AZ

Hərraca çixarilan ölkə TƏHLÜKƏ QARŞISINDA - TƏHLİL

Ermənistan iqtidarı və müxalifətinin bir-birini milli maraqlara xəyanətdə ittiham etməsi artıq son illərdə ənənə halını alıb. Ələlxüsus da, Ermənistan müxalifəti həmin ölkə hakimiyyətini, xüsusən də baş nazir Nikol Paşinyanı gah Azərbaycan üçün “çalışmaqda”, gah da Türkiyəyə “xidmət etməkdə” ittiham edir və günahlandırır da. Məsələ burasındadır ki, belə ittihamlar kənar qüvvələrin ən sadə, ən primitiv ssenarisidir, amma bunun arxasında daha mürəkkəb ssenarilərin olduğuni təkzib etmək mümkün deyil. Çünki artıq Ermənistan çoxdandır ki, alət olaraq qəbul olunur və bu ölkə ilə bağlı istənilən addımın atılacağı belə gözləniləndir. Görünən odur ki, Ermənistan adlı hərraca çıxarılan ölkə artıq böyük təhlükə qarşısındadır.

Ermənistanda hansısa qüvvələrin ittihamlarla çıxış etməsi, bir-birini qınaması və günahlandırması həmin ölkənin çətin vəziyyətdən, ağır durumdan çıxması üçün heç nə demək deyil. Hansısa qınaqlar, ittihamlar işğalçı ölkəyə xaosdan, qarışıqlıqdan, hərcmərclikdən başqa nə verə bilər axı? Hazırda bütün istiqamətlərdə, bütün sahələrdə sürətli geriləmə müşahidə edilən Ermənistan üçün daha vacib məsələlər ön planda olmalıdır, ittihamlar, iddialar yox. Məsələn, hal-hazırda Ermənistanın birinci növbədə iqtisadi yardıma böyük ehtiyacı var. Onsuz da maliyyə yardımları hesabına güclə ayaqda qalan və səfalət içərisində olan bir ölkənin durumu həmin ölkənin müxalifətinə də, hakimiyyətinə də çoxdan bəllidir. Hansısa qüvvələrin, ələlxüsus ermənipərəslərin belə yardımları sayəsində Ermənistanın öz mövcudluğunu qoruyub saxlaması həyəcan təbili üçün kifayət edir. Çünki həmin ölkənin iqtisadiyyatı yox dərəcəsindədir ki, həmin ölkəmim büdcəsi boşdur deyə yardımlara göz dikiblər və hətta erməni cəmiyyəti əl açaraq kimlərdənsə daim iyanə və yardımlar gözləyir. Gözləyir bir qədər zəif səslənir, haylar dilənirlər. Bu isə heç də yaxşı nəticələr vəd etmir. Əvvəla ona görə ki, belə davam edəcəyi təqdirdə nə zamansa və hansısa qüvvələrsə yardımlardan imtina edərlərsə, bu, Ermənistan üçün fəlakət demək olacaq. Beləki, yardım ala bilmədikdə ölkə əhalisi üçün bu, aclıq, xəstəlik, kütləvi qırğına səbəb olar. Digər tərəfdən də axı bir çoxları Ermənistana elə-belə maliyyə yardımı göstərmir. Bunun arxasında bir təmənna da olmalıdır və olacaq da, hətta indidən həmin təmənnaları görə bilirik. Hər halda Qərb qarşısında müti şəkildə Ermənistanın dayanması bu baxımdan anlaşılandır. Amma bu mütilik və Qərb üçün əmr qulu, marionet olmaq Ermənistana ucuz başa gəlməyəcək. Bir çoxları elə hesab edirlər ki, Qərb ində də Ermənistanı ikinci Ukrayna görmək niyyətindədir və Rusiyaya qarşı hayları qızışdırıb onların məskunlaşdıqları əraziləri məhz Qərb döyüş poliqonuna da çevirə bilər. Yəqin ki, ermənilər buna ukraynalılar qədər qətiyyən davam gətirə bilməzlər və ən qısa zamanda həmin ərazilərdə bircə dənə də erməni tapılmaz və hamısı ölkəni tərk etmiş olarlar. Başda elə məhz baş nazir olmaqla, həmin ölkənin “başbilənləri” bunu gördükdə, müşahidə etdikdə isə artıq çox gec olar. Amma, hər halda heç olmasa belə olan təqdirdə bunun nə demək olduğunu gec də olsa anlayarlar. Lakin arxadan atılan daş topuğa dəydiyi kimi, sonrakı peşmançılıq fayda vermədiyi haqda zərb məsəllərdə vurğulandığı kimi, məsələni həmin yerə gətirmək Ermənistan üçün nəinki qorxulu, təhlükəli, hətta dəhşətli, fəlakətli olar...

Ən əsas məsələnin, ən təhlükəli məqamın Rusiya ilə bağlı olduğunu isə ermənilər elə indidən yaxşı başa düşürlər. Ermənistana məxsus mətbuat səhifələrini izlədikdə görürük ki, rəylərin, şərhlərin əksəriyyətinin motivində məhz Rusiya hücumu qorxusu var. Şərh verən, rəy bildirən erməni politoloqların əksəriyyəti etiraf edirlər ki, hayların ruslara qarşı davranışlarını rəsmi Moskva həzm edə bilməyəcək və həzm etməyəcək də. Onlar açıq şəkildə də qeyd edirlər ki, “Rusiynın əli ilə” istənilən anda Ermənistan “baş-ayaq” çevrilə bilər. Çünki bilirlər ki, rusların Ermənistanda təsir rıçaqları kifayət qədərdir və erməniləri ruslardan da yaxşı tanıya bilən olmaz. Hətta Ermənistana məxsus bir çox media resurslarında Rusiyanın Ermənistana hücuma hazırlaşdığı barədə vaxtaşırı yazılar dərc edilir. Əgər belə düşünülməsəydi, yaxud, bunun mümkünlüyü inandırıcı görünməsəydi, reallıq olaraq qəbul edilməsəydi, həmin fikirlərin dərc edilməsinə ya imkan verilməzdi, ya da yığışdırılardı. Əgər hələ də mütəmadi olaraq Rusiya hücumu barədə yazılar, məqalələr dərc edilirsə, deməli, bundan qorxanlar arasında elə məhz Ermənistan hakimiyyəti də var. Belə bir qorxu içərisində ölkə hakimiyyətinin hansısa səviyyədə də olsa ölkəni idarə etməsinin özü də bir fəlakətdir. Çox güman ki, hərraca çıxarılan bir ölkə rəhbərliyinin hansısa tərəfdən, daha dəqiq desək, Rusiyadan təhlükə gözləyərək, təhlükə qarşısında olduğunu bilə-bilə rəhbərliyini davam etdirməsi də onların özləri üçün qətiyyən arzuolunan deyil.

Diqqətə çatdıraq ki, təkcə Ermənistan daxilində deyil, həmin ölkədən kənarda da bununla bağlı qorxu kompleksi yaşanır. Hər halda hansısa ermənipərəst xarici ölkə mətbuatı da bu barədə həyəcan təbili çalırsa, deməli, məsələ artıq düşünüldüyündən də qəlizdir və vəziyyət ağıla gələndən də təhlükəlidir. Məsələn, ermənipərəstliyi ilə bütün dünyada seçilən və tanınan Fransa dövlətinin baş naziri Qabriel Attalın Ermənistanın ruslar tərəfindən cəzalandırılacağı barədə indidən haray-həşir qoparması, hələ cəzalandırma olmadan belə Rusiyanı ittiham etməsi heç də təsadüfi deyil. Onu da nəzərə çatdıraq ki, ermənipərəst Fransaya məxsus olan “Le Figaro” nəşrinin də bu barədə yazmasına qətiyyən dırrnaqarası baxmaq olmaz. “Rusiya Ermənistanı cəzalandırmaq istəyir”, deyə Fransa hökuməti başçısının bəyan etməsi artıq məsələnin ciddiliyindən xəbər verir. Əvvəla ona görə ki, Fransa kimi bir Avropa dövlətinin hansısa araşdırma aparması və belə bir qənaətə gəlinməsi sıradan bir hadisə sayılmaz. Digər tərəfdən də hökümət başçısının bununla bağlı fikir səsləndirməsi, narahatlığını ifadə etməsi hər halda, təsadüfi sayıla bilməz. Görünür, narahatlığa səbəb olan məqamlar var və bunlar az da deyil.

Rusiya tərəfindən səsləndirilən bəyanatlar, fikirlər də ermənilərə rahatlıq vermir. Çünki bilirlər ki, həqiqətən də ruslar hansısa addım atmaq məcburiyyətində qalıblar. Maraqlıdır, ruslar niyə də addım atmamalıdırlar? Ermənistan adlı bir ölkənin infrastrukturundan tutmuş, bütövlükdə həmin ölkənin dövlətinə qədər qurub haylara verənlər indi onların xainliklərini necə həzm etsinlər? NATO kimi bir alyansa, Avropa İttifaqı kimi bir beynəlxalq təşkilata qoşulmaq xülyası ilə hayların ruslara namərdcəsinə davranışlar nümayiş etdirmələri önsüz da həzm edilən deyil. Kremldə bunu həzm edə də bilmirlər və rəsmilərin səsləndirdikləri bəyanatlar özü də çox şeydən xəbər verir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iddia edib ki, “Ermənistanın NATO ilə dialoqunun dərinləşməsi Ermənistanın müdafiə suverenliyini itirməsinə gətirib çıxarır”. Bax elə təkcə bu fikri haylar şantaş və hədə olaraq qiymətləndiriblər. Təkcə XİN rəhbəri Lavrovun deyil, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun da, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın da sözləri ermənilərin boğazına ərimiş qurğuşun kimi tökülür. Çünki söylənilənlərin təhlükə barədə mesaj olduğunu düşünürlər və buna görə də yuxularını qarışdırırlar.

Hayların hələ bundan sonra kürklərinə birə düşəcək və hələ yuxularını da çox qarışdırmalı olacaqlar, sözsüz ki, əgər yata bilsələr, gözlərinə yuxu getsə. Bir-birinin ardınca Rusiyaya, ruslara xəyanət edən Ermənistan bundan sonra iki stulda otura bilməyəcək. Yəni, həmin ölkə nümayəndəliyi Moskvada olanda Rusiya ilə münasibətlərə guya çox həssas yanaşdığını göstərib, ardınca da Avropanın hansısa ölkəsində, hansısa şəhərində Kremlin əleyhinə “döşəməklə”, rusları daha bundan sonra nə aldada bilməyəcəklər, nə də səbr etməyə vadar etmək şansları da qalmayıb. Çünki ruslar yaxşı bilirlər ki, ermənilər çoxdan Qərb üçün marionet xalq, Ermənistan da bir marionet dövlət hesab edilir və hətta həmin ölkənin bir müddətdir hərraca belə qoymaq niyyətində olanlar var. Yəni, hayların ölkəsi də özləri də bir alət sayılırlar. Belə olan halda isə rəsmi İrəvanın konkret qərar qəbul etməsi qətiyyən mümkün görünmür. Görünən odur ki, Ermənistan dövlətinin əvəzinə qərarları Qərb, yaxud Avropa qəbul edə bilər. Hazırki dönəmdə isə bunun Rusiya üçün nə demək olduğunu hər halda, başa düşmək çətin deyil. Qəyin ki, Rusiya dayanıb gözləməyəcək ki, indi Avropa Missiyası adı altında hayların dəvət etdikləri avropalar kimi, bir qədər sonra da Qərb Ermənistana soxulsun və Kremli regiondan uzaqlaşdırsın. Bir sözlə, rəsmi Moskva bu kimi hallar baş vermədən əlbəttə ki, bunun bir “çarəsini” tapacaq. Bax məhz həmin o “carə” haylara çox, həddindən artıq baha başa gələcək. Region ölkələri ilə, qonşu ölkələrlə münasibətlərə önəm vermək əvəzinə, maddi yardımlara görə boyun əyən, öz ölkələrini hansısa ölkələrin marionetinə çevirən ermənilər bunun mütləq acısını çəkəcək. Hər halda hərraca çıxarılan bir ölkənin artıq təhlükə qarşısında olduğunu haylar özləri də görürlər ki, həyəcan təbili də çalırlar...

Müəllif: İnam Hacıyev
Seçilən
42
50
Mənbələr
Şərh ()
Bağla