AZ

Sabiq NATO Baş katibi Azərbaycana bu şər hücumunun vaxtını təsadüfən seçmədi...

Image

Amid Əliyev: “Erməni maliyyəsinin əsirinə çevrilmiş Avropa diplomatları öz təqaüd yaşlarını Azərbaycana qarşı ikiüzlü-situativ siyasət həyata keçirməklə başa vurmaqda çox israrlıdırlar”

Danimarkanın keçmiş Baş naziri və NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi qrup  tərəfindən hazırlanmış 21 mart 2024-cü il tarixli “Aİ-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatda Azərbaycan əleyhinə əsassız iddialar yer alıb. 

Hesabatda bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız müddəaların Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu üzə çıxır.

Hesabatın Ermənistan hökuməti ilə  sövdələşməyə uyğun olaraq hərəkət edən sözügedən erməni lobbi qrupu tərəfindən 5 aprel tarixində keçiriləcək ABŞ-Aİ-Ermənistan üçtərəfli konfransı ərəfəsində ictimaiyyətə açıqlanması onu imzalayan sabiq rəsmilərin əsl niyyətlərini üzə çıxarmış olurmu?

Politoloq Amid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, açıq mənbələrdən əldə edilən maliyyə sənədləri Anders Rasmussenin əsl niyyətini ortaya qoyur: “Bu adam  öz lobbi şirkəti “Rasmussen Global”ı tanıtmaq və şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə davam edir. Ermənistan Respublikası hökuməti onun müştərisi kimi “çox düşünülmədən təsdiqlənmiş” bu hesabata görə yüz minlərlə ABŞ dolları xərcləyib. NATO-nun keçmiş baş katibinin rəhbərlik etdiyi təşkilat tərəfindən hazırlanmış hesabat bütünlükdə Ermənistanın mənafeyinə xidmət edir demiş olsaq, bəlkə də yanılmarıq. Artıq Avropanın bəzi   keçmiş və hazırda fəaliyyətdə olan diplomatları, xələflər və sələflər komandası Azərbaycana qarşı riyakar mövqe nümayiş etdirməklə öz iqtisadi və siyasi ambisiyalarını ortaya qoyur və bu oyunda Ermənistanı marionet kimi istifadə edirlər. Nəticədə isə ümumerməni disporası tərəfindən yağlı maliyyə paylarını alırlar.

Keçmiş baş katib hələ keçən il Laçın dəhlizi istiqamətinə səfər edərək uzun müddət Azərbaycan tərəfini durbinlə müşahidə etmişdi. Görünən odur ki, Andreas Foq Rasmussenin durbini də köhnə olub ki, həqiqətləri öz optikasından düzgün proyeksiya edə bilməyib. Axı keçmiş baş katib kimi cənab Rasmussenə bəlli olmalı idi ki, Azərbaycanla NATO-nu 30 illik əməkdaşlıq birləşdirir. Azərbaycan sülhməramlıları uğurla Kosovoda, İraqda və Əfqanıstanda beynəlxalq sülhün qorunmasında aktiv iştirak ediblər. Məhz elə buna görə hazırki baş katib tərəfindən Azərbaycana iki dəfə yüksək tribunadan təşəkkür edilib. Ümumiyyətlə, bu münasibətin Avropa Şurasının Parlament Assambleyasından start götürərək Klaar və Borellə davam etdirilməsi və Rasmussenə ötürülməsi heç təsadüfi sayıla bilməz. Məhz onların birbaşa dəstəyi ilə erməni cəmiyyətində mənfi Azərbaycan obrazı yaradılır. Belə bir fikir gündəlik erməni KİV-də yer alır ki, Azərbaycan hər an müharibəyə başlaya bilər. Bunu hətta Ermənistanın Baş naziri, daha sonra isə parlamentin sədri öz çıxışında bir daha vurğulayıb. Görünən odur ki, sərhədlərin delimitasiya və demarkasiya məsələsində, daha doğrusu, anklavların və kəndlərin qaytarılması prosesində Ermənistanın başqayönlü bir planı var ki, alternativin tam dəqiqliklə Azərbaycanla silahlı toqquşmaya səbəb olacağını indidən bəyan edirlər. Aprelin 5-də keçiriləcək “məzlum Ermənistan”a dəstək missiyalı görüşdə isə imzalanması nəzərdə tutulan sənəd də Ermənistanı mümkün təhdidlərdən qorumağa yönəlib. Sanki indi Avropa Ermənistana tam şəkildə təhlükəsizlik çətirini verməklə, onu Azərbaycan və Rusiyanın təzyiq imkanlarından uzaq tutmağa çalışır. Bu isə, öz növbəsində işğalçıya, aqressora, terrorçuya və nəhayət cinayətkar bir dövlət olan Ermənistana yenidən təxribatlar və lokal münaqişələr yaratmaq istiqamətində rəvac verməkdir. Avropanın bölgədəki əsas kəşfiyyat ocağı olan mülki missiyanın da bu proseslərdən uzaq olması da bu məsələyə özünəməxsus şəkildə rəng qatır. Aydın olan odur ki, erməni maliyyəsinin əsirinə çevrilmiş Avropa diplomatları  öz təqaüd yaşlarını Azərbaycana qarşı ikiüzlü-situativ siyasət həyata keçirməklə başa vurmaqda çox israrlıdırlar. Lakin bir faktı yaddan çıxarırlar ki, Qərbin dəstəyi hansı platformada olursa-olsun, hansı həcmdə olursa-olsun, reallığı dəyişə bilməyəcək. Azərbaycanın işğal altında olan kəndləri və anklavları qeyd-şərtsiz geri qaytarılacaq. Avropa son anda belə Ermənistana görə Azərbaycana qarşı hansısa real güc tətbiq etməyəcək. Kimlərinsə qrantı hesabına yazılmış bəyanatlar fonunda Azərbaycan heç bir güzəştə getməyəcək”.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
163
12
Mənbələr
Şərh ()
Bağla