AZ

Paşinyanın açıqlaması Makronu hiddətləndirdi – “Bu, plana daxil deyildi”

Ermənistanda fəallaşmağa çalışan separatçılar Baş nazir Nikol Paşinyanın sərt mövqeyi ilə üzləşiblər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Separatçı Samvel Şahramanyan Fransanın “Figaro” qəzetinə müsahibəsində özünü “mühacirətdə olan hökumətin lideri” kimi təqdim edib. Hesab edirəm ki, bu müsahibə, yenidən bu məsələyə qayıdış təsadüfi deyil, hər şey Fransadakı erməni lobbisi və ya elə Makronun özünün tapşırığı ilə baş verir. Görünür, müəyyən dairələr Ermənistanda Qarabağ məsələsini gündəmdə saxlamağa çalışırlar. Artıq Paşinyan Şahramanyanın açıqlamasına sərt təpki verərək, heç bir “mühacir hökumət” tanımadığını və belə bir şeyin olmadığını bəyan edib. O, belə məsələlərin Ermənistanın təhlükəsizliyini təhdid etdiyini də vurğulayıb”, - ekspert bildirib.

Əsədullazadə hesab edir ki, İrəvan Qarabağ məsələsini bağlayıb:

“Separatçıların fəaliyyətlərini davam etdirmək cəhdləri Paşinyana qarşı təzyiqdir. Pozucu prosesə keçmiş xarici işlər naziri Vardan Oksanyan rəhbərlik edir. Bu yaxınlarda ABŞ və Avropa ölkələrində olan Oskanyanın bu fəaliyyətində Rusiya da maraqlı ola bilər. Görünür, Oskanyan Qərbdə özünə dəstəkçilər axtarmağa çalışır. Ən azı erməni diasporundan pul alacağına ümid edir.

Paşinyana gəlincə, o, rəsmən separatçıların İrəvanda saxlamağa çalışdığı qondarma qurumu qəbul etmir. İrəvan, elə Paşinyanın özü açıq şəkildə bu məsələni gündəmə kənar qüvvənin daşıdığını bildirib. Paşinyanın son açıqlamalarının yaratdığı təəssürat budur ki, Azərbaycanla sülh prosesinin irəliləməsini istəyir. Şahramanyan və onu ortaya atanlara verdiyi sərt təpkini də sülh danışıqlarını qorumaq niyyəti ilə əlaqələndirilə bilər. Əlbəttə, özü sonradan başqalarının əllərində alət olmasa... Özünün də belə bir adəti var”.

Politoloqun fikrincə, Paşinuyan Şahramanyan, Oskanyan və ətrafındakıları neytrallaşdırmasa, baş verənlər sülh prosesinə kölgə sala bilər:

“Paşinyanın ilk işi artıq aparılan istintaq çərçivəsində Şahramanyanı həbsə atmaq olmalıdır. O, hökumətin bugünkü iclasında Şahramanyan və bu kimi təhlükəli fikirlər səsləndirənlərə cavabın veriləcəyini bəyan edib. Buna separatçılarla bağlı hüquqi tədbirlərin görüləcəyinin anonsu kimi də baxmaq olar. Paşinyanın bu yöndəki addımlarından biri də separatçıların İrəvandakı ofislərinin bağlanması olacaq.

Paşinyan anlayır ki, Şahramanyan və digər separatçıların fəaliyyətləri Ermənistan üçün təhdidlər yaradır. Bu, Azərbaycana qarşı ərazi iddiasının davam etdirilməsi kimi qəbul edilə bilər.

Fransa hökuməti Şahramanyana “Figaro”nun tribunasında yer verməklə Paşinyanın siyasətinə zərbə vurmağa cəhd göstərdi. Buna hansısa səbəbdən Parislə İrəvan arasında gizli gərginliyin olması kimi də baxmaq olar. Bəlkə də Paşinyanın 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı açıqlaması Parisin xoşuna gəlməyib. Bu, Fransanın planlarına daxil olmaya bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
87
7
Mənbələr
Şərh ()
Bağla