AZ

Ataa Caber: “Yenidən oynamağa hazıram”

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi”nin və Fələstin millisinin yarımmüdafiəçisi Ataa Caber zədəsini sağaldıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu uzun fasilədən sonra kollektivlə birlikdə məşqlərə başlayıb.

Yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında artıq özünü yaxşı hiss etdiyini bildirib: “Yenidən oynamağa hazıram. Bərpa prosesi bir az çətin keçdi. Çünki sağaldıqdan sonra çıxdığım ilk oyunda yenidən eyni yerdən xəsarət almışdım. Eyni prosesi keçməli oldum. Üç aylıq fasilədən sonra bura qayıtdım”.

Caber Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qəbələ” ilə səfər qarşılaşmasında qələbəni hədəflədiklərini söyləyib: “Hazırda kollektiv şəkildə “Qəbələ” ilə qarşıdakı oyuna köklənmişik. Düşünürəm ki, həmin matçda qələbə qazana biləcəyik. Ondan sonra növbəti qarşılaşma barədə danışmaq olar”.

Ataa Caber 2022-ci ilin iyul ayından “Neftçi”nin formasını geyinir. O, indiyə qədər paytaxt təmsilçisinin heyətində bütövlükdə 53 oyuna çıxıb. O, bu oyunlarda 8 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Yarımmüdafiəçi karyerası ərzində daha öncə “Bney Saxnin”, “Makkabi” (Hayfa), “Aşdod” kimi klubların da formasını geyinib. Daha öncə İsrailin U-19 və U-21 yığmalarında oynamış Caber, 2023-cü ildən Fələstin milli komandasının uğurları üçün çalışır. O, Fələstin yığmasında 4 oyuna çıxıb.

Xatırladaq ki, martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyununa saat 16:30-da start veriləcək. “Qəbələ” Premyer Liqada 27 turdan sonra 16 xalla sonuncu pillədə qərarlaşıbsa, “Neftçi” 40 xalla 3-cüdür. “Ağ-qaralar” lider “Qarabağ”dan 26 xal geri qalırlar.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla