuxarı qalxa bilmədi. Qrupun digər oyunları belə nəticələnib: Lüksemburq – Serbiya 1:1, Serbiya – Şimali İrlandiya 1:2, İngiltərə - Lüksemburq 7:0.

1. Ukrayna 6 6 0 0 15-2 18
2. Ingiltərə 7 6 0 1 32-5 18
3. Serbiya 7 3 1 3 9-16 10
4. Ş. İrlandiya 6 2 0 4 4-8 6
5. Lüksemburq 8 1 1 6 4-23 4
6. AZƏRBAYCAN 6 1 0 5 4-14 3
Növbəti oyunlar sentyabrın 6-da keçiriləcək: Lüksemburq – Azərbaycan, Ukrayna – Serbiya, Şimali İrlandiya – İngiltərə.

İSMAYIL XEYRULLAYEV

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla