AZ

Kəndlərin boşaldılması ilə bağlı son durum - Proses belə yekunlaşacaq

Azərbaycan işğalda olan 8 kəndinin azad edilməsi ilə bağlı Ermənistan qarşısında konkret tələb qoyub. Burada anklav olmayan Qazaxın 4 kəndinin qısa zamanda boşaldılması məsələsi var. Həmin kəndlər Azərbaycanın əsas ərazilərinə bitişikdir. Ona görə də kəndlərin boşaldılması ilə bağlı Bakının tələbləri qısa zamanda icra olunmalıdır.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, Ermənistan tərəfi də həmin kəndlərin boşaldılmasında fəal görünür:

“Hazırda bu istiqamətdə proses gedir. Müəyyən tədbirlər görülür. Təbii ki, bu, ani həll olunacaq məsələ deyil. Səbrlə yanaşmaq lazımdır. Artıq ictimai səhnədə bilinən, görünən bir prosesdir. Sözsüz ki, məsələ müsbət sonluqla yekunlaşacaq”.

Politoloq anklav kəndlərin taleyinin sərhəd komissiyalarının müzakirəsi nəticəsində həll olunacağını söyləyib:

“Anklavlarla bağlı delimitasiya komissiyasının işi yekunlaşdıqdan sonra qərar veriləcək. Addım-addım sərhədlərlə bağlı razılaşmalar aparılacaq. Anklav kəndlərin hansı müstəvidə həll ilə bağlı müxtəlif fikirlər səslənir. Ola bilsin ki, ərazi mübadiləsi ilə məsələ öz həlli tapsın”.

Zərdüşt Əlizadə bildirib ki, Ermənistanın Azərbaycan ərazisində bir anklavı var:

“Həmin kəndin ərazisi digər Azərbaycan kəndlərinin ümumi ərazisindən böyükdür. Ona görə də, burada hər hansı bir ortaq məxrəcə gəlmək mümkündür. Eyni zamanda qarşılıqlı razılaşmadan asılı olaraq sərhədlərin hamarlığı təmin edilə bilər. Tərəflər çalışacaq ki, bir-birinin ərazisində anklav torpaqları qalmasın”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
117
13
Mənbələr
Şərh ()
Bağla