AZ

“Dövlətin təhlükəsizliyi naminə” – MƏQALƏ

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin “Dövlətin təhlükəsizliyi naminə” sərlövhəli məqaləsini təqdim edirik.

“Dövlət təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir,
öz vəzifəsini layiqincə yerinə yetirir ki,
orada peşəkar kadrlar və iş üslubu olsun”.

Ümummilli Lider Heydər Əliyev

“Azərbaycanda təhlükəsizlik lazımi səviyyədə təmin edilir.
Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır.
Xüsusilə, indiki şəraitdə, – dünyada gedən prosesləri biz görürük, – bu, yüksək qiymətə layiq olmalıdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Millətlərin, xalqların, dövlətlərin təhlükəsizliyi bütün zamanlarda əsas məsələlərdən biri kimi nəzərdən keçirilmiş, bəşəriyyət mövcud olduğu vaxtdan etibarən daim aktuallığını saxlamışdır. Ötən dövrlərin tarixi də göstərmişdir ki, yalnız təhlükəsizliyi etibarlı şəkildə təmin olunan dövlətlər və cəmiyyətlər öz müstəqilliyini qoruya, davamlı inkişafa və yüksəlişə nail ola bilmişlər.

Dövlətçilik ənənələri neçə-neçə əsrləri əhatə edən müasir Azərbaycanın təhlükəsizlik orqanlarının tarixi yüz ildən çox zamanı əhatə edir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra gənc dövlətin qarşısında təhlükəsizliyin təminatı, xarici və daxili təhdidlərin qarşısının alınması kimi mühüm vəzifələr dayanırdı. Mürəkkəb geosiyasi şəraitdə yaradılmasına nail olunmuş və müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti denikinçilərin, bolşeviklərin, erməni-daşnak və sair qüvvələrin təxribat-pozuculuq fəaliyyətləri ilə üz-üzə qaldığından yaranmış bu vəziyyət təhlükəsizliyin təminatına cavab verə bilən qurumun təsis edilməsini zəruri və qaçılmaz edirdi. 1919-cu il mart ayının 28-də Hərbi Nazirliyin Baş Qərargahının tərkibində Azərbaycanın ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin fəaliyyətə başlaması da məhz bu zərurətdən irəli gəlirdi. Bu, eyni zamanda Azərbaycan təhlükəsizlik orqanlarının 105 illik tarixinin başlanğıcı demək idi. Ulu Öndər Heydər Əliyevin 23 mart 1997-ci ildə imzaladığı müvafiq Sərəncamla 28 mart tarixinin Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı günü elan edilməsi tarixi varisliyə əsaslanır. Bununla bağlı Ümummilli Lider Heydər Əliyev demişdir: “Bugünkü müstəqil Azərbaycan Respublikasının təhlükəsizlik orqanının başlanğıc tarixini 1918-1920-ci illərdə yaşamış ilk Azərbaycan Demokratik Respublikasının yaratdığı orqandan götürmək doğru, düzgün və məqsədəuyğun qərardır”.

O zaman üçün ölkədə ictimai-siyasi və hərbi vəziyyətin gərgin olması, dövlətin müstəqilliyinə daxili və xarici təhdidlərin mövcudluğu təhlükəsizlik təşkilatının fəaliyyətinin təkmilləşdirilməsini, bu qurumun səlahiyyət və imkanlarının genişləndirilməsini tələb edirdi. Beləliklə, bir müddətdən sonra, 1919-cu il iyun ayının 11-də Azərbaycan parlamentinin qərarı ilə Dövlət Müdafiə Komitəsi yanında yeni xüsusi xidmət orqanı olan Əksinqilabla Mübarizə Təşkilatı yaradıldı.

Lakin təəssüflər olsun ki, müstəqilliyin qorunması üçün göstərilən müqavimət və aparılan mübarizəyə baxmayaraq, Cümhuriyyətin təhlükəsizliyinə qarşı təhdidlər və 1920-ci ilin aprel istilası Azərbaycan Demokratik Respublikasının 23 aylıq fəaliyyətinə son qoymuş oldu. Bununla da digər təsisatlarla yanaşı, Əksinqilabla Mübarizə Təşkilatından sonra 1920-ci ilin martında Bakı general-qubernatorluğunun tərkibində yaradılmış və Əksinqilabla Mübarizə Təşkilatının vəzifələrini icra edərək əks-kəşfiyyat təminatını həyata keçirən İnformasiya şöbəsi də öz fəaliyyətini dayandırmağa məcbur qaldı. Mövcudluğu qısa bir zaman aralığını əhatə etməsinə rəğmən, ilk təhlükəsizlik orqanlarımız o dövrün bütün çətinlikləri nəzərə alınmaqla səmərəli fəaliyyət göstərmiş, gənc müstəqil dövlətə yönəlmiş təhlükələrin qarşısının alınmasında vacib rol oynamışlar. Azərbaycanda sovet totalitar rejimi qurulduqdan sonra isə Cümhuriyyət zamanı təhlükəsizlik strukturlarında xidmət etmiş əməkdaşların böyük əksəriyyəti təqiblərə məruz qalmış və həmin vaxtlarda həyata keçirilən repressiyaların qurbanı olmuşlar. Ümummilli Lider Heydər Əliyev ilk təhlükəsizlik orqanlarımızın fəaliyyətini yüksək qiymətləndirmişdir: “Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdir”.

Sonradan Azərbaycan Fövqəladə Komissiyası, Xalq Daxili İşlər Komissarlığı, Xalq Dövlət Təhlükəsizlik Komissarlığı, Dövlət Təhlükəsizlik Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi adları altında fəaliyyət göstərən və əsasən sovet ideologiyasının təbliğatçısına çevrilmiş bu qurumun ötən əsrin 20-50-ci illərində həyata keçirdiyi fəaliyyət təhlükəsizlik orqanlarının tarixinə qara ləkə kimi düşmüş, sözügedən təşkilat cəmiyyətimizin ziyalı təbəqəsinin günahsız yerə məhv edilməsində, repressiyalara məruz qalmasında cəza aləti kimi istifadə olunmuşdur. Lakin həmin dövrdə baş vermiş ağır cinayətlərə görə təkcə təhlükəsizlik orqanlarını günahlandırmaq doğru olmazdı. O vaxtın qanlı cinayətləri sovet dövlətinin ideoloji və siyasi təlimatları əsasında həyata keçirilirdi. Təhlükəsizlik orqanlarında xidmət etmiş minlərlə əməkdaş o illərin faciələrini öz şəxsi həyatlarında yaşamışlar.

Heç şübhəsiz, 105 illik təhlükəsizlik tariximizin əhəmiyyətli bir hissəsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Heydər Əliyev ötən əsrin 40-cı illərinin əvvəllərindən bu orqanlarda xidməti fəaliyyətə başlayaraq, leytenant rütbəsindən general rütbəsinə, sıravi əməkdaşdan qurumun rəhbəri vəzifəsinə qədər yüksəlmiş, təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı kimi adını bu orqanların tarixinə əbədi olaraq qızıl hərflərlə yazdırmışdır. Dahi şəxsiyyətin öz fitri istedadı, geniş dünyagörüşü, iti zəkası sayəsində qısa zaman ərzində yüksək vəzifələrə qalxaraq, xüsusən 50-ci illərin əvvəllərindən etibarən o vaxtlar tərkibi əsasən qeyri-millətlərdən ibarət olan təhlükəsizlik orqanlarının milliləşdirilməsi istiqamətində atdığı qətiyyətli addımlar, bu orqanların inkişafı yolunda gördüyü misilsiz işlər təhlükəsizlik təşkilatının milli ideologiyaya xidmət edən bir quruma çevrilməsini şərtləndirmişdir. Heydər Əliyev o dövrlə bağlı fikirlərini belə izhar etmişdir: “Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının milliləşdirilməsi prosesi bu təşkilatın Azərbaycana vurduğu zərərə baxmayaraq, bizim əldə etdiyimiz ən böyük nailiyyət idi. Təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu”.

Kəşfiyyat və əks-kəşfiyyat işinin mahir bilicisi olan Heydər Əliyevin qeyri-adi hafizəyə, yüksək intellektə, orijinal əməliyyat təfəkkürünə sahib olması onun vəzifə pillələrində sürətlə irəliləməsinə və nəhayət, 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin olunmasına şərait yaratmışdır.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında keçdiyi nümunəvi xidmət yolu hər bir təhlükəsizlik zabiti üçün məktəb, rəhbərliyi altında xüsusi peşəkarlıqla həyata keçirilən əməliyyat kombinasiyaları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin arxivlərində saxlanılan toplular isə bu orqanlarda xidmət edən əməkdaşların hər zaman yararlana biləcəyi əyani vəsaitdir.

Məlumdur ki, Ümummilli Lider Heydər Əliyev təkcə xüsusi xidmət orqanlarında rəhbər vəzifələrdə çalışdığı, xüsusən də 1965-1969-cu illərdə müvafiq olaraq əvvəlcə Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini və daha sonra sədri olduğu vaxtlarda deyil, eyni zamanda 1969-1982-ci illərdə Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi və 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dönəmlərdə də təhlükəsizlik orqanlarını daim diqqət mərkəzində saxlamış, qurumun işinin səmərəli təşkilinə hərtərəfli dəstək göstərmiş, dövlət müstəqilliyinin bərpasından sonra da müasir Azərbaycanın dövlət başçısı kimi bu orqanların inkişafı üçün səylərini əsirgəməmiş, fəaliyyətinin yol xəritəsini müəyyən etmişdir.

Qeyd etmək lazımdır ki, ötən 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən silsilə tədbirlər və ərsəyə gətirilən sənədli filmlər Ulu Öndərin təhlükəsizlik orqanlarındakı fəaliyyətinin, habelə dahi rəhbərin bu orqanlarda əsasını qoyduğu peşəkarlıq məktəbinin və vətənpərvərlik irsinin daha geniş təbliğ olunması baxımından çox əhəmiyyətli olmuş, görülən bu işlər sayəsində xalqımız Ulu Öndərin təhlükəsizlik təşkilatında çalışdığı zamanlarda dövləti və milləti naminə göstərdiyi misilsiz xidmətlərlə daha yaxından tanış olmuşdur.

Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində yeni dövr sovetlər dönəmi bitdikdən və dövlətimiz öz müstəqilliyinə qovuşduqdan sonra başlayır. 1991-ci il noyabr ayının 1-də Dövlət Təhlükəsizlik Komitəsinin əsasında Milli Təhlükəsizlik Nazirliyi təsis edilir. Lakin 1991-1993-cü illər ərzində ölkədə baş alıb gedən özbaşınalıq, hərc-mərclik, xaos, hakimiyyət nümayəndələrinin səriştəsizliyi yenicə müstəqillik əldə etmiş dövlətin bütün strukturları kimi təhlükəsizlik orqanlarının fəaliyyətinə də öz mənfi təsirini göstərmişdir.

Əminliklə deyə bilərik ki, təhlükəsizlik orqanlarının inkişafının növbəti mərhələsi də məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi, əvəzsiz səyləri, müdrikliyi, uzaqgörənliyi, mükəmməl idarəçilik bacarığı və qətiyyətli siyasəti nəticəsində qısa zaman ərzində ölkədə sabitlik təmin olundu, Ermənistanla atəşkəs əldə edildi, vətəndaş müharibəsi təhlükəsi sovuşdu, daxili və xarici qüvvələrin pozuculuq fəaliyyətinin qarşısı alındı, Azərbaycan bir dövlət kimi yox olmaq təhlükəsindən xilas olaraq davamlı inkişaf yoluna qədəm qoydu. Yaranmış bu vəziyyət digər dövlət təsisatları kimi, təhlükəsizlik təşkilatının da fəaliyyətində canlanmaya səbəb oldu. Həmin dövrdə təhlükəsizlik orqanlarının əməkdaşları səfərbər olunaraq pozucu və separatçı qüvvələrin çirkin əməllərinin, Ermənistanın və digər düşmən dairələrin terror-təxribat fəaliyyətinin qarşısının alınmasında böyük pay sahibi olmuş, konstitusiya quruluşu əleyhinə yönəlmiş cinayətlərin ifşası və cinayətkar qruplaşmaların zərərsizləşdirilməsi istiqamətində şücaət və fədakarlıq nümayiş etdirmişlər.

Sonrakı illərdə də Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı ilə təhlükəsizlik orqanlarının fəaliyyəti uğurla həyata keçirilmişdir. Belə ki, Ulu Öndər bu orqanların maddi-texniki bazasının təkmilləşdirilməsi, əməkdaşlarının məişət və iş şəraitlərinin yaxşılaşdırılması kimi ümdə məsələləri daim diqqət mərkəzində saxlamışdır. Təhlükəsizlik orqanlarının kadrlarla komplektləşdirilməsi işinə hər zaman xüsusi həssaslıqla yanaşan Ümummilli Lider bu məqsədlə 1998-ci ildə xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Akademiyanı təsis etməsi təhlükəsizlik orqanlarının qarşısında göstərdiyi əvəzolunmaz xidmətlər sırasındadır. Qeyd etmək yerinə düşər ki, hazırda Ulu Öndərin adını daşıyan Akademiyanın ötən il dekabrın 1-də yaranmasının 25 illiyinin tamam olmasının Ümummilli Liderin 100 illik yubileyinin qeyd olunduğu 2023-cü ilə təsadüf etməsinin də rəmzi məna yükü vardır. Ötən zaman ərzində Akademiyada müstəqil Azərbaycanın xüsusi xidmət orqanları üçün neçə-neçə savadlı, bilikli zabit nəsli yetişmiş, bu gün də bu proses uğurla davam etməkdədir.

Hazırda respublikamızın təhlükəsizlik orqanları Ulu Öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkə başçısının qarşıya qoyduğu vacib vəzifələri tələb olunan səviyyədə yerinə yetirmək üçün bütün qüvvə və vasitələri səfərbər edərək öz fəaliyyətini müvəffəqiyyətlə həyata keçirir.

Möhtərəm Prezident cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətində ən yeni dövrün başlanğıcıdır. Bu, qeyd olunan vaxtdan hazıradək ölkəmizin milli təhlükəsizliyinə, xüsusən terrorçuluğa, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinə, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə, kiberməkanda baş verən qanunsuz əməllərə qarşı mübarizədə əldə olunmuş uğurlarla assosiasiya olunur. Bütün bu uğurlara nail olunması təbii ki, dövlət başçımızın təhlükəsizlik orqanlarına olan etimadı, etibarı, dəstəyi və əsas məqsədlər kimi müəyyən edilən vəzifələrin şəxsi heyət tərəfindən dərhal, vaxtında və Müzəffər Ali Baş Komandanın qarşımıza qoyduğu tələblərə uyğun şəkildə yerinə yetirilməsi sayəsində mümkün olur.

Ötən 2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidmətində müxtəlif istiqamətləri əhatə edən sahələr üzrə əldə olunan bir sıra uğurlu nəticələrə xüsusi toxunmaq istərdim. Beləliklə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ümumilikdə 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılmış, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilmişdir.

Görülən tədbirlərin müsbət təzahürləri beynəlxalq qurumların hesabatlarında da öz əksini tapır. Belə ki, Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) bu ilin fevral ayında açıqladığı hesabatda terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin qarşısının alınması və araşdırılması kriteriyası üzrə ölkəmizin əldə etdiyi nəticələr yüksək dəyərləndirilmişdir. Hesabatda Azərbaycanın terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəsi və bu sahədə qurduğu beynəlxalq əməkdaşlıq münasibətlərinin səviyyəsi effektiv qiymətləndirilmiş, terrorçuluğu maliyyələşdirmə cinayətlərinin istintaqının uğurla aparıldığı qeyd olunmuşdur.

Həmçinin nüfuzlu beynəlxalq təşkilatların, aparıcı institutların və beyin mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının daim istinad mənbəyi kimi çıxış edən “Global Terrorism Index” hesabatlarının tərtibçiləri də ölkəmizin təhlükəsizliyin təmin olunması istiqamətində uğurlu fəaliyyətinə nəzər yetirmiş və cari ilin mart ayında dərc olunmuş “Global Terrorism Index 2024” hesabatında Azərbaycan terror təhlükəsinə görə dövlətlərin reytinq cədvəlində ən təhlükəsiz ölkələr sırasında qərarlaşmış və respublikamızın terrorizmlə mübarizədə əhəmiyyətli nəticələrə nail olduğu nümayiş etdirilmişdir.

Bu məqamda o da vurğulanmalıdır ki, qarşıya qoyulan vəzifələrin lazımi səviyyədə icrası məsələsində xarici tərəfdaşlarla qurulmuş səmərəli və sıx münasibətlər çox böyük önəm kəsb edir. Hazırda Dövlət Təhlükəsizliyi Xidməti dünya ölkələrinin 100-ə yaxın xüsusi xidmət orqanı ilə beynəlxalq terrorçuluğa və onun maliyyələşdirilməsinə, transmilli mütəşəkkil cinayətkarlığa, kəşfiyyat-pozuculuq fəaliyyətinə, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, insan alverinə, qaçaqmalçılığa, kibercinayətkarlığa qarşı mübarizənin aparılması istiqamətində faydalı əməkdaşlıq edir. Belə ki, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurası, Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransı, həmçinin digər beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda işgüzar əlaqələr qurulmuşdur.

Xüsusilə qeyd etmək lazımdır ki, ötən ilin müvafiq olaraq may və oktyabr aylarında ölkəmiz təhlükəsizlik sahəsi üzrə iki beynəlxalq tədbirə – MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasına və 20-dən artıq xarici ölkənin təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi “Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə” mövzusunda ilk dəfə keçirilən Bakı Təhlükəsizlik Forumuna ev sahibliyi etmişdir. Bu tədbirlərdə beynəlxalq təhlükə və təhdidlərlə mübarizədə səylərin birləşdirilməsi, qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində geniş müzakirələr aparılmış, önəmli qərarlar qəbul olunaraq vacib sənədlər imzalanmışdır.

Beynəlxalq əməkdaşlıq münasibətləri həmçinin Birinci Qarabağ və Vətən müharibələrində itkin düşmüş soydaşlarımızın axtarışı prosesi ilə bağlı bu sahə üzrə fəaliyyət göstərən beynəlxalq qurumlarla da davam etdirilir. Belə ki, qeyd olunan məsələdə lazımi dəstək göstərilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsi və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə səmərəli qarşılıqlı əlaqələr qurulmuşdur.

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 3890 vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi, işğaldan azad olunmuş ərazilərdə kütləvi məzar yerlərinin müəyyən olunması, meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsi istiqamətində hazırda intensiv iş aparılır. Görülən tədbirlər nəticəsində 107 itkin düşmüş şəxsin eyniləşdirilməsi təmin edilmiş, onların sırasından 1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunmuşdur. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaqdır. İtkin düşmüş vətəndaşlarımızın axtarışı kimi həssas məsələ ilə əlaqədar dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan mühüm tapşırıqlar bundan sonra da tam və vaxtında icra ediləcəkdir.

Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur. Bu da öz növbəsində dünya nizamına ciddi təsir göstərməklə yanaşı, əməliyyat şəraitinin mürəkkəbləşməsinə səbəb olur. Beynəlxalq aləmdə gedən proseslər təbii ki, ölkəmizdən də yan keçmir və o da sirr deyil ki, Azərbaycanda mövcud sabitliyə və təhlükəsizliyə təhdid riskləri bu gün də vardır. Görünən odur ki, respublikamızın dünya miqyasında gündən-günə artan nüfuzu, həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə qazandığı ardıcıl qələbələr, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli şərait bir sıra Qərb ölkələrini, məqsədi bölgədə heç də sülh və sabitliyin təmin edilməsi olmayan və iki dövlətin sərhədində “müşahidə missiyası” adı altında fəaliyyət göstərən dairələri, xüsusilə Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürən, əslində isə birtərəfli mövqe tutaraq uzun illər ərzində Ermənistana himayədarlıq edən, ona hərtərəfli dəstək göstərən Fransanı ciddi narahat edir. Azərbaycanın bölgədə yaratdığı reallıqlarla barışa bilməyən Fransa regionda sülhə dəstək vermək əvəzinə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamış və xalqımıza qarşı soyqırımı cinayətləri törətmiş Ermənistanı silah-sursatla təmin edərək orada öz hərbi missiyasını yaratmaqla revanşist hisslərin alovlanmasına rəvac verir, Ermənistanı yeni müharibəyə təhrik edir, Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını reallaşdırmağa çalışır. Hətta məqsədinə çatmaq üçün bütün bunlarla kifayətlənməyərək öz xüsusi xidmət orqanı nümayəndələri vasitəsilə müxtəlif şəxsləri məxfi əməkdaşlığa cəlb edib casus şəbəkəsi formalaşdırmaqla Azərbaycanın milli təhlükəsizliyinin zərərinə fəaliyyət göstərir. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu fəaliyyət ifşa olunaraq dərhal və operativ şəkildə zərərsizləşdirilmiş, zəruri və adekvat addımlar atılmışdır. Əməliyyat şəraiti daim nəzarət altında saxlanılmaqla dövlətimizin təhlükəsizliyinə yönələn təhdidlərin qabaqlanması və qarşısının alınması istiqamətində müvafiq tədbirlər bundan sonra da görüləcəkdir. Biz yeni çağırışlara və bölgəmizdə cərəyan edən mənfi təzahürlü proseslərin hər cür ssenarisinə daim hazır olmalı, təhlükəsizliyin etibarlı şəkildə təmin olunması məsələsində ayıq-sayıqlığımızı əldən verməməliyik. Cari il fevral ayının 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində böyük səs çoxluğu ilə növbəti dəfə xalqın dəstəyini qazanan möhtərəm Prezident cənab İlham Əliyev Milli Məclisdə keçirilmiş andiçmə mərasimində demişdir: “Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz, – İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, – sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq, əlbəttə ki, cəmiyyət rahat yaşamalıdır. Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək”.

Bu anda Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinin 2020-ci ilin sentyabr ayında əbədi-əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda başlayan 44 günlük Vətən müharibəsi zamanı və 2023-cü ilin elə həmin ayında lokal xarakterli antiterror tədbirləri çərçivəsində görülən işlərə verdiyi mühüm töhfələrə də xüsusi toxunmaq istərdim.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli sərkərdəliyi ilə tarixi qələbənin əldə edildiyi Vətən müharibəsi dövründə düşmənin bütün cəbhələrdə həyata keçirməyə çalışdığı təxribat-pozuculuq fəaliyyətinin, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mümkün təhdidlərin qarşısının alınmasında, Azərbaycan Ordusunun əməliyyat və əks-kəşfiyyat məlumatları ilə təmin olunmasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının danılmaz rolu olmuşdur.

2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı və ondan sonrakı vaxtda da yuxarıda qeyd olunan istiqamətlər üzrə mühüm işlər görülmüş, əhəmiyyətli nəticələr əldə edilmişdir. Belə ki, Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərk-silah edilmiş, tərəfimizdən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qondarma rejimin “rəhbər”lərinin gizləndikləri yerlər müəyyən edildikdən sonra onlar həbs edilərək cinayət məsuliyyətinə cəlb olunmuşlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhlükəsizlik orqanlarının fəaliyyətinə verdiyi yüksək qiymətin növbəti təzahürü olaraq, 2020-ci və 2023-cü illərdə aparılan hərbi əməliyyatlar dövründə və ondan sonra həyata keçirilən tədbirlər zamanı şəxsi şücaət və qəhrəmanlıq göstərdiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı ali mükafatlara layiq görülmüşdür. Böyük iftixarla qeyd edirik ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Qeyd olunan hərbi əməliyyatlarda göstərdiyi fədakarlığa görə Dövlət Təhlükəsizliyi Xidmətinin 7 əməkdaşı “Zəfər”, 14 əməkdaşı “Qarabağ” ordeni, xeyli sayda əməkdaşı başqa orden və medallarla təltif olunmuşdur.

Dövlət Təhlükəsizliyi Xidmətinin tarixində ən mühüm hadisə, heç şübhəsiz, məhz ötən ilin noyabr ayında ölkəmizin başçısının Xidmətin yeni inzibati binalarının açılışında iştirak etməsi idi. Möhtərəm Prezident binalarda yaradılan iş şəraiti ilə yaxından maraqlandı, müasir tələblər səviyyəsində qurulan kriminalistika, əməliyyat və şəbəkə idarəetmə otaqları ilə tanış oldu. Əməkdaşların gələcək fəaliyyətlərini lazımi səviyyədə həyata keçirəcəklərinə və üzərilərinə düşən vəzifələri bundan sonra da layiqincə icra edəcəklərinə inamını ifadə etdi.

Fürsətdən istifadə edərək, göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından dərin təşəkkürümüzü bildirir, Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik!

Fəxr duyuruq ki, fəaliyyətini daim Vətənə sədaqət amalları üzərində quran, Ümummilli Lider Heydər Əliyevin bu orqanlarda əsasını qoyduğu sarsılmaz ənənələri davamlı olaraq yaşadan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları bu il peşə bayramını ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş ölkəmizin və qalib xalqımızın qürurlu zamanında qeyd edir.

Yaradılmasından 105 il ötən, əsas məram və məqsədi ölkəmizin müstəqilliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün xarici və daxili təhdidlərdən qorunması olan Azərbaycan təhlükəsizlik orqanlarının bütün əməkdaşlarını, veteranlarımızı peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, doğma Vətən yolunda şərəfli xidmətlərində yeni-yeni nailiyyətlər diləyirəm!

Müzəffər Ali Baş Komandanı və xalqımızı əmin edirik ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti həvalə olunmuş tapşırıq və vəzifələrin layiqli şəkildə yerinə yetirilməsi, milli maraq və mənafelərin qorunması, dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması istiqamətində bundan sonra da gecə-gündüz çalışacaq, bunun üçün bütün imkanlarını səfərbər edəcəkdir!

phrase_var_article.chosen
143
24
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close