AZ

Mövqeyi kəskin dəyişdi: 180 dərəcə... - Əvvəl Azərbaycanı tərifləyirdi, indi isə...

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenə nə oldusa, alyansdakı yüksək vəzifəsini tərk etdikdən sonra oldu. Rasmussen hazırda Ermənistanın qatı tərəfdarına çevrilib, İrəvana səfəri zamanı Azərbaycan əleyhinə açıqlamalar verdi, məqalələr yazdı, ölkəmizi “etnik təmizləmə”də ittiham etdi. Bu “mövqe”yini indi də davam etdirir. Halbuki Rasmussen NATO baş katibi olduğu müddətdə Azərbaycanın ünvanına təriflər yağdırır, bizə minnətdarlığını bildirirdi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Rasmussen 2012-ci ilin sentyabrında Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşdən sonra ölkəmizi “NATO-nun mühüm tərəfdaşı” adlandırmışdı:

“Münasibətlərin sabit və müsbət olaraq inkişaf etdiyini bildirən Rasmussen Azərbaycan hərbçilərinin Əfqanıstandakı xidmətini yüksək qiymətləndirmişdi. Həmin vaxt “Biz hava məkanından istifadə və tranzit marşrutları vasitəsilə NATO-ya verdiyiniz siyasi dəstəyi də yüksək qiymətləndiririk”, deyən Rasmussen Azərbaycanın bu prosesdə iştirakını Əfqanıstan və regiondakı sabitlik üçün həyati əhəmiyyət daşıdığını vurğulamışdı. Rasmussen o zaman bu dəstəyə görə, Ermənistana yox, məhz Azərbaycana minnətdarlığını bildirirdi.

Bundan iki il sonra İlham Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında Rasmussenlə görüşdü. Rasmussen Azərbaycanla əməkdaşlıqdan yenə ağızdolusu danışdı. NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycana tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. NATO baş katibi Azərbaycanın Avropanın enerji təhlükəsizliyi, o cümlədən Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu dedi, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğuladı.

NATO-nun hazırki baş katibi Yens Stoltenberq də rəhbəri olduğu təşkilatın Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib, Bakıda müsbət fikirlər söyləyib. İnanmaq istərdik ki, o da vəzifəsindən ayrılan kimi Rasmussen kimi erməni lobbisinin təsiri altına düşməyəcək. Rasmussen isə keçmişdə rəhbəri olduğu quruma hörmətsizlik edir.

Alyans rəsmiləri və NATO Parlament Assambleyası bütün açıqlama və bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib. İndi isə belə çıxır ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və Qarabağda suverenliyini bərpa etməsi NATO-nun keçmiş baş katibinin xoşuna gəlməyib. Bu, ikili standartdır.

NATO-nun hazırkı baş katibi Stoltenberqin mövcud vəziyyətlə bağlı Azərbaycana heç bir iradı yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü Rasmussenin NATO-ya baş katibliyi dövründə təmin etsəydi, onun da ölkəmizə qarşı iradı olmayacaqdı”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla