AZ

Keçmiş kansler Putinlə dostluğundan istifadə edərək Ukraynada sülhə nail olmaq istəyir

Almaniyanın keçmiş kansleri Gerhard Şröder bildirib ki, onun Rusiya prezidenti Vladimir Putinlə dostluğu Ukraynadakı münaqişənin danışıqlar masası arxasında həllini tapmağa kömək edə bilər.

HİT.az xəbər verir ki, keçmiş kansler bu barədə DPA-ya müsahibəsində danışıb.

"Biz uzun illər birlikdə yaxşı işləmişik. Ola bilsin ki, bu, hələ də danışıqlar masası arxasında həll yolunu tapmağa kömək edə bilər, çünki başqa həll yolu yoxdur", deyə Şröder bildirib.

Eks kansler Rusiya prezidenti ilə əməkdaşlığının müsbət nəticələrinin olduğunu bildirib. Ukrayna ərazisində hərbi əməliyyatların başlanmasına baxmayaraq, Vladimir Putinlə niyə dostluğunu davam etdirməsi ilə bağlı suala cavab verən alman siyasətçi "bu kontekstdə başqa ölçü də var" deyib.

Şröder bildirib ki, o, indi yeni vasitəçilik təşəbbüsünün irəli sürülməsinə tərəfdardır. Onun fikrincə, bununla Fransa və Almaniya çıxış etməlidir. Siyasətçi qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin tərəflərdən birinin total məğlubiyyəti ilə yekunlaşa bilməyəcəyinə inanır.

Keçmiş kansler Vladimir Putinin nüvə müharibəsinə səbəb ola biləcəyi və ya NATO ölkəsinə hücum edə biləcəyi ilə bağlı fikirləri cəfəngiyyat adlandırıb. Onun fikrincə, belə ssenarilərə gətirib çıxara biləcək eskalasiyanı azaltmaq üçün Qərb siyasətçiləri təkcə Ukraynanı dəstəkləmək haqqında deyil, həm də münaqişənin həlli haqqında düşünməlidirlər.

Samir

Seçilən
73
42
Mənbələr
Şərh ()
Bağla