AZ

Vilsonun böyük Ermənistan planı 100 il sonra yeni görkəmdə qayıdır

Image

Artıq heç kimə sirr deyil ki, Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyə can atır. Bu məqsədlə yenə Ermənistan üzərindən aktiv siyasət yürüdülür, müxtəlif layihələr həyata keçirilir. Aprelin 5-də baş tutacaq Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı da bu qəbildən hesab olunur. 

Həmin tədbir və ümumi Qərb siyasəti fonunda görünən odur ki, ABŞ və Avropa İttifaqı timsalında Qərb Cənubi Qafqazı növbəti müharibə məkanına çevirməkdə qərarlıdır.

Qeyd olunan konfransla bağlı xüsusi qeyd olunmasa da, söhbət faktiki olaraq hərbi paktdan gedir. Bu pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. Buna səbəblərdən biri Azərbaycanın ərazi bötövlüyünü bərpa etməsindən sonra Qərbin ölkəmizə təsirini itirməsidir. elə buna görə 44 günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlayırdı. Buna görə 3 il ərzində Qərb tərəfindən “Humanitar fəlakət” bəhanəsi ilə Azərbaycan və şəxsən prezident İlham Əliyevə qarşı təzyiq kampaniyası aparıldı. Bu istiqamətdə müxtəlif addımlar atıldı. Lakin prezident İlham Əliyevin qətiyyəti və dövlətimizin gücü sayəsində bütün bunlar nəticəsiz qaldı. Bunu görən ABŞ və Aİ-nin timsalında Qərb indi də Ermənistan vasitəsilə ölkəmizə qarşı açıq şəkildə hərbi planlar qurur. Brüsseldə keçirilməsi planlaşdırılan müştərək konfransda müzakirə olunacaq mövzular sırasında hərbi komponentlərin yer alması barədə məlumatlar da bir daha Azərbaycanın bugünədək Aİ və ABŞ-ın regiona yönəlik ssenarilərinə münasibətdə sərgilədiyi prinsipial mövqeyində tamamilə haqlı olduğunu təsdiqləyir. Mövcud stimullaşdırıcı addımların davamı olaraq Ermənistanın revanşist meylləri güclənəcəyi və real təhlükəyə çevriləcəyi təqdirdə, baş verənlərin məsuliyyəti istisnasız olaraq həm də Aİ və ABŞ-ın üzərinə düşəcək. Eyni zamanda burada görünən həm də odur ki, ABŞ 20-ci əsrin əvvəlində mövcud olan “Vudro Vilson planı”nı yeni qiyafədə canlandırmaq istəyir. Xatırladaq ki, ötən əsrin əvvəllərində dünya siyasətində möhkəmlənən ABŞ yeni dünya nizamı formalaşdırmaq həvəsi ilə beynəlxalq münasibətlər sisteminin əsaslarını təşkil edəcək prinsiplər ortaya qoydu. Bunu ilk dəfə ABŞ prezidenti Vudro Vilson 14 maddəlik sənədlə gündəmə gətirdi. Həmin ərəfədə hələ də imperiya idarəçiliyinin mövcud olması Vaşinqtona sərbəst şəkildə hərəkət etməyə imkan vermirdi. Bu geosiyasi mənzərənin dəyişdirilməsi üçün ən yaxşı metod məhz “parçala və hökmranlıq et” siyasəti idi. Vudro Vilsonun 14 maddəlik prinsipləri də buna xidmət edirdi. Həmin dövrdə imzalanan “Sevr” müqaviləsinə əsasən Osmanlı torpaqları bölünürdü və bu bölünmə planını Vilson özünün məşhur planı əsasında hazırlamışdı. Osmanlının bölünən torpaqlarında “Böyük Kürdüstan” yaradılmalı idi. Amma kürdlər həmin vaxt bu planı qəbul etmədilər və türk ordusunda döyüşmək seçimini etdilər. Həmçinin, Türkiyənin Ərzurum, Trabzon, Van və Bitlis bölgələri Ermənistana verilməli idi.  Bununla yanaşı, Trabzonun şərq hissəsi Gürcüstan və Ermənistan arasında bölünməli və ermənilər beləliklə Qara dənizə çıxış imkanı əldə etməli idilər. 1918-ci ildə Paris sülh konfransında Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətini tanımaq təklifini rədd edən Vilson “yeni dünya xəritəsi”nə Azərbaycanı daxil etməmişdi. “Sevr” müqaviləsi Osmanlı imperiyası tərəfindən ratifikasiya edilməmişdi və 1920-ci il martın 18-də ingilislərin İstanbulu işğal etdiyi dövrdə müqavilə ləğv edildi. Türkiyədə Atatürkün başlatdığı Qurtuluş savaşı Vilson planını alt-üst etdi. 1923-cü il iyulun 24-də isə Türkiyə ilə Qərb dövlətləri arasında “Lozanna” müqaviləsi imzalandı və bununla "Sevr" müqaviləsinin üstündən xətt çəkildi. “Böyük Ermənistan” xəyalları quran ermənilərsə bu gün də Vilsonun xiffətini çəkirlər. Bunu ABŞ və Avropa İttifaqı yaxşı bilir. Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransını İrəvan üçün cəlbedici edən məqamlardan biri də budur.

Azərbaycanın iştirakı olmadan bu cür müzakirələr yeni təhlükəsizlik arxitekturasının yaradılmasına deyil, əksinə, hazırda qismən mövcud olan sabitliyi pozmağa cəhddir. Bu gün Fransa başda olmaqla, anti-Azərbaycan qüvvələrin Avropa İttifaqı adından ölkəmizə qarşı yürütdüyü siyasət sonda Ermənistanın özü üçün fəlakətli nəticələr vəd edir. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev də rəsmi mediaya müsahibəsində bildirir ki, Fransa regionda sülhə dəstək vermək əvəzinə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamış və xalqımıza qarşı soyqırımı cinayətləri törətmiş Ermənistanı silah-sursatla təmin edərək, orada öz hərbi missiyasını yaratmaqla revanşist hisslərin alovlanmasına rəvac verir, Ermənistanı yeni müharibəyə təhrik edir, Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını reallaşdırmağa çalışır. O qeyd edir ki, Fransa hətta məqsədinə çatmaq üçün bütün bunlarla kifayətlənməyərək öz xüsusi xidmət orqanı nümayəndələri vasitəsilə müxtəlif şəxsləri məxfi əməkdaşlığa cəlb edib casus şəbəkəsi formalaşdırmaqla Azərbaycanın milli təhlükəsizliyinin zərərinə fəaliyyət göstərir: “Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu fəaliyyət ifşa olunaraq dərhal və operativ şəkildə zərərsizləşdirilmiş, zəruri və adekvat addımlar atılmışdır. Əməliyyat şəraiti daim nəzarət altında saxlanılmaqla dövlətimizin təhlükəsizliyinə yönələn təhdidlərin qabaqlanması və qarşısının alınması istiqamətində müvafiq tədbirlər bundan sonra da görüləcəkdir. Biz yeni çağırışlara və bölgəmizdə cərəyan edən mənfi təzahürlü proseslərin hər cür ssenarisinə daim hazır olmalı, təhlükəsizliyin etibarlı şəkildə təmin olunması məsələsində ayıq-sayıqlığımızı əldən verməməliyik”. Beləliklə, ABŞ, Fransa və digər bəzi Qərb ölkələrinin məqsədi Cənubi Qafqazda yeni qlobal münaqişə yaratmaqdır. Faktiki olaraq, Ermənistan heç bir vəsait ödəmədən hərbi potensialını onlar hesabına genişləndirir. Avropa İttifaqı, ABŞ, həmçinin regional güc mərkəzləri Cənubi Qafqaz siyasətində məntiqli və realist addımlardan uzaq çıxış edirlər. Bu da regionda ümumi sülhə və sabitliyə xələl gətirir. 

Nahid SALAYEV





Seçilən
23
43
Mənbələr
Şərh ()
Bağla