AZ

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycanın tarixində, ən çətin sınaq anında öz ürəyinin səsinə qulaq asaraq Vətəninin müdafiəsinə qalxan insanlar hər zaman olub. Belə insanlar bunu özlərinə övlad borcu və sədaqət andı bilərək xalqının azadlığı və təhlükəsizliyi naminə canlarından keçməyə hazır olurlar. Onların xalqın ümumi rifahı naminə etdiyi fədakarlıqlar sədaqət və mərdlik rəmzinə çevrilərək gələcək nəsilləri məhz bu cür olmağa ruhlandırır. Canını öz doğma torpağı uğrunda fəda edən qəhrəmanlardan biri də Elçin Şükürovdur.

Şəhidin bacısı Sevinc Şükürova deyir: “Elçin qeyri-adi, heç kimə bənzəməyən insan idi. Sakit təbiətli, xeyirxah idi. İdmanla məşğul olurdu, bir neçə xarici dil bilirdi. Uşaq yaşlarından hərbi dənizçi olmağı arzulayırdı. Zığdakı hərbi-dənizçilik məktəbinə qəbul olmaq istəyirdi. Valideynlərimiz onun bu istəyinin əleyhinə olduqları üçün Elçini fikrindən daşındırdılar. O, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin coğrafiya şöbəsinə daxil oldu. O, hər zaman dənizə can atırdı, diplom işini də okeanologiya üzrə müdafiə etmişdi. Ali məktəbi bitirəndən sonra əvvəlcə Aerogeodeziya İdarəsində geodezist vəzifəsində, “Gipromornefteqaz”da isə dənizdə mühəndis kəşfiyyatları şöbəsində işlədi. Ön cəbhəyə getməzdən bir qədər əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun elmi işçisi kimi fəaliyyət göstərirdi”.

Sevinc xanım söhbətinə davam edir: “Xocalıda qanlı faciə törədiləndə baş verənlərin hamısı Elçinə çox ağır təsir göstərmişdi. Tamamilə dəyişmişdi, elə bil bu dünyanın adamı deyildi. Xocalı faciəsinin yanğısı qardaşımın ürəyini közərən alova çevirdi”.

Qəhrəmanlığın ən bariz və şanlı təzahürlərindən biri Vətənin müdafiəsinə könüllü olaraq atılmaqdır. Həyəcan təbili çalınanda, rəşadətli insanlar ali məqsəd naminə öz rahat həyatlarından və qayğılarından vaz keçərək Vətənin müdafiəsinə qalxırlar. Onların polad qətiyyəti hər bir çətinliyə sinə gərmək üçün zəruri olan güclü iradə və əzmkarlığın parlaq təcəssümünə çevrilir, bu ruh cəmiyyəti vahid məram altında birləşdirərək gözəl gələcək naminə haqlı mübarizəyə səsləyir.

1992-ci ilin martında həm də “İnterbriqada” adlandırılan 772 saylı briqada təşkil olunmuşdu, çünki onun sıralarında Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri ölkənin ərazi bütövlüyü uğrunda vuruşurdular. Elçin həmin briqadaya könüllü olaraq qoşulmuşdu. Bakı yaxınlığında hazırlıq keçəndən sonra briqada Qarabağa göndərildi. Əsgər və zabitlər yaxşı təlim keçmişdilər, onlar qəhrəmanlıqla döyüşürdülər.

Birinci Qarabağ müharibəsi zamanı ən qızğın döyüşlərdən biri Ağdərə şəhəri uğrunda gedirdi. Şəhər öz coğrafi mövqeyinə görə strateji əhəmiyyətə malik idi və intensiv olaraq davam edən hərbi əməliyyatların özəyinə çevrilmişdi.

Elçin Şükürov ilk günlərdən cəbhədə gedən qızğın döyüşlərin içində idi, o, Ağdərə və Kəlbəcərdə gedən hərbi əməliyyatlarda fəal iştirak edirdi. Onun döyüş bölgəsində rolu olduqca məsuliyyətli və təhlükəli idi, çünki Elçin snayper idi. O, öz bacarıqlarından, dəqiqliyindən və ən gərgin riskli vəziyyətlərdə soyuqqanlı olmaq səriştəsindən məharətlə istifadə edirdi.

“Qəzetlər “İnterbriqada”nın döyüş qəhrəmanlığından, əməliyyatlarda fərqlənən hərbçilərdən yazırdı. Elçinin evə məktub yazmaqla arası yox idi. Ümumiyyətlə, döyüşən əsgərlərin hər biri ailələrinin narahat olacaqlarını bildikləri üçün cəbhədə olanlar barədə danışmamağa çalışırdılar. Doğrudur, bir dəfə biz Elçinin yaşayış məntəqələrindən birinin azad edilməsi uğrunda gedən döyüşlərdə necə fərqləndiyini öyrəndik. O elə sevinirdi ki...” – deyə Sevinc xanım o günləri xatırlayır.

Elçin təkcə qələbəyə inanmadı, o həm də bu qələbə üçün mübarizə apardı və onun uğrunda qəhrəmancasına həlak oldu. 1992-ci ilin 4 iyulunda Azərbaycan qoşunları yay əməliyyatları zamanı Ağdərəni azad etməyə müvəffəq oldular. Elə həmin gün qara xəbər ildırım sürətilə yayıldı: Elçin şəhid olmuşdu. Qoşunlar yeni həmləyə başlayanda o, həyatını itirmişdi. Döyüş dostlarının dediyinə görə, qruplardan biri Elçinin iştirakı ilə düşmənin üzərinə hücüma keçmişdi. Elçin snayperi avtomatla əvəzləsə də, qüvvələr nisbəti qeyri-bərabər idi. Düşmən qrupu mühasirəyə alaraq ona hər bir tərəfdən atəş yağdırmağa başladı. Əsas nöqtələri düşməndən müdafiə etməyə çalışan Elçin məhz həmin an həyatla vidalaşmalı oldu. Bu igidin qəhrəmanlığı bir çox silah yoldaşlarının həyatını xilas etdi. Dostluq etdiyi polk yoldaşlarının dediyinə görə, Elçin son nəfəsinədək qəhrəmanlıqla döyüşdü və həlak oldu…

“Müharibə hər zaman faciə və göz yaşı gətirir. Ölüm təkcə bir cana qıymır – döyüşçünün həyatını itirməsinə səbəb olan bu bəla onun ailəsinin, doğmalarının, yaxınlarının, dostlarının da həyatını yarıda qoymuş olur... Elçin şəhid olanda onun oğlu Vahidin cəmi 5 yaşı var idi... Elçin həlak olandan sonra onun anası Elmira xanım 10 il ərzində hər gün Şəhidlər xiyabanının yolunu tutdu. Hər gün...Oğul itkisi, qardaş itkisi ən ağır dərddir...”, - deyə qəhrəmanın bacısı söhbətinə yekun vurur.

Elçin Şükürov doğma torpağı uğrunda canını fəda etdi, son nəfəsinədək qəhrəmanlıqla döyüşdü. Cəsur snayper 28 erməni terrorçusunu məhv edə bildi. Onun cəmi 29 yaşı var idi. Şəhidlər xiyabanında dəfn edilib.

Vətənin müdafiə edilməsinin vacibliyi insanın şəxsiyyətinin mənəvi dəyərlərini və üstün xüsusiyyətlərini müəyyənləşdirən əsas prinsiplərdən biridir. Vətən, təkcə doğulub boya-başa çatdığımız yer deyil, o bizim milli mənsubiyyətimizin, mədəni irsimizin və tarixi kimliyimizin rəmzidir. Vətənin müdafiəsi isə hər kəsin ümdə vəzifəsidir.

Elçin Şükürov kimi qəhrəmanlar ölkəmizin qəhrəmanlıq salnaməsinin ayrılmaz tərkib hissəsidir, onların əzmkarlığı xalqımızın yaddaşına fədakarlığın, azadlıq və haqq-ədalət ideallarına sədaqətin əbədi rəmzi kimi həkk olunur.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla