AZ

Sərhədlərin delimitasiyası: Bakı tələsdirir, İrəvan vaxtı uzadır

Sərhədlərin

Ermənistan hökuməti 1990-cı illərdən öz nəzarətində olan 4 kəndin Azərbaycana verilməsi planına görə hər tərəfdən təzyiqlərlə üzləşir. Azərbaycan tərəfinin fikrincə, qayıdış kifayət qədər sürətli baş vermir, bir çox erməni isə bunun ümumiyyətlə baş verib-verməyəcəyi ilə maraqlanır.

Reyting.az
xəbər verir ki, bu barədə “Eurasiya.net” yazıb.

Təhlildə qeyd olunur:

Baş nazir Nikol Paşinyan hökuməti martın ortalarında kəndləri birtərəfli qaydada geri qaytarmağa hazır olduğunu bildirmişdi. Paşinyanın tərəfdarları deyirlər ki, birtərəfli təhvil Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası paktının yekunlaşmasını sürətləndirmək üçün nəzərdə tutulmuş jestdir. Digərləri də bunu Bakının növbəti hərbi əməliyyatlara başlamaq üçün bəhanəsini inkar etməkdən ötrü qabaqlayıcı addım kimi qiymətləndirirlər.

Ermənistanın “Hraparak” qəzeti martın 25-də yazıb ki, Paşinyan, təmsil etdiyi “Vətəndaş müqaviləsi” Partiyasının üzvlərinə kəndlərin yaxın vaxtlarda təhvil veriləcəyini deyib. Lakin hakim partiyadan olan deputat Lilit Miniasyan “Azadlıq Radiosu”na bildirib ki, transfer üçün konkret vaxt müəyyən edilməyib.

Sözügedən 4 tərk edilmiş kənd 1991-ci ildə Sovet İttifaqı dağılan zaman Azərbaycanın Qazax rayonunun Ermənistanın şimalındakı Tavuş rayonu ilə həmsərhəd idi.

Hökumətin köçürmə planı Ermənistanda, xüsusən də yüksək təhlükəsizlik təhdidlərindən narahat olan Tavuş vilayətinin sakinləri arasında güclü reaksiyaya səbəb olub. Təhvil-təslim ermənilərin Ermənistanı Gürcüstanla birləşdirən magistral yolda gediş-gəlişini pozmaq potensialına malikdir.

Hazırda İrəvan-Tbilisi magistralının başqa bir hissəsi Bağanis kəndi yaxınlığındakı hərbi mövqelərin yanından keçir, lakin sürücülər həmin tıxanma nöqtəsindən qaçmaq üçün dolama yoldan istifadə edə bilərlər. Bundan əlavə, Rusiya təbii qazını Ermənistana gətirən boru kəmərləri tezliklə geri qaytarılacaq kəndlərin yaxınlığında yerləşir.

İrəvandakı müxalif siyasətçilər hökumətin təhvil-təslim planına müqavimət göstərir və deyirlər ki, hər hansı belə addım Ermənistanın milli təhlükəsizliyini zəiflədəcək, ölkənin Azərbaycanın yenidən hücumu ehtimalına qarşı həssaslığını artıracaq.

Nikol Paşinyan hesab edir ki, ərazilərin qaytarılması məsələsində Bakı ilə razılaşmaqdan imtina münaqişənin yenidən başlanması riskini daha da artırır. Onun fikrincə, sərhədin delimitasiyası sazişi ilə bağlı mübahisələrin tez həlli növbəti zorakılığın qarşısını almaq üçün ən yaxşı şansdır.

Baş nazir martın əvvəlində etiraf edib ki, 1991-ci ildə Qazaxıstanın Almatı şəhərində imzalanmış müqaviləyə əsasən, sözügedən dörd kənd həmişə Azərbaycanın tərkibində olub. Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndləri 1990-cı illərdə, 1994-cü ildə Almatı bəyannaməsi imzalandıqdan sonra başa çatan Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Ermənistanda təhvil-təslim məsələsi ilə bağlı daxili gərginliyin artması fonunda Azərbaycanda iqtidaryönlü media İrəvana münasibətdə qızışdırıcı xətt götürüb.

“Report.az”dakı şərhdə Ermənistan kəndləri tezliklə geri verməsə, Azərbaycan hərbçilərinin onları alacağına işarə edilib. Şərhdə təkcə dörd kəndin deyil, həm də Ermənistanla sərhəddə yerləşən və mübahisəli olan dörd kiçik Azərbaycan eksklav ərazisinin birtərəfli qaydada qaytarılmasına çağırışlar qaldırılıb.

“Ola bilər ki, Paşinyan sadəcə olaraq bu yaşayış məntəqələrinin Azərbaycan ərazisi olduğunu deməklə işi uzatmağa çalışır. Çünki bu bəyanat hələ heç nə demək deyil. Biz Ermənistanın baş nazirinin oxşar ritorikasını əvvəllər də bir sıra hallarda görmüşük, rəsmi Yerevanın sözləri və əməlləri üst-üstə düşmür”, - şərhdə deyilir.

Daha sonra vurğulanır: “Zaman Ermənistanın əleyhinə işləyir. Paşinyan öz qüdrəti və dövlətçiliyi haqqında düşünürsə, sözünü əməldə sübut edib, səkkiz kəndi qeyd-şərtsiz qaytarmalıdır. Əks halda, Ermənistan da, beynəlxalq ictimaiyyət də nə olacağını çox gözəl bilir və buna görə məsuliyyət daşıyırlar. Yəni Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz torpaqlarını hərbi işğaldan azad edəcək”.

Hökumətyönlü medianın diqqət çəkdiyi döyüşkən mövqe Bakı ilə Avropa İttifaqı institutları arasında söz savaşına yeni təkan verdi. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan mediasının Ermənistana qarşı endirməsinə cavab olaraq, Azərbaycanın yeni hərbi əməliyyatları ilə bağlı təhdidlərini “qəbuledilməz” adlandırıb.

"Sərhədin delimitasiyası ilə bağlı həqiqi danışıqlara ehtiyac var və bütün ərazi mübahisələri dinc yolla və razılaşdırılmış prosesin bir hissəsi kimi həll edilməlidir", - Klaar “Twitter” kimi tanınan platformada yazıb.

Klaarın şərhlərinə reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliyi faktiki olaraq Aİ nümayəndəsinə istirahətə yollanma təklif edib. XİN sözçüsü Ayxan Hacızadə bildirib ki, Klaar “qərəzdən yaxa qurtara bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı legitim diskursda pis şeyləri görür, amma erməni mediasında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına tamamilə göz yumur”.

Y. QACAR
Seçilən
13
Mənbələr
Şərh ()
Bağla